Rusiyanın Maliyyə Nazirliyi maraqlı təkliflə çıxış edib. Belə ki, nazirlik dövlətdən pensiya alan varlı şəxslərin pensiyadan məhrum edilməsinin vacib olduğunu bildirib. Nazirlik hesab edir ki, yüksək gəlirə malik olan bu şəxslərin əslində dövlətin verdiyi pensiyaya ehtiyacı yoxdur və bu, məntiqi baxımdan da qəbuledilməzdir. Rusiyanın maliyyə mütəxəssisləri hesab edir ki, pensiya ona həqiqətən də ehtiyacı olan şəxslərə verilməlidir.
Maraqlıdır, Azərbaycanda da yüksək gəlirə malik olan şəxslər pensiya hüququndan məhrum edilə bilərmi? Varlı təbəqənin pensiya hüququndan məhrum edilməsi nə dərəcədə düzgün addımdır?
Moderator.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bu məsələyə birmənalı yanaşmağın doğru olmadığını vurğuladı:
“Bu məsələyə birmənalı yanaşmaq çətindir. Pensiya almaq hər bir şəxsin hüququdur. Varlı insan da işləyibdir, öz gəlirinin müəyyən bir hissəsini dövlətə ödəyib ki, yaşlaşanda həmin pulu pensiya kimi əldə etsin. Bu pensiya həmin şəxslərin gəlirinin bir hissəsidir. Indi belə bir qadağanın tətbiq edilməsi onların hüququnun pozulması demək olar. Həmçinin, bu gün varlı olan bir şəxs sabah kasıb ola bilər və s.
Yaxşı olar ki, pensiya bir qədər ünvanlı olardı. Pensiyaya daha çox ehtiyacı olan şəxslərin pensiyasının artırılması daha təqdirəlayiq olardı. Bizdə vaxtiylə vəzifədə işləyən elə şəxslər var ki, indi pensiyaya çıxıblar və əllərinin altında bir neçə obyekt var. Bu insanların pensiyaya doğrudan da ehtiyacı yoxdur. Sosial ədalət baxımından pensiyaların ona daha çox ehtiyacı olan şəxslərə verilməsi daha doğrudur. Lakin hüquqi baxımdan varlı şəxsləri pensiya hüququndan məhrum etmək doğru deyil. Bu, pensiya sektorunda dövlətə qarşı inamsızlığın yaranmasına səbəb ola bilər. Insanlar düşünər ki, sabah dövlət onların da pensiyasını azalda, yaxud onları bu imkandan tamamilə məhrum edə bilər.
Hesab edirəm ki, ünvanlı sosial yardım vasitəsi ilə aztəminatlı ailələrə dəstək vermək olar. Lakin insanların məcburi surətdə pensiya hüququndan məhrum edilməsini doğru saymıram”.
Seymur Əliyev