Məlum olduğu kimi, “Qarabağ” futbol klubu Yunanıstanda PAOK-la keçirdiyi görüşdə qələbə qazanaraq 1/6 final üçün mübarizə şansını əhəmiyyətlə dərəcədə artırıb. Öz qələbəsi ilə Azərbaycan xalqına sevinc bəxş edən “Qarabağ”ın uğuru cəmiyyətdə, o cümlədən siyasilər, millət vəkilləri arasında da böyük ruh yüksəkliyinə səbəb olub.
Moderator.az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edən millət vəkili Vahid Əhmədov, ona və bütün komanda üzvlərinə öz təşəkkürünü bildirib, gələcək oyunlarda müvəffəqiyyətlər arzulayıb:
“Mən “Qarabağ”ın əldə etdiyi bu tarixi qələbə münasibəti ilə komandanın baş məqşqçisi Qurban Qurbanovu, eləcə də bütün komanda üzvlərini ayrı-ayrılıqda təbrik edir, bizə, xalqımıza yaşatdıqları bu sevinc üçün onlara öz minnətdarlığımı bildirirəm. “Qarabağ” səfər oyununda ortaya qoyduğu qeyri-adi əzmkarlığı ilə qələbəyə layiq olduğunu, bu günə qədər əldə etdiyi uğurların heç də təsadüf olmadığını, həqiqi peşəkarlığa, prinsipiallığa bağlı olduğunu isbatlamış oldu.
Azərbaycan idmanı adına böyük uğura imza atan “Qarabağ”ın bu zəfəri ölkə idmanının inkişaf göstəricisi kimi də mühüm əhəmiyyətə malikdir və bu uğur bizi daha optimist olmağa sövq edir.
Əminəm ki, “Qarabağ” klubu qarşıdakı oyunlarda da öz adına layiq əzmkar oyun nümayiş etdirəcək və əldə etdiyi uğurlarla yalnız Azərbaycanı deyil, bütün türk dünyasını sevindirəcəkdir. Bir daha Q.Qurbanov və onun komandasına uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm. Arzu edirəm ki, uğur hər zaman “Qarabağ”ımızla olsun!”
Seymur Əliyev