Son günlər Rusiyanın Krım ərazisində S-400 raketləri yerləşdirməsi Ukraynanın ərazi bütövlüyü məsələsini yenidən gündəmə gətirib.
Maraqlıdır, Rusiyanın Krımdakı hərbi aktivliyini artırması nəyə hesablanıb? Krımı Ukrayna üçün həmişəlik itirilmiş torpaq hesab etmək mümkündürmü?
Moderator.az-a açıqlama verəm politoloq Tofiq Abbasov məsələ ilə bağlı maraqlı fikirlər səslndirib:
“Krımda Rusiyanın öz hərbi mövqelərini gücləmdirməsi ABŞ və NATO-nun atdığı addımlara cavab kimi qiymətləndirlməlidir. Polşa, Baltikyani dövlətlər, Bolqarıstan və Rumıniyada ABŞ öz hərbi texnikasını yerləşdirməyə başlayıb. Səbəb kimi isə onu göstərirlər ki, Rusiya aqressiv siyasətini azaltmaq fikrinə deyil və necə ki, guya Ukraynaya təcavüz edib, adıçəkilən dövlətlər üçün də böyük təhlükə və risklər var.
ABŞ texnikası son vaxtlar sözügedən ölkələrdə yerləşdirilməkdədir. Təxminən 7 minə qədər hərbi qulluqçu da bu ölkələrdə yerləşdiriləcək. Bu, Rusiya üçün bir təhdiddir və bu səbəbdən də Rusiya öz hərbi aktivliyini Krım və s. ərazilərdə artırmağa başlayıb.
Zənnimcə, bundan sonra Krımın Ukraynaya qaytarılmasından söhbət gedə bilməz. Çünki prinsip etibari ilə bu məsələ vaxtiylə mübahisə predmeti idisə, indi gündəmdən tədricən çıxmaqdadır. Doğrudur, Qərb institutları, NATO, Avropa strukturları Rusiyaya qarşı sanksiya siyasəti yürütməkdə davam edirlər. Onlar çalışırlar ki, Rusiyanı yola gətirsinlər. Çalışırlar ki, Rusiya Şərqi Ukrayna və Krımda hərbi aktivliyini azaltsın və Krımı Ukraynaya təhvil versin. Ancaq proseslərin gedişatı, o cümlədən, soyuq müharibənin görülməkdə olan işartılar göstərir ki, bu ehtimalın reallaşması sıfıra bərabərdir. Ola bilsin ki, Ukraynanın cənub-şərqində vəziyyət bir qədər tarazlaşsın. Bu, baş verə bilər. Lakin Krımın qaytarılması gündəmdən çıxmış məsələdir”.
Seymur Əliyev