Bu günlərdə hüquqşünas Əyyub Kərimov saytımıza açıqlamasında bəzi məmur övladlarının avtomobillərini yüksək sürətlə idarə etdiyi, nəticədə ətrafdakı insanların təhlükəsizliyini təhdid etdiyi ilə bağlı fikirlər səsləndirib və mövcud durumu 90-cı illərin əvvəlləri ilə müqayisə edib.
Moderator.az-a açıqlama DİN-nin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bütün ölkə ərazisində, eləcə də respublikanın paytaxtında təhlükəsizliyin təmin edildiyini, ictimai qaydanın və əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, qanunu pozan hər kəsin kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edildiyini bildirib:
“Ölkə rəhbərliyinin nəzarəti, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə əlaqəli fəaliyyətinin nəticəsində bu gün respublikamızda sabitlik, ictimai asayiş etibarlı şəkildə qorunur. Bunu yalnız biz demirik. Bunu həm də ölkəmizə təşrif buyuran turistlər, xarici qonaqlar, iş adamları, həmçinin diplomatik korpus nümayəndələri də təsdiqləyir. Onlar da keçirilən müxtəlif səviyyəli tədbirlərdəki çıxışlarında, görüşlərdə bildirirlər ki, respublikamız, onun paytaxtı Bakı dünyanın ən təhlükəsiz ölkə və şəhərlərindən biridir. Zənnimcə, bu, müstəqilliyimizdən sonra əldə etdiyimiz ən böyük uğurlarımızdan biridir. İstənilən ölkə vətəndaşı və ya əcnəbi gecə və ya gündüz, fərqi yoxdur, belə təhlükəsiz şəraitdən yetərincə bəhrələnir.
Hüquqşünas Əyyub Kərimovun dediklərinə gəlincə, düşünürəm ki, bu, günümüzün reallığını əks etdirməyən, subyektiv bir fikirdir. Əgər onda və ya hər hansı vətəndaşda belə bir fakt varsa, o zaman Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, aidiyyatı üzrə polis orqanına müraciət edə bilər. Onlar öz müraciətlərinə polisin çevik reaksiyasını və görülən tədbirlərin nəticəsini də görə bilərlər.
Sirr deyil ki, son illər ərzində yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində, kobud qayda pozuntularına, həmçinin avtoxuliqanlığa qarşı yol polisi əməkdaşları tərəfindən diqqətəlayiq xeyli işlər görülüb və indi də görülür. Qanunları, yol hərəkəti qaydalarını pozanların sosial, siyasi və s. mənsubiyyətindən asılı olmayaraq, heç kimə güzəşt edilmir Hətta bu günlərdə özünüz də şahid oldunuz ki, yol hərəkəti qaydalarını pozduğuna görə tanınmış bir futbolçu, milli komandamızın üzvü barəsində də qanunvericiliyə uyğun olaraq ciddi tədbir görüldü.
Son 7 ayda təkcə Bakı şəhərində ictimai asayişi kobud şəkildə pozduğuna, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verdiklərinə görə, yəni avtoxuliqanlıq etdiklərinə görə 401 sürücü saxlanılıb. Onlar barəsində toplanılmış materiallar baxılması üçün aidiyyatı üzrə məhkəmələrə göndərilib. Həmin sürücülərin əksəriyyəti məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, digərləri barəsində yüksək cərimələr tətbiq olunub. Bu faktın özü göstərir ki, kimliyindən, qulluq mövqeyindən asılı olmayaraq qayda-qanunu, yol hərəkəti qaydalarını pozan istənilən şəxs haqqında ən sərt tədbirlər görülür.
Bir daha qeyd etmək istərdim ki, əgər hər hansı vətəndaşda avtoxuliqanlıqla, yaxud digər kobud qayda, qanun pozuntusu ilə bağlı hər hansı məlumat, bilgi varsa o zaman DİN-in ”102” Xidmətinə və ya aidiyyatı üzrə polis orqanına müraciət edə bilər. Vətəndaşlar əmin ola bilərlər ki, onların hər bir müraciətinə həssaslıqla yanaşılacaq və lazımi tədbirlər görüləcək”.