Azərbaycanın hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində 1992-ci ilin 26 fevral faciəsi ilə bağlı işin istintaqından danışıb. Məlum soyqrımla bağlı bəzi maddi sübutların yoxa çıxdığını bildirən X.Vəliyev, 2005-ci ilə qədər bu işin istintaqının dağınıq halda aparıldığına diqqət çəkib.
Maraqlıdır, 25 illik yaşı olan soyqırımla bağlı istintaqın hələ də yekunlaşmaması nə ilə bağlıdır? Bu işi araşdırıb müqəssirləri ifşa etməli olan rəsmi qurumların ildönümləri ərəfəsində konkret nəticələr və uğurlarla deyil, şikayətlərlə çıxış etməsi məntiqlidirmi?
Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Əgər bu və ya buna bənzər işlərin istintaqı ilə bağlı böyük əhəmiyyət kəsb edən sübutlar ortada yoxdursa, bu işlərin istintaqı qeyri-müəyyən vaxta qədər uzadılacaq, dayandırılacaq. Ortada bir nəticə olmayacaq. Bu və bu kimi məsələlərə indidən sonra hüquqi qiymət vermək çətindir. Çünki sübutlar yoxdur, istintaq isə ehtimallara əsaslana bilməz. Məsələyə siyasi qiymət isə veriləcək. Tarixdə açılmayan cinayətlərin sayı istənilən qədərdir. Həm I Dünya müharibəsi, həm də II Dünya müharibəsi ilə bağlı bu cür olaylar olduqca çoxdur. ABŞ prezidenti Con Kennedinin qətlinin sirri bu günə kimi də açılmış deyil. 20 Yanvar və Xocalı faciəsi ilə bağlı hüquqi əhəmiyyət kəsb edən bir sıra sübutların ortada olmaması, canlı şahidlərin sayının azalması bu işin yekunlaşdırılmasına mane olur. Zaman keçdikcə şahidlər də azalır. 20 Yanvarla bağlı Primakovun adı çəkilirdi. Sabah istintaq onunla bağlı hansısa sübutlar əldə etsə, amma Primakovun özü ortada olmasa, nə olacaq? Odur ki, bu, olduqca çətin situasiyadır. Vaxtında lazımi iş görülməyibsə, yaxud yarımçıq görülübsə, bundan sonra onların tam şəkildə bərpası inandırıcı deyil”.
Seymur Əliyev