Azərbaycan mətbuat və maarif tarixinin ən zəhmətkeş simalarından biri Ömər Faiq Nemanzadənin “Molla Nəsrəddin”in yaranmasında Mirzə Cəlildən heç də az rolu olmayıb.
Moderator.az “Yada düşər xatirələr” rubrikasından Nemanzadə ilə bağlı iki faciəvi əhvalatı təqdim edir:
Bunlardan birincisi İstanbulun “Dar-üş şəfəq” məktəbində oxuyan zaman tələbə dostları ilə birgə üsul-idarəyə qarşı qaldırdığı qiyam olub. Belə ki, başqa tələbələrlə birgə onu da həbs edib şallaqlayırlar. 30 şallaqdan sonra huşunu itirən Öməri sonra elə o məktəbin həyətində zirzəmilərdə hazırlanmış təkadamlıq kameraya salırlar. Həmin kameranın yalnız yuxarısında çox kiçik bir nəfəslik olub ki, ordan da gündə bir dəfə para çörək və su verirlərmiş. O illəri Nemanzadə bu cür xatırlayır:
“ O zaman mənim payıma 30 zopa ilə, bir ay həbs düşdü. Zopalardan sonra yarım saata qədər olduğum yerdən qalxa bilmədim. Qalxandan sonra isə düz həbsə göndərildim. Bu həbs yadıma gələndə indi də diksinirəm.
Bu həbsxanaya döşək nədir, adicə həsir belə qoymazdılar. Buradakılar çörək nədir bilməz, adicə quru çörəyə belə, həsrət çəkərdilər. İşıq deyilən şey görünməzdi. Gecə ilə gündüz bilinməzdi. Bir aydan sonra oradan çıxdım. Zəiflikdən gəzə bilmirdim. 2 aya qədər xəstəxanada yatdım.
İki-üç ay qalıb sağ çıxan yoldaşlarımı isə tanımaq olmurdu. Çoxunun vücudu ərimiş, qurumuşdu”.
İkinci faciəvi səhnə isə 1902-ci ildə baş verən Şamaxı zəlzələsi ilə bağlıdır. O zaman Şamaxıda müəllim işləyən Ömər Faiq elə dərs deyən zaman zəlzələ baş verir. O, tikililərin altında axşama qədər huşsuz vəziyyətdə qalır. Axşam uşaqlarını aparmağa gələn valideyinlər yalnız saçlarından qalıqların altında adam olduğunu görüb onu dartıb çıxarırlar. O zaman Ömər Faiq dəhşətli susuzluq və ağrı içində olubmuş. Hətta başındakı qanını barmaqlarına vurub dodaqlarına çəkirmiş. O zaman gələcəyin Cumhuriyyət rəsmisi olacaq bacısı oğlu Əhməd Pepinov və anası da onun himayəsində idi. Şamaxıdakı zəlzələdən sonra ailəsini və bacısının ailəsini
(Əhməd Pepinovun anasını) götürüb dolanmaq üçün Tiflisə gedir. Məhz ondan sonra Ömər Faiqin Ömər Faiq Nemanzadə illəri başlayır.
Qeyd edək ki, Ömər Faiq əvvəlcə Axalsix, sonra Şəki və ən sonda Şamaxıda müəllim işləyib. Öz xatirələrində bu illəri əsasən xurafat, nadanlıqla döyüş illəri kimi xatırlayır və müəllim olduğu hər bir məktəbdə daha çox dini deyil, dünyəvi dəsrlərin tədrisinə nail olur. Amma təbii ki, o zaman xurafat özünün ən pik nöqtəsində idi. Təsəvvür edin ki, Mirzə Cəlilin bədii obraz kimi yaratdığı Şeyx Nəsrullah obrazı o zaman az qala bütün bölgələrimizdə var idi. Özü də bir yox, bir neçə yox, yüzlərlə... Ömər Faiq əfəndi öz xatirələrində faciəvi xurafatın dəhşətlərini bu cür ifadə edir:
“Külüllü tərəfində Şeyx Bilal əfəndi, Kürdəmir mahalında Şeyx Hacı Mahmud baba, Qaraqoyunlu səmtində Şeyx Hacı Mustafa şah, Qobustanda Şeyx Həmid paşa hökmran idilər. Bu həriflərin elmləri bir yana dursun, adi savadları belə, yox idi. Lakin camaat arasında böyük nüfuz və hörmətləri var idi. Camaat hökumətdən artıq bunlara tabe idi. Camaatın ən gözəl yeyəcəyi, mal-qarası sədəqə, nəzir, ehsan yolu ilə bunların qarınlarını dolandırırdı. Şeyx Həmid paşanın böyük qoyun sürüləri, at ilxıları, qaramal naxırları mahal çöllərini tutmuşdu. Buğda ilə dolu anbarları kiflənib yatırdı. Şeyxlərə təkcə avam kəndlilər deyil, şəhərlilər də hörmət göstərirdilər.
Qaraqoyunlu kimi böyük bir kənddə yarımçıq da olsa, bir məhəllə məktəbi yox idi. Burada və ətrafında camaat bütün fakir və xəyalını müridbazlıq adı ilə təriqət oyunlarına vermiş, əsəri-maarif bir yana dursun, köhnə üsul tədris elmlərindən də nişanə yox idi. Belə yerlərdə qadınların halı kişilərinkindən daha acınacaqlı, daha səfalətli, daha da ağır və qəmli idi. Buralarda qadınlar, möminlərin köhnədən bəri deyilən kimi, kişilərin və xüsusilə də şeyxlərin əyləncə və iş malları idi”¦
Bir çox şeyxin iki-üç şəri arvadı olduğuna baxmayaraq, şeyx hərəmxanası ”“ kiçik bir ölçüdə olsa da ”“ Soltan Həmidin o çox böyük hərəmxanasına oxşayırdı. Ayrılığı burda idi ki, soltan hərəmxanasına alınan qızlar və qadınlar pul ilə alınırdı, şeyxlərinki isə pulsuz olaraq nəziri-bəst və zövci-axər surətilə dolardı. Başqa təriqətdən xoşu gələn ərli arvadlar, qarnı ağrıyanlar, uşağı olmayanlar, ərlərinə küsənlər, göbəklərini yazdırmaq istəyənlər, şeyx yanındakı cavan müridlərə gözü düşənlər, ərləri fəqir və çirkin olanlar, məşğuliyyətsiz qalan dul arvadlar”¦ hamısı”¦ hamısı şeyx hərəmxanasına toplanardı.
Bir şeyxin boynuna düşən bu qədər tüfeylilərin, müftə yeyənlərin nə ilə yaşadıqlarına təəccüb edənlər, bir-iki kəndin deyil, bəlkə bütün mahalın nəzir, qurban, sədəqə və ehsan adları ilə şeyx üçün toplanan sürü, naxır və ilxıları görsələrdi, heç də çaşıb qalmazlardı. Biçarə avam kəndlilər mülkədarlar, bəylər, ağalar tərəfindən bəhrə və icarə adları ilə soyulduqlarından sonra qalan var-yoxlarını da bu cür oyunlarla ruhanilərə yedirirlərdi”.
Elmin Nuri