Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il sentyabrın 26-da ölkədə ümumxalq səsverməsi (referendum) baş tutacaq. Referendum Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçiriləcək.
Tanınmış politoloq Cümşüd
Nuriyev Moderator.az-a açıqlamasında referendum zamanı Konstitusiyada ediləcək
dəyişikliklərə münasibət bildirib.
C.Nuriyev referenduma
çıxarılan məsələləri yüksək qiymətləndirdiyini qeyd edib:
“Əslində bu çox gözəl
işdir. Mən Azərbaycanda bəzi məsələləri anlaya bilmirəm ki, nədən buna biz qeyri - adi yanaşırıq. Birincisi, Azərbaycan cəmi 25 illik müstəqilliyi olan bir dövlətdir. Və çox maraqlıdır ki, hər 7 ildən bir konstitusiyaya dəyişikliklər olunur,
referendum keçirilir. Bu, Azərbaycanın götürdüyü bir yoldur. Bildiyimiz kimi
İslam dinində də 7 rəqəmi müqəddəsdir, insan həyatı da hər 7 ildən bir dəyişir.
Dövlət də bir canlı orqanizm olduğuna görə 7 ildən bir Azərbaycan
Konstitusiyasına dəyişikliklərin olunmasının da bir əsası var”.
Politoloq daha sonra ediləcək
dəyişiklikləri birmənalı qarşılamayanlara da münasibət bildirib:
“İkincisi, bu dəyişiklikləri
bu qədər üsyanla qarşılamaq bir qədər anlaşılmazdır. Bunu daha çox siyasi müstəviyə
çəkirlər. Əvvəla, Azərbaycan müstəqil dövlətdir, ikincisi nəyə görə biz başqalarını
təkrarlamalıyıq. Kimlərsə necə eləyirsə, biz ancaq onu kopyalayıb, olduğu kimi burada
həyata keçirməliyikmi? Bu, Azərbaycanın yeni bir imicidir, təqdimatıdır, həm də
birinci təqdimatı deyil. Azərbaycan dünyaya bir iqtisadi inkişaf modeli təqdim
edib. Buna parallel islahatlar modeli deyirlər və bu barədə Avropada da ingilis
dilində məqalələr çap etdirmişik. İkinci model Azərbaycanın dünyaya təqdim
etdiyi multikulturalizm modelidir. Bu da yeni bir modeldir. Üçüncü bir model olan
vitse prezidentlik üsuli idarəsi dünyadan fərqli olaraq Azərbaycana bir qədər yeni
yanaşmadır. Düzdür, dünyanın 120 dövlətində vitse prezidentlik var, bunların hərəsində
bir formadadır. Bəzilərində vitse prezidentlik seçilir, bəzilərində isə təyinatladır.
Amma bunların hamısında fərqli formada yanaşmalar var. Ancaq Azərbaycan yeni
bir modeli gündəmə gətirir”.
C.Nuriyev konstitusiyada
nəzərdə tutulan dəyişiklikləri 3 qrupa bölüb:
“Burada iki maddə
sırf iqtisadi dəyişikliklərdir. 29-cu maddədə bilavasitə xüsusi mülkiyyət
hüququna toxunmadan torpaqdan qanunsuz istifadə hüququ məsələsidir. Bu məsələ bizdən
fərqli olaraq dünyanın müxtəlif ölkələrinin konstitusiyasında öz əksini tapıb. Əkinaltı
torpaqların əkin dövriyyəsindən çıxarılıb, şəxsi istifadəyə verilməsi qanunsuz
məsələdir. Dünyada torpağa olan ehtiyac çox böyükdür, nədən Azərbaycan bu cürə
sərvətlərini itirməlidir. Bu qanuni bir məsələdir və bunu dərk etməyənlərin isə
öz problemidir. Digər dəyişiklik də 59-cu maddəylə, sahibkarlıq hüququ ilə
bağlıdır. Azərbaycan bazar iqtisadiyyatına keçib. Yeni iqtisadi qayda-qanunlar
var və buna uyğun olaraq da Azərbaycan sahibkarlığa uyğun hüquqi mühit, müstəvi
yaratmalıdır.
