Azərbaycan mediası ilə bağlı əsas problemlərdən biri medianın ictimai maraqların müdafiəsində hansı səviyyədə dayanması, bu maraqları nə dərəcədə müdafiə etməsi ilə bağlıdır.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev medianın indiki ağır şərtlər altında belə ictimai maraqların müdafiəsinə cəhd etdiyini vurğuladı:
“Ictimai maraq məfhumunun özü Azərbaycanda yayqın deyil. Yayqın olan dövlət maraqları, bu maraqların müdafiəsidir. Dövlətin bir sıra sektorlarda gücü həddindən artıq böyükdür. Ikincisi, biz həmişə deyirik ki, medianın müstəqilliyi ilə bağlı ciddi problemlər var. Hökumət özü də bunu etiraf edir. Mayın 31-də Avropa İttifaqının keçirdiyi bir tədbirdə Əli Həsənov demişdi ki, ilk növbədə Azərbaycan mediasının özünün iqtisadi dayanıqlılığı olmalıdır. Jurnalistlərin professionallıq səviyyəsi yüksəlməlidir. Yalnız bundan sonra biz qanunvericilikdə diffamasiya ilə bağlı dəyişiklikləri həyata keçirə bilərik. Ə.Həsənovun bu açıqlamasından da görünür ki, rəsmi şəkildə dərk və qəbul olunur ki, medianın müstəqilliklə bağlı ciddi problemləri var. Müstəqiliklə bağlı problemi olan, öz sərbəst fəaliyyətini təmin edə bilməyən media ictimai maraqların müdafiəsində lazımi səviyyədə dayana bilməz. Amma bütün bunlarla yanaşı, medianın korrupsiya məsələlərinə, adi vətəndaşların sosial problemlərinə, məmurlar tərəfindən vətəndaşların hüquqlarının tapdanmasına yetirdiyi diqqət ictimai marağın müdafiəsinə yönəlmiş cəhdlərdir. Yəni bugünkü müstəqillik və imkanlar səviyyəsində media ictimai maraqların müdafiəsinə cəhd göstərir. Media məhkəmələ və digər əlaqədar strukturlarla müqayisədə bu funksiyanı daha ciddi şəkildə yerinə yetirir”.
Seymur Əliyev