Məlum olduğu kimi, konstitusiyaya təklif edilən dəyişikliklərdən biri də vitse-pezidentlik institutunun yaradılmasıdır. Hansı ki, bu postlara kimlərin təyin ediləcəyi artıq indidən ciddi maraq doğurmaqdadır.
Bu günlərdə mətbuata
açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, I
vitse-prezidentlik postuna ən layiqli namizəd M.Əliyevadır. Q.Həsənquliyevin
sözlərinə görə, M.Əliyevanın malik olduğu keyfiyyətlər onu bu post üçün əvəzedilməz
edir.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov da M.Əliyevanın xalq
və dövlət qarşısında böyük xidmətlər göstərdiyini, I vitse-prezident postuna
layiq olduğunu vurğulasa da, bu məsələdə son sözün məhz ölkə başçısına məxsus
olduğuna diqqət çəkib:
“Konstitusiyaya təklif
edilən dəyişikliklər cəmiyyətimizin və dövlətimizin inkişafı ilə bağlıdır.
Qanunlar, qanunvericilik inkişafla ayaqlaşmalıdır. Bu, olduqca vacibdir. Vitse-prezidentlik
postuna kimlərin təyinat alacağına gəlincə, bunların hamısı cənab prezidentin səlahiyyətində
olan məsələlərdir. Millət vəkilləri, siyasilər və s. bununla bağlı öz fikirlərini bildirirlər. Hamı
fikir bildirməkdə azaddır. Çünki biz demokratik, hüquqi dövlətdə yaşayırıq.
M.Əliyevanın I vitse-prezidentliyə layiqliyi ilə bağlı fikir səsləndirənlər, zənnimcə
bunu əbəs yerə səsləndirmirlər. Onlar öz fikirlərini əsaslandırıb səsləndirirlər.
Bu illər ərzində çox hörmətli həmkarımız, millət vəkili Mehriban xanımın fəaliyyəti
hər kəsin gözü önündədir. Hörmətli Mehriban xanımn beynəlxlq aləmdə beynəlxalq
təşkilatlarla, eləcə də Azərbaycan daxilində gördüyü işlər hamıya bəllidir. Mən
Xocalıdan olduğum, Dağlıq Qarabağı təmsil
etdiyim üçün deyə bilərəm ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı, xüsusilə
Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun gördüyü
işlər əvəzsizdir. Musiqimizin, muğamımızın, incəsənətimizin, tariximizin,
tarixi abidələrimizin tanıdılması istiqamətində onun gördüyü işlər misilsizdir.
Onun gördüyü işlərin siyahısını çox uzatmaq olar. Bu baxımdan Mehriban xanımın Azərbaycan
dövləti və xalqı qarşısında böyük xidmətlər göstərdiyi şübhəsizdir. Lakin qeyd
etdiyim kimi, təyinat məsələsi cənab prezidentin səlahiyyətində olan bir məsələdir
və bu baxımdan kimin hara təyinat alacağını zaman göstərəcək”.
Seymur Əliyev