Məlum olduğu kimi, Türkiyədə son hərbi çevriliş cəhdində öldürülən qiyamçıların dəfni üçün “Xainlər məzarlığı” yaradılıb. Belə ki, həlak olan qiyamçıların məhz bu qəbiristanlıqda basdırılması təşkil ediləcək ki, bu da rəsmi Ankara tərəfindən qiyamçılara verilən xüsusi növ cəza hesab edilir.
Azərbaycanda necə, vətən
xainlərinin dəfni üçün belə bir məzarlığın yaradılmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama
verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu kimi məsələlərdə tələsik
addım atmağın yolverilməz olduğunu bildirib:
“Mən bu yanaşmanı düzgün hesab
etmirəm. Şübhəsiz, çevriliş cəhdinin doğru bir şey olmadığı bəllidir. Lakin bütün
proseslər sona qədər təhlil edilmədən, araşdırılmadan, hər kəsin fərdi məsuliyyəti
müəyyənləşdirmədən onların hamısına xain damğası vurmaq olmaq. Əsgərin borcu əmri
yerinə yetirməkdir. Əgər əsgər aldığı əmri yerinə yetirən zaman həlak olubsa,
ona xain damğasını necə vurmaq olar?
Hələ ki, proses tam
aydınlaşmayıb, məhkəmə keçirilməyib. Ilk gündən bu qədər insana belə bir möhür
vurmaq məncə ağır bir məsuliyyətdir. Onu da nəzərə almalıyıq ki, bu insanların
övladları var, onların gələcəyi var. Onlar illərlə bu damğa ilə yaşaya bilməzlər.
1937-ci ildə SSRİ-də vətən xain damğası vurulanlar 50-ci illərdə bəraət aldılar
və onların övladları da bəraət aldılar. Həmin vaxta qədər onlar bu ağır
ittihamın altında yaşadılar. Bir nəfərin xainliyinə görə onun övladlarının, nəslinin
bu damğa altında yaşaması doğru deyil. Türkiyədəki bu addımı tələsik atılmış
addım hesab edirəm.
Azərbaycanda belə bir
yeniliyə ehtiyac yoxdur və yaxşı ki, yoxdur. 30-cı illərdə xainlər qəbiristanlığı
yaradılsaydı, orda o dövrün ziyalıları dəfn ediləcəydi. Hansı ki, 50-ci, 60-cı
illərdə bəlli oldu ki, bunlar millətin qəhrəmanlarıdır. Ümumiyyətlə, vətən
xaini damğasını yalnız elə adamlara vurmaq olar ki, onun əməlləri bütöv bir
xalqa, neçə-neçə nəsillərə fəlakət gətirib. Bunu isə adətən zaman müəyyənləşdirir”.
Seymur Əliyev