Məlum olduğu kimi, Rusiya Ermənistandkı 102-ci hərbi bazanın tərkibində yeni hərbi hissə - “maket hərbi hissəsi” yaradıb. Artıq bu hissə tərəfindən “S-300”, “S-400” raketlərinin maketləri yaradılıb ki, bu maketlərin Ermənistanın müxtəlif bölgələrində yerləşdiriləcəyi, bununla da həqiqi raket komplekslərinin kosmik və yürüstü kəşfiyyatdan gizlədiləcəyi ehtimalı böyükdür.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov bu yeniliyin sıradan bir hadisə olmadığını vurğuladı:
“Rusiyanın Ermənistanda yerləşdirilən 102 saylı hərbi bazasının tərkibində “maket hərbi hissəsi” adlandırılan hərbi hissə yaradılması xəbəri ilk baxışdan adi hərbi xəbər kimi görünə bilər. Amma peşəkarlıq və hərbi-siyasi nöqtəyi nəzərdən bu xəbərə bir az diqqət etsək, əslində bu, çox ciddi və Ermənistan-Rusiya hərbi komandanlığının böyük narahatçılığından xəbər verən bir hadisədir. Özü də, bu məhz ölkə başçısının Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunda ən müasir silah və sursata baxışından sonra təcili sürətdə bizim "dostlarımız" tərəfindən atılan addımdır. Bədnam qonşularımız və onun havadarları olan Rusiya o qədər narahatdır ki, onlar artıq vəziyyətin həqiqətən də onlar üçün elə də ürəkaçan olmadığı qənaətindədirlər. Dünənə kimi bizə az qala hər addımbaşı xox gəlməyə çalışan, ay bizim "İskəndər" raketlərimiz var, ay bizim nüvə silahlarımız var və Bakını dağıdacağıq kimi səfeh bəyanatlar səsləndirən erməni-rus şaykalarından artıq əvvəlki "mahnıları" görmürük. Ermənistan da, onun havadaraı da çox böyük narahatçılıq içindədirlər. İndi bunlar guya Azərbaycanın, o cümlədən Türkiyənin diqqətini yayındırmaq üçün müxtəlif hərbi texnikaların, o cümlədən raket komplekslərinin, tankların, artilleriya qurğularının maketlərini orda-burda quraşdırırlar ki, guya iz azdırsınlar. Vallah, gülməlidir. 21-ci əsrdə, ən yüksək texnologiyalar əsrində, kosmos dövründə belə şeyləri ancaq erməni-rus generalları düşünə bilərdilər. Bu praktika ötən əsrlərdə tətbiq olunub. Onda bu gün olan texniki imkanlar da yox idi. Amma görünür, köhnə qafalar hələ də fikirləşirlər ki, biz maketlərlə hədə-qorxu, psixoloji təsir göstərə biləcəklər. Görün bizə kimlər və hansı yollarla təzyiq və təsir göstərmək istəyirlər. Yazıqlar olsun.
Bəli, bu gün Naxçıvanda mövcud olan və döyüş qabiliyyəti ən müasir dünya orduları ilə müqayisə edilə bilən bir müdafiə və hücum təyinatlı silah və sursatlarımız mövcuddur. Rusiya da, Ermənistan da gözəl anlayırlar ki, düşmən ölkə ərazisindəki istənilən obyekti, o cümlədən İrəvanı darmadağın edə bilən "Qasırğa" tipli raket komplekslərinə, həmçinin adını açıqlamadığımız digər dağıdıcı və dəqiq silahlara malikik. Xırda bir axmaqlıq, Ermənistan üçün fəlakətə çevrilə biləcək. Əgər belə olmasaydı, düşmən və havadarları bəlkə də çoxdan bizə qarşı bəzi naqis addımlarını atmışdılar. Odur ki, ermənilər ümidlərini maket "İskəndər"lərə" digər "nüvə silahlarına" bağlayıblar. Bu yerdə deyərdim ki, Allah ağıl versin. Bunların düşüncəsi 19-cu-20 əsrdən bu yana keçməyib...”
Seymur Əliyev