Türkiyədə törədilən terror aktının Rusiya-Türkiyə barışığından dərhal sonra reallaşması, məlum terror aktının iki dövlət arasındakı münasibətlərin normallaşmasından məmnunluq duymayan Qərb ölkələrinin xüsusi xidmət orqanları tərəfindən törədilə biləcəyi ehtimalına yol açıb.
Moderator.az-a
açıqlamasında məlum iddianı dəyərləndirən politoloq Zərdüşt Əlizadə bu
ehtimalın o qədər də inandırıcı olmadığını vurğuladı:
“Türkiyədə terror aktları
ardıcıllıqla, müntəzəm şəkildə ölkənin hər yerində baş verir. Türkiyənin şərqində
də, Suriya sərhəddində də, böyük şəhərlərdə də və s. bu cür terror aktlarına
şahid olmaq mümkündür. Bu baxımdan mən son terror aktının qeyd etdiyiniz məsələ
ilə bilavasitə bağlılığını görmürəm. Türkiyənin nə İsrail, nə də Rusiya ilə
münasibətlərinin normallaşması terror aktlarına səbəb deyil.
Terrorun üç əsas səbəbi
var ki, bunlardan birincisi hökumət tərəfindən yürüdülən iqtisadi, siyasi,
ictimai, mədəni, milli siyasətin yanlışlığıdır. Ikincisi, terror olayları dövlətin
təhlükəsizlik orqanlarının yarıtmaz fəaliyyətini göstərir. Üçüncüsü, bu, ölkəni
dağıtmaq istəyən qüdrətli xarici dövlətlərin, onların səriştəli xüsusi xidmət
orqanlarının dağıdıcı fəaliyyətini davam etdirildiyini ortaya qoyur. Türkiyədə
baş verən terror aktlarını məhz bu baxımdan nəzərdən keçirmək daha doğrudur”.
Seymur Əliyev