Digər dəyişikliklər də
siyasi sahədədir və dövlət quruculuğu sahəsi ilə bağlıdır. Daha doğrusu, dünyadakı
proseslərlə bağlı insan hüquqları sahəsində hardasa 22 maddəyə əlavələr və dəyişikliklər
var. Bunların 16-ı texniki, digərləri əsaslı dəyişiklikdir. Bir də dövlət
quruculuğu ilə bağlı yeni sistem gündəmə gətirilib. Bu, əsas yaş senzi ilə
bağlıdır, yəni gənclərə qadağa qoyulması komunizm ideyasından qalma bir üsul
idi. Nəyə görə gənclərə də seçilmək hüququ verilməsin, burada qeyri adi nə var
ki?! Dünyada bu sahədə də Azərbaycan bir ilkə imza atıb. Şərqdə ilk dəfə qadına
seçki hüququ verən bir xalq nədən 18 yaşlı bir gəncə seçilmək hüququ verməsin?!
Buna da çox qısqanclıqla yanaşmaq anlaşılmır. Burada hüquqi cəhətdən daha çox səhv
axtarırlar ki, iqtidarı nəyəsə yükləsinlər.
Bu dəyişikliklər dövlət
quruculuğu ilə bağlı yeni bir ideologiya gündəmə gətirir. Yadınızdadırsa, bu
yaxınlarda qloballaşma ilə bağlı akademik Mehdiyevin bir məqaləsi var idi, "Azərbaycanın dövlətçiliyinin
istiqamət inkişafları". O məqalədə qeyd olunurdu ki, Azərbaycanı
qloballaşma durumunda gözləyən təhlükələrin qarşısını almaq üçün bu addımlar
atılır. Baxın, Türkiyədə dövlət çevrilişinə cəhd oldu, böyük bir çaş-başlıq yarandı.
Bu, Azərbaycanda həm ikitirəliyə son qoyacaq, çünki burada birinci vitse
prezidentlə bərabər baş nazir də var, sonra spiker də var. Yəni varislik məsələsində,
siyasi hakmiyyətin ötürülməsində bir problem yoxdur. Yeni bir üsul, yeni bir
qayda gündəmə gətirilir”.
Politoloq sonda referendumu
alqışladığını və burada Azərbaycan dövlətinə ziyan gətirəcək hansısa bir məsələ
görmədiyini deyib:
“Bundan başqa tətbiq olunacaq
bu üsul özünü doğruldacaq, doğrultmasa da bunu ancaq gələcək göstərəcək. Amma nədən
yeniliyi bu cür qarşılamağa çalışırlar, anlamıram. Burada parlamentin səlahiyyətinin
azaldılmasından da söhbət getmir. Bizdə indiyə qədər Milli Məclisin buraxılması
ilə bağlı konstitusiyada hər hansı bir maddə yox idi. Amma indi hüquqi bir müstəvidə
ölkə daxilində hər hansı bir gərginlik, qarşıdurma yaradacağı tədqirdə, Milli Məclis
buraxılacaq. Yeni müstəqillik qazandığımız dövrdə biz bunu yaşamışıq. Milli Məclisə
prezident qarşıdurmada idi. Bir də burada ordu quruculuğu, silahlı qüvvələrlə
bağlı yeni addımlar atılır. Bu da dövlət quruculuğu üçündür. Çünki geostrateji
mövqeyinə görə Azərbaycanda bir çox dövlətlərin
siyasi maraqları var. Düzdür, keçən dəfə bununla bağlı dəyişikliklər oldu, amma
yenə də bir sıra dövlətlərin dini qurumlarının Azərbaycanda göstəmək istədiyi cəhdlərin
qarşısını almaqdan ötrü dövlət konstitusiyada dəyişikliklərə gedir. Nə qədər
ki, dövlət oturuşmayıb, bu dəyişikliklər də təbiidir.
Danışanların bir hissəsi
xaricdən aldıqları sifarişlə, bir hissəsi hüquqdan uzaq olduğuna görə, bir hissəsi
də öz siyasi ambisiyalarını ortalığa qoymaq üçün danışır. Bir hissəsi də açıq şəkildə
iqtidara mesaj göndərir ki, bax mən belə danışıram, amma mənə şərait yaratsaz,
belə danışamayacam. Müxalifətdə belə bir zümrə kifayət qədərdir. Təssüf ki,
jurnalistlərimizin də içində belələri var”.
Rumiyyə MİRASLAN