Son vaxtlar ölkə mediasında bəzi güclərin Türkiyəni İraq və Suriyada uzunmüddətli aktiv hərbi əməliyyatlara cəlb etmək istədiyi ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, doğrudanmı hansısa güclər Türkiyənin belə bir üzücü müharibəyə cəlb edilməsində maraqlıdır? Türkiyənin bütün basqılara rəğmən bu ölkələrdə anti-terror əməliyyatları həyata keçirməsi hansı zərurətdən irəli gəlir?
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Mən düşünmürəm ki, hansısa qüvvələr Türkiyəni İraq və Suriyada müharibəyə cəlb edir. Türkiyə hökuməti özü çalışır ki, bu prosesdə geri qalmasın. Suriyada və İraqda hərbi bazalara malik olsun. Təbii, Türkiyənin bu niyyəti anlaşılandır. Son illər Türkiyəyə ən böyük təhlükə məhz Suriya və İraq ərazisindən gəlməkdədir. PKK, PYG-YPG kimi terror təşkilatlarının fəaliyyəti, onların Türkiyə daxilində terror hadisələri törətməsi Türkiyəni narahat etməyə bilməz. Terrorçular bu müdaxilələri İraq və Suriya ərazisindən həyata keçirdiyi üçün Türkiyənin də bu dövlətlərdə olmasında, burada anti-terror əməliyyatları həyata keçirməsinə ehtiyac var. Bu günlərdə Türkiyədə MHP lideri Dövlət Baxçalı belə bir fikir bildirdi ki, texaslı İraqda, Suriyada varsa, Türkiyə niyə bu ölkələrdə olmasın? Bu, haqlı və düzgün yanaşmadır.
Türkiyə ordusu Suriya ərazisində bufer zona yaradıb. Bir neçə şəhərdən DAEŞ terrorçularını qovub və orada möhkəmlənib. Bufer zonanın yaradılması ona görə vacibdir ki, həm Türkiyənin təhlükəsizliyi təmin olunsun, terrorçuların axınının qarşısı alınsın, həm də silahlı kürd qruplaşmaları birləşə bilməsin.
Bir müddət öncə bu ölkənin rəhbərliyinin dəvəti ilə türk hərbi təlimçilər İraqın şimalında DAEŞ-lə savaşmalaı üçün yerli silahlı birləşmələrə təlimlər keçib. Iraq hökumətinin baş naziri sonradan belə bir fikir bildirdi ki, Türkiyə Şimali İraqdan çıxsın. Amma Türkiyəni özləri dəvət ediblər və Türkiyə oradan çıxa bilməz. Çünki Türkiyə üçün həmin ərazidə yenə də təhlükə var. Türkiyə bu təhlükəni önləmək, terrorçuları yerindəcə neytrallaşdırmaq üçün bölgədə qalmaq və yerli silahlı qüvvələrə dəstək verməyə məcburdur.
Türkiyənin Osmanlı dövrünü bərpa etmək istədiyi ilə bağlı da fikirlər səsləndirilir. Osmanlı dövründə İraq və Suriyanın bir hissəsinin Osmanlı nəzarətində olduğu xatırlanır. Lakin şəxsən mən Türkiyənin belə bir iddiası olduğunu sanmıram. Iraq və Suriyada sabitlik olacağı, terrorçular neytrallaşdırılacağı təqdirdə Türkiyə ordusu bu dövlətlərədn çıxacaq. Lakin nə qədər ki, Türkiyə üçün bu dövlətlərdə təhlükə var, türk ordusunun bu ölkələrədn çıxacağını düşünmürəm”.
Seymur Əliyev