Ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin yalnız MTN-dəki fəaliyyəti deyil, ondan əvvəlki xidməti fəaliyyəti də “MTN işi” çərçivəsində araşdırılmaqdadır.
Bu barədə Moderator.az-ı özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, M.Şıxəliyevin MTN-dən öncəki fəaliyyəti ilə əlaqədar olaraq generalın keçmiş iş yoldaşları, sabiq rəhbərliyi və tabeçiliyindəki bir çox şəxslər dindirilib. Onlardan M.Şıxəliyevlə bağlı konkret suallara cavab istənilib, MTN generalı ilə bağlı fikir və təəssüratları soruşulub.
Bilgili qaynaq hesab edir ki, M.Şıxəliyevin sadəcə MTN-dəki deyil, ondan əvvəlki xidməti fəaliyyətinin də təftiş edilməsi azadlıqdakı MTN generalı üçün hazırlanan aqibətlə bağlı yaxşı heç nə vəd etmir. Görünən odur ki, hazırda azadlıqda olmasına baxmayaraq M.Şıxəliyevin adı “MTN işi”ndə kilid isimlərdən biri olaraq qalmaqdadır. Hansı ki, M.Şıxəliyevlə bağlı yekun siyasi qərar veriləcəyi təqdirdə MTN generalının həbsi bir anın içində reallaşa bilər.