Xəbər lenti
20/01/2018 [08:57]:
ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət- sensasion faktlar
20/01/2018 [02:08]:
2017-ci ildə “ASAN” kommunal vasitəsi ilə Azərişıq “ASC”-yə 140 min müraciət daxil olub
20/01/2018 [01:43]:
Faiq Ağayev Nazın hərəkətinə əsəbiləşdi - "Kimdir onun valideynləri?"
20/01/2018 [01:43]:
“Orfoqrafik lüğətlə bağlı müzakirələrin vaxtı uzadılmalıdır” - MÜSAHİBƏ
20/01/2018 [01:23]:
“20 yanvar günü Bakıda qırğın törədən ermənilər Qroznıda məhv edildi”
20/01/2018 [01:08]:
Saakaşvili Putinin buzlu suda çimmək "rekord"unu təzələdi - FOTOLAR
20/01/2018 [01:08]:
Etibar Məmmədov: "Onların xalqla əlaqələri yox idi"
20/01/2018 [00:55]:
"AXC və kommunistlərin Azərbaycanın bütün tarixi faciələrinin üzərində əməkdaşlığı olub"
20/01/2018 [00:52]:
"Qırğızıstana təklif etmişəm ki, borcun qarşılığında İssık- Qul gölünü 99 illiyə bizə icarəyə verin"
20/01/2018 [00:27]:
Azərbaycanda Ümumxalq Hüzn Günüdür
20/01/2018 [00:16]:
20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi...
20/01/2018 [00:05]:
"Niyə Dövlət Departameni bu cür ermənipərəst konqresmenləri başa salmır ki..."
19/01/2018 [23:55]:
20 yanvar Şəhidləri İğdırda anıldı - FOTOLAR
19/01/2018 [23:53]:
Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI
19/01/2018 [23:51]:
"Mən həqiqətən də bu məxluqların milllətinin düşməniyəm..."
19/01/2018 [23:37]:
Lavrov qoşunların Afrindən çəkilməsini təkzib etdi
19/01/2018 [23:35]:
Yaqub Mahmudov: "Universitetin adı mənim təklifimlə dəyişdirilib"
19/01/2018 [23:27]:
"Cümhuriyyət İli" kimlərin ilidir?
19/01/2018 [23:18]:
Bələdiyyələrə yeni səlahiyyət verildi
19/01/2018 [23:15]:
Saqarecoda 20 Yanvar şəhidləri anıldı
19/01/2018 [23:11]:
Qarabağda 1000-ə yaxın yeni erməni ailəsi quruldu...- Tələsmək gərəkdir!
19/01/2018 [23:08]:
Tariximizə şəhidlərimizin qanı ilə yazılan gün
19/01/2018 [22:54]:
İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azaldı
19/01/2018 [22:54]:
Salyan sakinindən 3 kiloqramdan çox narkotik vasitə götürüldü
19/01/2018 [22:36]:
Danimarkada "Palmali"ya məxsus tanker saxlanıldı
19/01/2018 [22:18]:
Almaniyada 2017-ci ilin ən yaxşı futbolçusu məlum oldu
19/01/2018 [22:12]:
Musa Musayev saxlanıldı
19/01/2018 [22:12]:
Mingəçevirdə qəssabdan qaçan öküz yaşlı qadını xəstəxanalıq etdi
19/01/2018 [22:02]:
"Palmali"nin yük tankeri Danimarka limanında saxlanıldı
19/01/2018 [21:46]:
Cəsur Kəşfiyyatçımızla bağlı Prezidentə və 1-ci Vitse-Prezidentə MÜRACİƏT...
