Türkiyədə Atatürk hava limanında törədilən terror aktı dünəndən etibarən bütün dünyanın diqqət mərkəzindədir. Terror aktının İŞİD tərəfindən tördilməsi iddia edilsə də, bəzi ekspertlər bunca mürəkkəb terror aktının daha hazırlıqlı Qərb, yaxud Rusiya xüsusi xidmət orqanı tərəfindən törədildiyi ehtimalının daha inandırıcı olduğu qənaətindədir. Onların fikrincə, xüsusi mühafizə olunan bir əraziyə birdən-birə üç terrorçunun silah və bombalarla daxil olmasını təmin etmək ciddi informasiya və əlaqələr tələb edir ki, İŞİD-in bunun öhdəsindən təkbaşına gələ biləcəyi sual doğurur.
Maraqlıdır, Türkiyədə son
terror olayının arxasında hansı dövlət var? İŞİD təkbaşına belə bir əməliyyat
reallaşdıra bilərmi?
Moderator.az-a açıqlama
verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hələlik
hansısa dövləti bu terror aktında ittiham etmək üçün gərəkli əsas olmadığını
vurğuladı:
“Bu terroru hansısa dövlətin
ayağına bağlamaq düzgün olmaz. Çünki hansısa dövləti terrorda ittiham etmək
üçün əldə çox ciddi faktlar, əsaslar olmalıdır. Ən azından dolayı faktlar
olmalıdır ki, bu da hələlik yoxdur. 11 sentyabr kimi ciddi terror aktının "Əl-Qaidə" kimi terror təşkilatı tərəfindən törədilməsinin şahidi olmuşuq ki, İŞİD ondan
heç də zəif təşkilat deyil. İstənilən dövləti, o cümlədən, ABŞ, Rusiya, Suriya
və s. dövləti o zaman terrorda ittiham etmək olar ki, əldə ciddi dəlillər
olsun. Hələlik məlum olan budur ki, bu terror aktını İŞİD törədib”.
Seymur Əliyev