Millət vəkili Aydın Mirzəzadə Moderator.az-a açıqlamasında konstitusiyaya təklif edilən dəyişiklikləri şərh edib. Millət vəkili bu dəyişikliklərin Azərbaycanın inkişafına tam cavab verdiyini bildirib:
“Bu dəyişiklik çağdaş Azərbaycanın
inkişaf tələblərinə cavab verir. Azərbaycanın əhalisinin sayı 10 milyona
yaxınlaşır. Biz əhalisinin sayı çox olan ölkəyə çevrilməkdəyik. Iqtisadiyyatımız
güclənir, beynəlxalq əlaqələrimiz genişlənir, beynəlxalq bazarlara çıxmaq
imkanlarımız artır. Bütün bunlar dəyişikliklərin həyata keçirilməsini vacib
edir. Bu dəyişikliklərin içərisində bir qrup məsələ var ki, bu məsələ
demokratik mühitin dərinləşməsinə, digər qrup məsələ isə idarəetmə mexanizminin
daha da çevikləşməsinə xidmət edir. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7
ilə qaldırılması praktikası dünyada var. Fransada, Türkiyədə uzun müddət
prezidentlərin səlahiyyəti 7 il olub. Rusiyada isə bu göstərici 6 ildir.
Iş burasındadır ki, dövlət
başçısı sadəcə cari məsələlərin həlli ilə məşğul olmur. Təmsil etdiyi ölkənin
strateji inkişaf proqramının cəmiyyət tərəfindən dəstəkləndiyi təqdirdə, bu
planı həyata keçirir. Bir sıra hallarda bu proqramların həyata keçirilməsində 5
il azlıq təşkil edir. Hesab edirəm ki, 7 il optimal bir müddətdir.
Bu gün Azərbaycan
iqtisadiyyatının yenidən qurulması, beynəlxalq birlikdə nüfuzunun artması,
Silahlı Qüvvələrinin günün tələbləri səviyyəsinə qaldırılması, Azərbaycanın
regionda iqtisadi-maliyyə-siyasi mərkəzə çevrilməsinə dair bir çox uğurlu layihələr
hyata keçirilməkdədir. Bu baxımdan dövlət başçısının səlahyyət müddətinin 7 ilə
çatdırılması bu proqramların uğurla başa çatdırılmasına xidmət edir”.
Seymur Əliyev