Azərbaycan Yazıçılar Birliyinin rəsmi orqanı olan “Azərbaycan” jurnalını (2015 ci il, 2 say) Məmməd Orucun “Qısa qapanma” romanı ilə tanış olmaq üçün vərəqləyəndə qəribə və absurd mənzərənin şahidi oldum. “Qısa qapanma” romanından sonra Həmid Herisçinin şeirləri verilmişdi, amma o şeirlərdən birinin ciddi redaktə olunması ilə....
Əslində buna redaktə demək doğru deyil, çünki “Tərsa qızı” şeirinin sonunda bir hissə tamamilə çıxarılıb və bu, şeirin bədii keyfiyyətlərinə, mahiyyətinə ciddi kölgə salıb. O hissə isə ona görə ixtisara düşüb ki, orada “erməni qızı” ifadəsi və erməni adı var, Ermənikəndin də adı çəkilir.
Şeirin orijinalı belədir:
TƏRSA QIZI
Görmürsənmi necə
bu gecə
lapdan, qəfildən
yetim itləri dirildir,
ac pişikləri sevişdirir,
öz rəngini təkmilləşdirir
oğru-qatillərin göz bəbəklərində?
Qayalıqların ətəklərində?
Sonra kor ərəbin nəğməsinə çevrilir
"ANS - ÇM", "106 - FM" tezliyində?
Görmürsənmi necə
bu gecə
oğraşın birisiylə qumar oynayıb heç-heçə,
necə sakit, necə incə
pişikləri qoşub özünə
gedir Saray qəsəbəsindəki
anadangəlmə əlillərin tibb mərkəzinə,
humanitar yardım aparır ordakı
sonuncu erməniyə?
O tərsa qızı laldır,
Haçandı ki, xəstəhaldır,
Hərdən ayılıb baxır ətrafa,
ona hava çatmır, hava...
inanmazsan, anadangəlmə xəstə
bu tərsa qızıyla cur gəlmir,
gəlmir,
qapı ağzındakı tam milli
bizim aftafa!
Dünyanın bütün kilsələri
Avropanın bütün humanitar kilsələri
yardım göstərir bu lal erməni heykəlinə,
canındakı prezident səlahiyyətlərinə
kimsəni,
göylərdəki zəngsiz kilsəni
qatmır o...
ünvanına gəlmiş humanitar yardımla
bütün xəstəxananı
dolandırır o.
Humanitar yardımın canı sağ olsun,
Xəstələr yox, divarlar qoturdu
burda...
əlillər ki, altını batırır daim,
pəncərələr həmişə açıqdı burda...
Əbədi Bakı küləyi, bəli,
yaranır deyəsən burda -
- anadangəlmə şikəst, lal tərsa qızının
narahat yuxusunda!
Bakının sonuncu erməni qızı...
bilirəm, bakirəsən...
sevgilin yoxdu, evdəsən...
Azdramanın qalın səhnə pərdəsini
daim tərpədən Bakı küləyiylə birgəsən
həmişə.
Eləcə zillənmisən bir nöqtəyə...
Otaqdakı qara milçəyə
baxırsan Lenin heykəli yıxılan gündən...
Cərrah əlcəyi kimi tərtəmiz sifətində
gözlərimi dincəltdim
mən...
Bildim, bildim, day dinmə,
Kərəmin Əslisisən...
Hanı Kərəm? Neyçün təksən?
Bakıdakı Lenin, indiki "Azadlıq"
xiyabanı altından,
sən bilməzsən,
həmişə şəhərimizin bütün çirkab suları
axıdılıb...
Lenin ki, ay qız, bu qonşuluğa həmişə
fəlsəfi gözlə baxıb,
bəlkə keçmişə qayıdıb
o suları başqa yerə axıdaq biz, tərsa qızı?
Divarlara çırpaq nakamlığımızı...
Köçürdək bir-birimizdən imtahan suallarımızı,
Kapitalistlərin üstünə qısqırdaq
Öz gənc qvardiyamızı?
Köhnə sovet kitabxanasını görüş yerinə çevirib,
Sevişək orda, aşırdaq üstümüzə
bütün marksist klassikasını?
Qayıdasan
təzədən Ermənikəndə...
Gözəl erməni qızı olasan,
qəfildən qaça-qaça
küçəyə sıçrayasan,
evinizin qapısını arxanca özün çırpmayasan,
elə küləyə tapşırasan
bunu...
qucaqlayacam bax indicə uzun, incə boynunu...
Yaxandakı pioner ulduzunu.
Bağışla, bacarmadım sovet vaxtlarında bunu...
Həə, Anait Avestiyan, 1980 doğumlu tərsa qızı...
Bakirəsən,
sonuncu ermənisən bu şəhərdə...
göstər burdakı bütün əclaflara
Qız qalasına dərs verəsi
namusunu!!!
Ver ütüləyim, qırışmış
qırmızı pioner qalstukunu...
Komsomolçusan indi də sən, hə,
Komsomolçu!!!
Qaldır Bakı göylərinə sən
öz yumruğunu!
“Azərbaycan” jurnalında dərc olunan variantda isə “Qayıdasan
təzədən Ermənikəndə... Gözəl erməni qızı olasan”, “Həə, Anait Avestiyan, 1980 doğumlu tərsa qızı... Bakirəsən, sonuncu ermənisən bu şəhərdə...” hissələri çıxarılıb.
“Azərbaycan” jurnalının bu sayı Həmid Herisçinin yaradıcılığına bələd olan hansısa əcnəbinin əlinə keçsə, o adamda belə təəssürat yaranar ki, ölkəmizdə “ermənifobiya” var. Halbuki, Azərbaycanda yaşayan 40 min erməniyə “gözün üstə qaşın var” deyən yoxdur, Bakıda erməni kilsəsi fəaliyyət göstərir, Azərbaycan rəsmiləri isə Dağlıq Qarabağ problemindən danışanda hər zaman bəyan edib ki, biz Azərbaycan vətəndaşı olan ermənilərə hər zaman yüksək şərait yaratmağa hazırıq.
Məsələnin absurd tərəfi odur ki, Məmməd Orucun “Qısa qapanma” romanında azərbaycanlı ilə ermənin dostluğundan bəhs edilir, bu xalqların birgə yaşayacağına dərin inam ifadə olunur. Məhz buna görə də, hansısa nəticəyə gəlmək çətinləşir. Belə çıxır ki, Həmid Herisçinin şeirlərini lupa ilə oxuyan senzorlar Məmməd Orucun yazdıqlarına ümumiyyətlə diqqət yetirməyiblər.
Ehtimal olunan variantlardan biri də budur ki, “Azərbaycan” jurnalının poeziya bölməsinə cavabdeh şəxslər belə bir artıq hərəkətə və məsuliyyətsizliyə yol veriblər, qəzetin baş redaktoru İntiqam Qasımzadənin isə bundan ümumiyyətlə xəbəri olmayıb.
Yoxsa, niyə bir tərəfdə azərbaycanlılarla ermənilərin dostluğundan bəhs edən roman çap olunsun, digər tərəfdə isə erməni sözü kobud formada ixtisara düşsün. İstənilən halda, biabırçılıqdır.
Rəşad