Məlum olduğu kimi, Azərbaycanın ən iri pivə istehsalçılarından olan “Baltika-Bakı” cari ilin 15 avqust tarixindən etibarən öz fəaliyyətini dayandıracaqğını açıqlayıb və bunu mövcud iqtisadi durumla əlaqələndirib.
Maraqlıdır, hökumət lazımı tədbirlər görməyəcəyi təqdirdə yaxın gələcəkdə daha bir neçə istehsal müəssisəsinin öz fəaliyyətini dayandırması mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev yerli istehsal müəssisələrinin qorunmasının vacibliyinə diqqət çəkib:
“Böhran dövründə istehsal müəssisələrinin qorunmasına diqqət yetirmək lazımdır. Hökumət böhran dövründə vergilərin artırılmasına yol verməməlidir. Güzəştlər tətbiq etməlidi, ucuz maliyyəyə çıxışla bağlı proqramlar hazırlamalıdır.
Azərbaycan kimi neft ölkəsində qeyri-neft sektorunun inkişafı şərtləndirən addımlardan biri qeyri-neft istehsalını gücləndirməkdir. Pivə istehsalı da qeyri-neft sektoruna aiddir. Baxmayaraq ki, bu, xarici şirkətdir, amma Azərbaycanda istehsal olunurdu. Bu, həm insanların işlə təminatı, həm də büdcəyə vergi ödəmək baxımından mühüm önəm kəsb edirdi. Hesab edirəm ki, hökumət bu şirkətlə danışıqlara getməlidir. Konkret olaraq hansısa narazılıq varsa, narazılıq doğuran məsələlər müzakirə edilməlidir. Mən demirəm ki, hökumət hansısa sahibkarın tapşırıqlarını yerinə yetirməlidir. Xeyr. Lakin ən azından dialoqa getməli, problemin obyektiv və subyektiv tərəflərini araşdırmalıdır”.
Seymur Əliyev