“Mənə açılan cinayət işi ilə bağlı hələ ki, bir yenilik, bir xəbər yoxdur. Bir dəfə prokurorluğa çağırıblar, ayaqüstü söhbət olub, bundan sonra mənə heç nə deməyiblər. Bu işlə bağlı təzə heç nə eşitmişəm”.
Bunu Moderator.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli bildirib.
Əkrəm Əylisli deyib ki, dünyanın yarısı onun belə hərəkətə yol verməyəcəyini bilir: “Bütün ölkə, bəlkə dünyanın da yarısı bilir ki, mənim belə hərəkətə yol verməyim mümkün deyil. Buna kim inana bilər?”.
Yazıçı yeni əsər yazıb-yazmaması ilə bağlı sualımızı da cavablandırıb: “Mən içimdə həmişə yazıram. İçimdə bir proses həmişə gedir. Belə olmasa yaşamaq mənə çətin olar. Neçə illərdir, buna öyrəşmişəm. Mən hər zaman real dünyada yox, o biri dünyada oluram. Mənə mövzu, süjet lazım deyil. Daxilimdən nəsə gələndə yazıram. İçimdə olanı yazıram. Mən mövzunu heç uydurmuram. İçimin ağrılarını yazıram. İndi daxilimdə bir şey var, amma bilmirəm, hekayə olacaq, povest, yoxsa roman”.
Əkrəm Əylisli son günlərdə baş verən hadisələrdən narahatlığını da dilə gətirib: “Bu gün baxıram İraqda 50-ə yaxın türkməni öldürüblər. İnsan olub bir köpük. İnsanın bu qədər dəyərdən düşməyi çox böyük dəhşətdir, xüsusən yazıçı üçün. İnsanları hər yerdə qırırlar, belə şeylər mənə çox ağır gəlir. İnsanların ümidləri üzülüb hər şeydən, uşağı məktəbə sağ-salamat gedib-gəlirsə buna da şükür edirlər”.
Rəşad