31 Mart soyqırımının növbəti ildönümü yaxınlaşmaqdadır. Maraqıdır, Azərbaycan bu soyqırımı türk dövlətləri arasında yetərincə təbliğ edə bilibmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev bu məsələdə Azərbaycanın görməli olduğu çox iş olduğunu bildirib:
“Bizim türk dövlətlərinin çatışmayan cəhətlərindən biri odur ki, əlaqələrimiz yerində deyil. Dərdlərimiz bizi birləşdirə bilmir. Hər bir türk dövləti öz problemini yaşamaq məcburiyyəti qarşısında qalıb. Amma biz bir xalqıq, bir millətik. Biz bütövləşməyi bacarmalıyıq.
31 Mart soyqırımını olduğu kimi təqdim etməliyik və türk dövlətlərinin hamısı da bunu bilməlidir. 31 Mart soyqırımı ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri qondarma “erməni soyqırımı” iddiasına qarşı çox təsirli anti-zəhərdir. Onların bu iddiasına qarşı işlədilə biləcək çox effektli bir silahdır. Lakin biz bunu kifayət qədər geniş təbliğ etməmişik, ancaq etməyimiz lazımdır”.
Seymur Əliyev