14 ildir ki, 30 iyun Azərbaycanda Sevgililər
günü kimi qeyd olunur. Bu günü qeyd edənlər Şəhidlər Xiyabanına gedərək, İlham
və Fərizənin məzarını ziyarət edirlər.
Görəsən, 30 iyun Sevgililər Gününün
təşəbbüskarı olan jurnalist Əvəz Zeynalı bu müddət ərzində gözlədiyi nəticəni
ala bilibmi? Ümumiyyətlə Sevgililər Günü ilə bağlı təşəbbüs özünü doğrulda
bilibmi?
Əvəz Zeynallı Moderator.az-a açıqlamasında bildirib
ki, hələ gediləsi yol çoxdur:
“Biz o vaxt gözlədiyimiz nəticəni alacağıq ki,
30 iyun bütün Azərbaycanda və Türk, İslam dünyasında qeyd olunacaq. Ona qədər
hələ yolumuz var. Amma yenə də bir ölkədə, bir dövlətdə 14 il əzab, əziyyətdən
sonra bu səviyyədə olsa belə bunun özü böyük uğurdur. 30 iyun kiçik bir qəzetin,
kiçik kollektivin, bir neçə şəxsin bir ölkəyə hədiyyə etdiyi bayramdır. Bütün hallarda
məmnun edici gəlişmələr var.
Tam nəticəni ala bilməməyimizdə həm sevginin
və sevgililəır gününün qədir qiymətini bilməməyimizin səbəbi var. Həm də
əlimizdə inzibati və böyük media resursları yoxdur. Son 5 ildə mənim həbsimlə
bağlı bu məsələdə ciddi irəliləyiş olmadı. Demək olar ki, son beş ili hesab
etməsək, 9 ilə bu məsələdə nəyəsə nail olmuşuq. Həm özümüzün, həm də dövləti və
mətbuatı idarə edən güclərin laqeyidliyinə görə tam effekti əldə edə
bilməmişik. Ancaq media, TV kanalları bu günə sarılsalar, bu günün əhəmiyyətini
bilsələr, bu gün daha tez yayılar. Təsəvvür edin ki, nə zamansa prezident bir
fərman verə və sevgililər günü haqqında bir söz işlədə, təsəvvür edin o zaman
nə olar.
İnanıram ki, yaxın zamanlarda Azərbaycan rəhbərliyi bu gün haqqında ciddi addımlar atacaq. Nə zamansa olacaq, sadəcə geci, tezi var. Amma bir məsələ aydındır ki, 30 iyun Sevgililər Günü artıq bütün Azərbaycan xalqının ən əziz günlərindən biridir”.
Qeyd edək ki, hər il olduğu kimi bu gün də
saat 18:00-da Sevgililər gəzintisi təşkil olunacaq, İlham və Fərizənin məzarı ziyarət
olunacaq. Gəzintiyə qoşulmaq istəyən hər kəs dəvətlidir.
Zəhra