Avropa Məhkəməsi iyunun 30-da Azərbaycanla bağlı 18 iş üzrə qərar elan edib. Məlumata görə, Avropa Məhkəməsi Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli, Bəhruz Həsənovun şikayətini təmin edib.
Məhkəmə tərəfindən onların
hüquqlarının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə
araşdırması hüququ), 7-ci (qanunsuz cəza) və 11-ci (sərbəst toplaşmaq azadlığı
hüququ) maddələr üzrə pozulduğunu qəbul olunub.
Maraqlıdır, Avropa Məhkəməsinin
bir gündə Azərbaycanla bağlı 18 iş üzrə qərar qəbul etməsi, Azərbaycan məhkəmələrinin
bu işlərə ədalətli baxmamasını təsbit etməsi Azərbaycan məhkəmələrindəki kütləvi
saxtakarlığın təsdiqi sayıla bilərmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən ehtiyyatda olan ədliyyə generalı, Milli Şuranın
hüquq komissiyasının sədri Vidadi Mirkamal bu faktın Azərbaycanda hər kəsə bəlli
olduğunu vurğuladı:
“Azərbaycanda yaşayan hər
kəs bilir ki, ölkəmizdə məhkəmə sistemi öz müstəqiliyini çoxdan itirib. Azərbaycan
məhkəməsi qanun deyil, sifariş əsasında fəaliyyət göstərir. Bunu dünya
bilmirdi. Avropa Məhkəməsinin çıxardığı qərarlar dünyaya da göstərdi ki, Azərbaycanda
müstəqil məhkəmə sistemi yoxdur. Əgər ölkədə demokratik təsisatlar yoxdursa,
demokratik seçki yoxdursa, parlamentin özü demokratik və müstəqil deyilsə, təbii
ki, məhkəmə sisteminin müstəqilliyindən danışmaq gülüncdür. Hər bir halda Azərbaycanın
beynəlxalq aləmdə bu dərəcədə rüsvay edilməsi, Azərbaycandan olan bunca işlə
bağlı qətnamənin ləğv olunması Azərbaycan dövlətinə başucalığı gətirmir.
Azərbaycan 2000-ci ildə
elan etdiyi məhkəmə islahatını yarımçıq qoydu. Bu gün ölkədə məhkəməni seçən,
onu tənbeh edən orqanın başında ədliyyə naziri dayanır. Əgər ədliyyə naziri məhkəmə
sistemində söz sahibidirsə, bu halda məhkəmənin müstəqilliyindən danışmaq
yersizdir”.
Seymur Əliyev