Böyük Britaniyanın "Daily Express" qəzeti Avropada turistlərin təhlükəsizliyi baxımından problemli ölkələrin reytinqini tərtib edib və Azərbaycanın adını terror riskinin orta olduğu ölkələr siyahısına salıb.
Maraqlıdır, Azərbaycanda terror riski həqiqətəndə mövcuddurmu? Yoxsa bu, daha çox siyasi məqsədlərdən irəli gələn bir açıqlamadır?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu terror riskinin yalnız Azərbaycana deyil, bütün dövlətlərə xas olduğunu vurğuladı:
“Terror riski həmişə, bütün ölkələrdə mövcuddur. Sadəcə, "Daily Express" qəzetinin bunu kimə, nəyə əsaslanaraq yazdığını bilmirəm.
Terror riskinin hesablanması prosedurları var. Bu prosedurları adətən peşəkar qurumlar, beyin mərkəzləri, anti-terror mərkəzləri həyata keçirir. Bu baxımdan həmin məqalədə kimin rəyinə əsasən belə bir fikrin səsləndirildiyini bilmirəm. Amma ümumiyyətlə götürsək, terror riskləri var. Azərbaycan geosiyasi qarşıdurmaların baş verdiyi məkana yaxındır, daha doğrusu, geosiyasi baxımdan bu bölgənin tərkib hissəsidir. Digər tərəfdən, geosiyasi qarşıdurmalar, terrorlar məişət zəminində icra olunur. Bu baxımdan görünür, Azərbaycan əhalisinin müsəlman əhalsi olması da nəzərə alınıb. Nəhayət, azərbaycanlıların bilavasitə münaqişə zonalarında iştirakı var. Hansı ki, bu da terror riskinin dəyərləndirilməsi baxımından rol oynayan amillərdən biridir”.
Seymur Əliyev