Türkiyənin “Pegasus” hava yolları şirkətinin 1 iyundan etibarən İstanbuldan İrəvana birbaşa reyslərə başlayacağı ilə bağlı xəbər bəzi media orqanlarında qardaş ölkənin Azərbaycana xəyanəti kimi dəyərləndirilməkdədir.
Maraqlıdır, bu olay doğrudan da Türkiyənin Azərbaycana xəyanəti kimi dəyərləndirilə bilərmi? Bir şirkətin sırf ticari məqsədlə atdığı addıma görə bütün Türkiyəni ittiham etmək nə dərəcədə məntiqlidir?
Moderator.az-a açıqlama verən AZDP sədri, politoloq Sülhəddin Əkbər Türkiyənin Azərbaycan üçün əhəmiyyətinin böyük və əvəzolunmaz olduğunu vurğuladı:
“Türkiyə yeganə dövlətdir ki, həm bizim qardaşımız, təbii müttəfiqimizdir, həm də formal hüquqi-siyasi baxımdan yeganə dövlətdir ki, strateji tərəfdaşımızdır. 2010-cu ildə Azərbaycan və Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqavilə imzalayıb. Buna görə də Türkiyə ilə münasibətlərə həssas yanamaq lazımdır. Azərbaycanı Qarabağ məsələsində Türkiyə qədər müdafiə edən ikinci bir dövlət yoxdur. Ona görə də hər bu cür məsələdən anti-türk qüvvləri istifadə etməyə, iki qardaş dövlət arsındakı münasibətlərə xələl gətirməyə çalışırlar. Azrbaycan-Türkiyə münaibətləri bütün səviyyələrdə olduqca yüksəkdir. Istənilən məsələni iki dövlət öz arasında danışıb həll edə bilər. Təyyarə reysinin açılması isə xırda məslədir”.
Seymur Əliyev