Moderator.az xəbər verir ki, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib. Komitənin rəhbəri, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, biz ötən həftə ömürlük məhbuslarla bağlı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət etmişik, cavab gözləyirik: “Biz beynəlxalq qurumlara müraciət etmək istəmirik, bütün problemlərin öz ölkəmizin daxilində həll olunmasına tərəfdarıq, öz ölkəmizdə haqq-ədalət sistemi bərqərar olmalıdır və olacağına da inanırıq. Bizim problemləri nə üçün kimlərsə kənardan gəlib həll etməlidir? Nə üçün özümüz həll etməli deyilik? Bir neçə gündən sonra Müqəddəs Ramazan Bayramı gəlir. Biz istərdik ki, hörmətli Mehriban xanım Əliyeva bu mübarək gündə mərhəmət nəzərlərini ömürlük məhbuslara yönəltsin”.
Sonra ömürlük məhbusların bir sıra problemləri müzakirə olunub. Vəkil
Əsəbəli Mustafayev bildirib ki, Qarabağ partizanlarından Məmməd Məmmədovun
saxlanma şəraiti çox ağırdır. Bununla bağlı Qobustan həbsxanasına, Ombudsman
aparatına dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməyib.
Müdafiə komitəsinin üzvü
Müslümat Rzaxanova diqqəti ömürlük məhbus Vüqar Əliyevin məsələsinə cəlb edib. Vüqar
Əliyev məşhur “Lamiyə Quliyeva işi” üzrə həbs olunub. Həmin iş
ictimailəşdikdən, Lamiyə Quliyeva azadlığa çıxdıqdan sonra hamı tezliklə tam
günahsız Vüqar Əliyevin də azad olunacağını gözləyirdi. Amma gözəgörünməz əl bu
gün də onu həbsdə saxlayır, saxlanma şəraiti pisdir, işgəncələrə məruz qalır.
Onun bu günlərdə bu haqsızlıqlara etiraz olaraq damarlarını doğraması və ağır
vəziyyətdə xəstəxanaya yerləşdirilməsi məlum olub.
Müdafiə Komitəsinin üzvləri bir sıra digər məsələləri də müzakirə
ediblər. Xüsusi olaraq vurğulanıb ki, ömürlük məhbus Natiq Mirzəyev ağır
xəstədir, xəstəliyinə uyğun olaraq müalicə almaq imkanından məhrumdur.