“ACT Azərbaycan” şirkəti Ramazan ayı ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib.
Moderator.az-a şirkətdən verilən məlumata görə, 12-15 iyun tarixlərində Bakı şəhərində keçirən sorğuda 400 respondent iştirak edib.
Sorğunun nəticələrinə əsasən, paytaxt əhalisinin 13%-i Ramazan ayında iftar süfrəsinə orta hesabla 3-10 manat, 8%-i isə 11-20 manat xərc çəkir.
Rəyi soruşulan respondentlərin 33%-i Ramazan ayında oruc tutduğunu bildirib. Oruc tutanların yarıdan çoxunu qadınlar təşkil edir (59%).
Ən çox oruc tutanlar 35-44 yaş arasında olanlardır. Bu yaş qrupu ümumi oruc tutanların 29%-ni təşkil edir. İkinci pillədə nisbətən cavan nəsil - 25-34 yaş qrupu yer alıb (26%).
Ən aşağı göstərici isə ahıl insanların yaş qrupundadır. 65 və yuxarı yaşlı insanların cəmi 6%-i Ramazan ayında oruc tutur.
Bakı sakinlərinin 8%-i qeyri-müsəlman olduğu üçün, 59% isə bəzi səbəblərdən oruc tutmur. Oruc tutmayanlar, əsasən, səhhətində problem olanlar (35%), iş şəraitinin uyğun olmadığını deyənlər (9%), körpəyə qulluq edənlər və hamilələrdir (3%).
25% şəhər sakini son 5 ildə mütəmadi olaraq oruc tuduğu halda, 29% isə ümumiyyətlə, oruc tutmayıb. Bakı sakinlərinin 14%-i 10 ballıq şkala üzrə 5 balla özünü dindar hesab edir. 4% sakin isə dinə mövqeyini 0 balla qiymətləndirir.
Paytaxt sakinlərinin 76%-i özünü İslam dininin şiə məzhəbinə aid edir. İkinci pillədə sünni məzhəbi (16%) yer alıb. Daha sonrakı pillələrdə deistlər (0,8%) və pravoslav xristianlar (0,7%) qərarlaşıblar.