Atatürk hava limanında 36 nəfər ölümünə, 147 nəfərin yaralanmasına səbəb olan partlayış haqqında müxtəlif fikirlər səsləndirilir. Səsləndirilən fikirlərin əksəriyyəti də Atatürk hava limanının təhlükəsizlik xidmətinin işinin aşağı səviyyədə təşkil olunması ilə bağlıdır.
Maraqlıdır, səsləndirilən fikirlər həqiqətə nə qədər uyğundur? Gerçəkdən də, Türkiyədə ard-arda terror hadisələrinin törədilməsinə baxmayaraq, hava limanı lazımi səviyyədə qorunmayıb?
Keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər Moderator.az-a açıqlamasında səsləndirilən fikirlərə aydınlıq gətirib.
S.Əkbər bu hadisədə təhlükəsizlik qüvvələrinin yox, kəşfiyyat xidmətinin işinin lazımi səviyyədə olmamasını qeyd edib:
“İlk növbədə onu qeyd etmək lazımdır ki, terrorizmlə mübarizədə ən önəmli məsələ kəşfiyyatdır. Yəni terror hadisəsinin törədiləcəyi barədə vaxtında dəqiq kəşfiyyat məlumatının əldə edilməsidir. İkincisi, bu kəşfiyyat məlumatının çox sürətli bir şəkildə təhlükəsizlik qüvvələrinə çatdırılmasıdır. Üçüncüsü də, təhlükəsizlik qüvvələrinin önləm alması, qabaqlayıcı tədbirlər görməsidir. Bunu hər zaman diqqətə almaq lazımdır.
Konkret bu hadisəyə gəldikdə isə, verilən məlumatlar tam dəqiq olmasa da, həmin 3 nəfər silahlı şəxs təhlükəsizlik qüvvələri ilə atışıb. Yəni onlara qarşılıq verilib, hətta onlardan biri vurulduqdan sonra yaralı vəziyyətdə üstündəki partlayıcı qurğunu partladıb. Mənim fikrimcə, təhüləsizlik qüvvələri burada vaxtında reaksiya veriblər. Sadəcə olaraq görünür ki, öncədən kəşfiyyat xidməti olmayıb, olubsa da ümumi məlumat olub, dəqiq hədəf göstərilməyib. Əks halda tədbirlər görülə bilərdi”.
S.Əkbər onu da vurğulayıb ki, terrorla effektiv mübarizə aparmaq üçün kəşfiyyat xidmətləri arasında beynəlxalq əməkdaşlıq olamlıdır:
“Ümumiyyətlə o ölkələrdə terrorla bağlı effektiv tədbirlər görülə bilir ki, o ölkədə səmərəli fəaliyyət göstərən kəşfiyyat xidməti var. Burada ən ciddi məsələ kəşfiyyat xidmətləri arasında beynəlxalq əməkdaşlığın olmasıdır. Hələlik biz bunu görmürük. Terror artıq qlobal hadisədir və qlobal problemlə mübarizə üçün də qlobal əməkdaşlıq tələb olunur. Bu barədə çağırışlar olsa da, dünya birliyinin hələ ki, real addım atdığının şahidi olmuruq. Ona görə də bir daha təkrar edirəm, nə qədər ki, qlobal əməkdaşlıq yoxdur, effektiv işləyən kəşfiyyat yoxdur və vaxtında təhlükəsizlik qüvvələrinə bu barədə məlumat çatdırılmır, ən üst səviyyədə belə təhlükəsizlik tədbirləri görülsə belə, terrorun qarşısını almaq mümkün olmayacaq”.
Rumiyyə