19/01/2018 [21:44]:
Rəsulzadə Səməd Vurğun haqqında- ”Bu pyesində vətənpərvərlik nişanələri var”
19/01/2018 [21:24]:
Ekspert: Yaxın gələcəkdə səhm qiymətləri artacaq
19/01/2018 [21:22]:
Tehran kitabxanasından türklərə aid nadir tarixi nüsxə əldə edilib
19/01/2018 [20:50]:
"Lotu Quli" həbs olundu
19/01/2018 [20:49]:
Ölən qadın morqda uşaq dünyaya gətirdi - Tabutu açanlar gözlərinə inanmadı (FOTOLAR)
19/01/2018 [20:28]:
Moldovada 20 Yanvar qurbanlarının xatirəsi anıldı
19/01/2018 [20:25]:
Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı
19/01/2018 [20:17]:
Güllələndi, baltalandı, üzərindən traktor keçdi, amma sağ qaldı
19/01/2018 [20:16]:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib
19/01/2018 [20:04]:
“Mən Xalq Cəbhəsini 20 Yanvara görə günahlandıra bilmərəm...” - Ayaz Mütəllibov
19/01/2018 [20:03]:
180 min dollarlıq tort -FOTOLAR
19/01/2018 [19:59]:
Nəşriyyat rəhbəri naşir həmkarlarını qınadı - "Vicdan haqqı, bəsdi!"
19/01/2018 [19:49]:
Bu, qarşıdakı yüzillikdə müharibələrin əsas səbəbi olacaq – NASA-dan qorxunc proqnoz
19/01/2018 [19:47]:
Krım və Donbas üçün SİQNAL: Ukrayna yeni müharibəyə hazırlaşır
19/01/2018 [19:46]:
SHXÇDX-də 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib
19/01/2018 [19:39]:
"Məmur uniformama ləkə gətirməmək üçün Rövşənlə şəklim olmayıb" -Lənkəranskinin qardaşı
19/01/2018 [19:35]:
Kremlin gizli və muzdlu orduları -Hər başa 88 dollar qazananlar
19/01/2018 [19:28]:
Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı
19/01/2018 [19:27]:
Yerevanda bahalaşmaya qarşı etiraz aksiyası keçirilir
19/01/2018 [19:26]:
Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlandı
19/01/2018 [19:25]:
"Bakı Metropoliteni" QSC: "Hazırda həmin qatarı xətdən çıxartmağa çalışırıq"
19/01/2018 [19:24]:
Şəhid olan əsgər Neftçalada dəfn ediləcək
19/01/2018 [19:22]:
"SSRİ-nin qılıncı kəsərli olduğu günlərdə Heydər Əliyev Kremlə meydan suladı"
19/01/2018 [19:20]:
Dünyada ilk dəfə əməliyyatsız mədə kiçiltmə prosesi aparıldı
19/01/2018 [19:19]:
Ana ilə körpəsi ölümdən saniyələrlə xilas oldu - VİDEO
19/01/2018 [19:17]:
Millimiz Ermənistan yığması ilə oynayacaq - FOTO
19/01/2018 [19:16]:
Formula 1-də əslən bakılı olan avtopilot çıxış edəcək
19/01/2018 [19:15]:
Metroda çətin anlar: Evə tələsən sərnişinlər yolda qaldı
19/01/2018 [19:14]:
Dünya birjalarının dəyəri açıqlandı – RƏQƏMLƏR
19/01/2018 [19:14]:
Azərbaycanda vərəmlə bağlı xəritə yaradılacaq
19/01/2018 [19:13]:
Türkiyədən ev alan azərbaycanlıların sayı artdı
19/01/2018 [19:08]:
Axşam Bakının bu yolları bağlı olacaq
19/01/2018 [19:05]:
“Onların arasında Saratovdan, Krosnadardan çağırılan ermənilər olub”
19/01/2018 [18:58]:
Azərbaycan prezidenti QMİ-yə 4 milyon manat ayırıb
19/01/2018 [18:27]:
"Xəlil Rza poeziyasını mən də sevmirəm" - Daha bir yazar "Ulutürk" mövzusunda Kəramətin fikrinə münasibət bildirdi - FOTOFAKT
19/01/2018 [18:09]:
Krakovda növbəti Azərbaycan nağılı: Bu dəfə kreativ yalan...
