Son günlər Facebookda yüz minlərlə izləyicisi olan səhifələr gənc şair Elşad Baratın şeirini dahi şair Ramiz Rövşənin adından paylaşır.
Elşad Barat Moderator.az-a açıqlama verərək bu məsələdən narahat olduğunu bildirib: “Düzü, bu məsələ məni çox narahat etdi. Yəni, bizim dəyərli şairimiz Ramiz Rövşən oxucuların gözündə bu qədərmi kiçilib ki, mənim kimi adi bir gənc şairin şeirini onun adına çıxırlar? Məncə bu, haqsızlıqdır, Ramiz Rövşən poeziyasına dırnaqarası baxmaq, onu ələ salmaqdır.
Oxucular düşünməsin ki, bu yanaşmam öz şeirlərimə haqsızlıqdır, xeyr. Əksinə, mənim hansısa adi bir şeirimi Ramiz Rövşən kimi Allaha yaxın bir şairin və onun fəlsəfi yüklü şeirlərinin səviyyəsinə qaldırmaq ya oxucu diqqətsizliyi, savadsızılığıdır, ya da ustad şairimizə hörmətsizlikdir”.
Moderator.az sözügedən şeiri də təqdim edir.
Bu gecə öldüm bəlkə də,
Zərrə-zərrə, qıram-qıram.
Bu dərd ilə bu bədənə,
Tanrım, sığmaram, sığmaram.
Ya mənə min bədən göndər,
Ya yükümü azalt, çəkim.
Ver nəfəsi, naləmi də,
Ərşə qədər ucalt, çəkim.
Çəkim göyün üzünəcən,
Yerin dərdini, sərini.
Əgər görsən yıxılıram,
Tanrım, uzat əllərini.
Rəşad