“Mehriban Əliyevanın I vitse-prezident təyin olunması ölkə başçısı İlham Əliyevin ən uğurlu addımlarından biridir. Bununla ölkəmiz gender bərabərliyinə əhəmiyyət verən dünya dövlətlərilə eyni sırada dayanmağa layiq olduğunu bir daha sübut etdi”.
Moderator.az xəbər verir ki, bunu hazırda təqaüddə olan Ali Məhkəmənin uzun müddət hakimi işləmiş Ədalət Məmmədov bildirib.
Azərbaycanın ali siyasi iradəsinin qərarına qiymət vermək fikrində olmadığını, sadəcə bir vətəndaş kimi hadisəni yüksək dəyərləndirdiyini bildirən hüquqşunasın fikrincə, bu addım anaya, qadına böyük sayqı ilə baxan Azərbaycan xalqının milli mentalitetinin təzahürü kimi də böyük əhəmiyyət kəsb edir:
“Digər toplumlardan fərqli olaraq, Azərbaycan xalqının tarixi yaddaşında “dövlət-ana” obrazı həmişə mövcud olub. Tarixən bütün idarəçilərimiz ən ümdə məsələləri xanımlarla məsləhətləşib, onların təmkinli, humanist fikirlərini öz siyasətlərində nəzərə alıblar. Azərbaycan xalqı hələ orta əsrlərdə Sara xatun kimi böyük diplomatlar yetişdirib. Bir çox hallarda xanımların məsələlərə müdaxiləsilə xalqımızın tarixində ciddi yaralar buraxacaq qanlı hadisələrin qarşısı alınıb. Odur ki, indiyədək ölkənin aparıcı siyasi postlarında bu cür diplomatik qabiliyyətə malik xanımların əyləşməməsi ciddi nöqsan idi və ölkə rəhbərinin müdrik qərarıyla bu ənənəyə son qoyuldu”.
Ədalət Məmmədov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın bu posta layiq görülməsini də təsadüfi saymır:
“Mehriban xanım öz təcrübəsilə nəinki Azərbaycanda, hətta beynəlxalq təşkilatlarda belə, sayılıb-seçilən siyasətçilərdəndir. O, uzun müddət UNESKO-nun və İSESKO-nun sülhməramlı səfiri kimi fəaliyyət göstərib. Dünyanın bir sıra beynəlxalq təşkilatlarında şəxsi nüfuzu ilə ölkəmizin xeyrinə ciddi uğurlara imza atıb. Bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi birbaşa Mehriban xanımın adıyla bağlıdır. Ziyalı ailəsində böyüyən, elmə, sənətə, milli dəyərlərə bağlı olan Mehriban xanım rəhbərlik etdiyi fondun sponsorluğu ilə mədəniyyətimizin təbliğində və yaşadılmasında misilsiz rollar oynamışdır. Heydər Əliyev Fondunun yardımıyla çox sayda tələbələrimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almışlar. O, həmçinin, millət vəkili kimi də seçicilərinin etimadını doğrultmuş, bir sıra qanun layihələri, aministiya aktları hazırlayaraq, əsl humanizm nümayiş etdirmişdi. Azərbaycana bu qədər böyük xidmətləri keçən bu insana siyasi səlahiyyətlər verilməsi apardığı xeyrxah işlərin effektini daha da artıra bilər”.
Uzun illər bir çox dünya ölkələrini qadın siyasətçilərin idarə etməsinə qibtə ilə baxdığını bildirən Ədalət Məmmədov Azərbaycanın da bu yolla irəliləməsini təqdir edir:
“Mən 20-ci əsrin ortalarında Hindistanın baş naziri olmuş İndra Qandini, onun Pakistanlı həmkarı Bənazir Buttonu, İngiltərənin “dəmir ledisi” Marqarit Tetçeri həmişə diqqətlə izləmişəm. Həmin ölkələrin iqtisadi, siyasi, sosial inkişafında, demokratikləşməsində, hüquqi dövlətçilik prinsiplərinin bərqərar olunmasında qadın iradəsinin misilsiz rolunu görmüşəm və həmişə arzulamışam ki, bizdə də eyni proseslər getsin. Sevindirici haldır ki, biz artıq bu mərhələyə qədəm qoymuşuq. İnanıram ki, Mehriban xanımın məqsədyönlü siyasətləri nəticəsində Azərbaycan daha böyük uğurlara imza atacaq”.