19/01/2018 [17:55]:
Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirildi FOTO/VİDEO
19/01/2018 [17:55]:
Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu
19/01/2018 [17:54]:
Şair Saday Şəkərli azadlığa buraxıla bilər
19/01/2018 [17:53]:
Rusiyanın xarici borcu 529 milyard dolları keçdi
19/01/2018 [17:52]:
Nümayəndə heyəti yenilənmiş tərkiblə AŞPA-ya gedir
19/01/2018 [17:50]:
Alışanov xanım direktoru işdən çıxarıb - AzTV-də nə baş verib?
19/01/2018 [17:39]:
Nizami Kino Mərkəzindən 20 Yanvarla bağlı jest- Yalnız bu film olacaq
19/01/2018 [17:36]:
Nərimanovda müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirildi - FOTOLAR
19/01/2018 [17:26]:
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
19/01/2018 [17:24]:
“Elmin sürət qatarı” layihəsi başa çatdı
19/01/2018 [17:21]:
BSU-da 20 Yanvar faciəsi anıldı
19/01/2018 [16:59]:
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb - FOTOLAR
19/01/2018 [16:54]:
““Tənqid etmək” və “təpki göstərmək” ayrı-ayrı şeylərdir...” -EKSPERT
19/01/2018 [16:42]:
Rusiya hərbçiləri Suriyanın Afrin rayonundan çəkilir
Bütün arxiv bir sırada
21/10/2017 [23:39] - Ədəbiyyat - ( 1806 dəfə baxılıb)

Seyran Səxavətin dilinin obrazlılığı - Obrazlarının dili...



Dünya xalqlarının mədəni tarixi göstərir ki, dillərin tükənməz imkan və vasitələri böyük sənət dühalarının əsərləri ilə maddiləşərək əbədi yadigara çevrilir. Ümumxalq dilinin, ədəbi dilin qanunauyğunluqlarının, sənətkarın sözdən istifadə qüdrətinin, sözə estetik münasibətinin aşkara çıxarılması üçün əsas materialı bədii dil verir. Ona görə də sənətkar və söz, yazıçı və dil problemi filoloq və estetləri daim özünə çəkən mürəkkəb və çoxşaxəli bir problem olub, mövzu, fərdi üslub, ədəbi metod, yazıçının ictimai-siyasi mövqeyi, bədii dili və s. kimi mühüm məsələlərlə möhkəm bağlıdır. 

Professor Qəzənfər Kazımov bədii əsərlərin dili ilə bağlı yazdıqlarında maraqlı bir məqamı qeyd edir ki, yazıçı çox vaxt dilin nəzəri məsələləri, dilə estetik münasibətin prinsipləri ilə maraqlanmır, bunları elmi şəkildə izah etməyə ehtiyac duymur. Yazıçı bütövlükdə daha çox praktikdir və onu əsər maraqlandırır. Lakin yazıçının əsərdə reallaşan bədii dili onun mövqeyini, ümumxalq dilinə, ədəbi dilə münasibətini, əsaslandığı estetik prinsipləri müəyyənləşdirməyə imkan verir və bütün bunlar cəm halda yazıçının fərdi bədii üslubunu səciyyələndirir. Fərdi üslub isə əsasdır və yazıçının orijinallığı onun fərdi üslubu ilə müəyyənləşir.  

Çağdaş Azərbaycan bədii nəsrinin istedadlı nümayəndəsi, ədəbiyyata qədəm qoyduğu ilk günlərdən öz fərdi üslubu, yazı tərzi, əsərlərinin bədii sanbalı ilə ədəbi-elmi  ictimaiyyətin rəğbətini qazanmış görkəmli nasir Seyran Səxavətin əsərləri həm dil və üslub, həm də sənətkarlıq xüsusiyyətləri baxımından son dərəcə yüksək qiymətləndirilmişdir. 
