Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi referendum Ermənistanla danışıqlardan imtina edilməsi məsələsini yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn işğalçı dövlətlə danışıqların beynəlxalq təşkilatların vasitəsi ilə aparıldığını, bunun Azərbaycanın müharibə hüququnu məhdudlaşdırmadığını vurğulayıb:
“Azərbaycan Ermnistanla diplomatik-siyasi danışıqlar aparmır. Bu, ATƏT çərçivəsində və bəzi dünya dövlətlərinin vasitəçiliyi ilə, eləcə də Ermənistan rəsmilərinin iştirakı ilə aparılır. Ermnistanla Azərbaycan arasında dipomatik münasibət də yoxdur. Belə bir ikitərəfli münasibət mövcud deyil.
Azərbaycanın danışıqlar prosesindən imtina etməsi ilə bağlı zaman-zaman məsələ qaldırılıb. Azərbaycanda bunun əleyhinə olan qüvvələri başa düşmək mümkündür. Lakin mən Azərbaycanın bu istiqamətdə fəaliyyətini davam etdirməsini məqsədəuyğun hesab edirəm. Bu, anti-terror əməliyyatları keçirmək, SQ-dən istifadə edərək işğalçıları torpaqlarımızdan çıxartmaq kimi hüquqlarımızı da əlimizdən almır. Bu baxımdan danışıqlar prosesinin davam etməsini məqsədəuyğun hesab edirəm”.
Seymur Əliyev