1990-cı ilin 20 Yanvar hadisəsi ilə bağlı baş prokurorun I müavini Rüstəm Usubov maraqlı açıqlama ilə çıxış edib. Məlum hadisə ilə bağlı istintaqın davam etdiyini vurğulayan R.Usubov bildirib ki, 20 Yanvar olayları ilə bağlı Moskvada 1992-ci ildən mövcud olan 68 cildlik iş hələ də Azərbaycana verilməyib. Prokurorluq yetkilisi bildirib ki, bu iş Azərbaycana veriləndən sora baş verən olaylara qiymət verib işi məhkəməyə göndərmək mümkün olacaq.
Maraqlıdır, bu hadisənin üstündən 27 il ötməsinə baxmayaraq hələ də müqəssirlərin cəzalandırılmaması nə dərəcədə məntiqlidir?
Moderator.az-a açıqlama verən hüquqşünas Namizəd Səfərov baş verənlərin təəssüf doğurduğunu bildirdi:
“Prokurorluğun bu səpgidəki bəyanatını əvvəlki illərdə də eşitmişəm. 27 ildir ki, eyni şeyləri deyirlər və yəqin ki, sual verən osla, 23 il bundan sonra da təkrarlayarlar. Əgər hər hansı bir iş Rusiya prokurorluğundadırsa, bunu rəsmi şəkildə oradan istəmək də mümkündür. Mən hələ bu vaxta qədər eşitməmişəm ki, Azərbaycan prokurorluğu, Azərbaycan hökuməti Rusiyadan rəsmi şəkildə bu cinayət işinin materiallarını tələb etsin.
20 Yanvar hadisəsinin üstündən 27 il ötüb. Bu gün də Şəhdilər Xiyabanından keçəndə düşünürəm ki, nə üçün bu qanlı hadisəni törədənlər cinayət məsuliyyətinə cəlb olunmayıblar? Müqəssirlərin tapılıb məsuliyyətə cəlb edilməsi istiqamətində lazımi addımlar atılmır. O vaxt Bakıya hücum edən silahlı birləşmənin tərkibində çoxlu sayda erməni əsilli insanlar olub ki, onlar əmrdən kənara çıxaraq günahsız insanların qətlə yetirilməsində xüsusi amansızlıq göstəriblər. Dövlət o insanların da aşakara çıxarılıb məsuliyyətə cəlb edilməsini təmin etməlidir. Lakin təəssüf ki, illərin ötməsinə, bu hadisələrin şahidlərinin, iştirakçılarının tədricən dünyalarını dəyişməsinə baxmayaraq Azərbaycan hökuməti bu istiqamətdə ciddi addım atmır. Halbuki, zaman bizim əleyhimizə işləyir”.
Seymur Əliyev