Tanınmış avtoritet Rövşən Lənkəranskinin ölümü ilə bağlı səslənən şərhlərdə diqqət çəkən ən maraqlı məqamlardan biri onun Rusiyada, Ukraynada yaşayan azərbaycanlıların probleminin həllində yaxından iştirak etməsi oldu. Tanınmışların sözlərindən belə məlum oldu ki, uzun illərdir ki, qürbətdəki soydaşlarımızın problemini məşhur avtoritetlər, qanuni oğrular qoruyub.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev məsələnin bu cür qoyuluşunun dövlət adına utancverici olduğunu vurğuladı:
"Maraqlıdır, əgər qürbətdəki azərbaycanlıların problemini qanuni oğrular həll edibsə, o zaman bu ölkələrdəki Azərbaycan səfirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi hara baxıb? Madam ki, soydaşlarımızın hüququnu kriminal qruplar qoruyur, o zaman diasporların, səfirliklərin, konsulluqların saxlanılmasına bu qədər vəsait sərf etmək nəyə lazımdır?
Xaricdəki soydaşlarımızın üzləşdiyi problemlərin həllinə yardım etmək Azərbaycan dövlətinin, onun xaricdəki müvafiq qurumlarının vəzifəsidir. Əgər bu qurumlar öz üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilmirlərsə, soydaşlarımız öz problemlərinin həlli üçün hansısa avtoritetlərə müraciət etmək məcburiyyəti qarşısında qalırsa, bu, sözügedən qurumların hansı vəziyyətdə olduğunu göstərir".
Seymur Əliyev