Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.
Maraqlıdır, indiki həssas məqamda Türkiyə ilə hərbi yaxınlaşma Azərbaycana nələr vəd edir?
Moderator.az-ın bu sualına hərbi ekspert Azad İsazadə aydınlıq gətirib.
A.İsazadə bu qərarı hərbi baxımdan çox müsbət qiymətləndirib:
“Birincisi, Azərbaycan üçün Türkiyə kimi dövlətin güclü ordusunun təlim mərkəzindən olsa belə istifadə etmək, təcrübə mübadiləsi aparmaq və s. müsbət haldır. İkincisi, Bakıya yaxın ərazidə yerləşən hərbi aerodrom sabah Bakının təhlükəsizliyini təmin edən amillərdən biridir. Bu baxımdan Türkiyə ilə hərbi yaxınlaşma sözsüz ki, müsbət haldır və Azərbaycan ordusuna hardasa bir yardımdır, köməkdir. Vaxtilə Bakı səmasında manevr edən Türkiyənin hərbi təyyarələrini yada salsaq, görərik ki, o vaxt Türkiyə Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Qarabağ məsələsinin həllində də birmənalı olaraq Türkiyənin mövqeyi bəllidir, Türkiyə bu məsələdə həmişə Azərbaycanın yanındadır. Türkiyə hərbçilərinin Azərbaycanda olması bu baxımdan da müsbət dəyərləndirilə bilər”.
Ekspert iki ölkə arasında hərbi yaxınlaşmanın mənfi tərəfindən də danışıb:
“İki ölkə arasındakı hərbi yaxınlaşmanınn sözsüz ki, təhlükəli tərəfləri də var. Təhlükəli nöqtələrindən biri odur ki, Rusiya ilə İran Azərbaycanda Türkiyənin hərbi mərkəzin yerləşməsinə bir qədər rəqabətlə yanaşacaqlar. Bu məsələ də daha çox siyasi məsələdir, nəinki hərbi. Amma yəqin ki, bu məsələ də hansısa formada öz həllini tapacaq”.
Rumiyyə