Seyran Səxavətin bədii nəsri dil, üslub, keyfiyyət, məzmun, forma, ideya, janr və sənətkarlıq axtarışları nöqteyi-nəzərindən  araşdırma üçün zəngin material verir. Yazıçının istisnasız olaraq bütün əsərlərində orijinal yazı manerası, üslub və süjet yeniliyi, ənənəvi olmayan bənzərsiz təhkiyə tərzi, həssas yazıçı duyumu, dərin müşahidə qabiliyyəti və aydın müəllif mövqeyi diqqəti cəlb edir. 
Bədii əsərin dili sənətkarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. Seyran Səxavətin əsərləri həm də dilinin gözəlliyi, canlılığı, şirinliyi ilə seçilir. Dilin sərrastlığı sənətkarın həyatı düzgün dərk etməsi deməkdir. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası deməkdir. Ədəbi dil xalq dilinə nə qədər yaxın olarsa, əsərin poetik təsiri, ifadə tərzi də bir o qədər güclü olar. Bir məqamı mütləq qeyd etmək lazım gəlir ki, bəzi dilçi alimlərimizin söylədiklərinə rəğmən bizim ana dilimiz ən dərin, ən fəlsəfi fikirləri belə dürüst ifadə etmək üçün hədsiz imkanlara malikdir. Bu mənada Seyran Səxavətin dili son dərəcə axıcılığı, ifadəliliyi, rəngarəngliyi, yumşaqlığı, şirinliyi, rəvanlığı və ələlxüsus xəlqiliyi ilə diqqəti çəkməkdədir.
Bədii əsərin tamlığını, bədii bitkinliyini təmin edən amillərdən biri də daxili qayəyə, sujet xəttinin qurulma və inkişaf tərzinə uyğun olan dil materialının seçilməsidir. Stendal yazır: “Parm monastırı”nı yazarkən uyğun gələn tonu tapmaq üçün mən hər səhər “Vətəndaşlıq kodeksi”ndən iki və ya üç səhifə oxuyurdum”. Bədii əsərin ümumi ruhuna uyğun təhkiyə tonunun tapılması yazıçının ən uğurlu işidir. Bu baxımdan Seyran Səxavətin hər bir əsərinin dili toxunulan məsələnin ruhuna tamamilə uyğun gəlir və güclü psixoloji səciyyə daşıyır. Seyran Səxavətin dilində emosional və idraki effektlər vəhdət təşkil edir. Ritm, ton, ahəng təkcə şeir dili üçün yox, nəsr dili üçün də əsasdır. Bunu tapmaq uğurun başlanğıcıdır. Bəlkə ona görə də ritmik nəsr istilahını qəbul edənlər və ədəbi-tənqidi yaradıcılıqda işlədənlər var. Seyran Səxavətin nəsri məhz ritmik nəsrdir. 
Xalq şairi Sabir Rüstəmxanlı yazır: Seyran Səxavət mənim gənclik dostum olmaqla bərabər öz yerində möhkəm dayanan qüdrətli bir yazıçıdır. Onun hər bir hekayəsində böyük romanların siqləti, qüdrəti, hər bir əsərin də özünəməxsus dili və üslubu var. Qarabağ danışıq dilini bütün koloriti, codluğu, şirəsi, saflığı və rəngləri ilə Azərbaycan nəsrinə ilk dəfə Seyran Səxavət gətirib.
İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vaqif Bəhmənli və s. şair və yazıçılar öz çıxışlarında, məqalə və müsahibələrində Seyran Səxavətin “dili” ilə bağlı maraqlı fikirlər söyləmişlər. 
Vaqif Bəhmənli yazır ki: “Onun nəsr əsərlərinə Qarabağ elatının, bütün Azərbaycanın dadı-duzu, şirin yumoru, zəngin həyatı hopub. Seyran Səxavətin romanları acı həyat həqiqətlərini ustalıqla, bənzərsiz bir üslub və dillə oxucuya çatdırır”
O, bütün əsərlərində – “Bəhanə”, “Qaçhaqaç”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Palıd toxumu”, “Daş evlər” və s. kimi romanlarında, “Sanatoriya”, “Ağrı”, “Bir stəkaan hava”, “Qapıların o üzündə qalan dünya”, “Ocaq daşı”, “Dar köynək” və s. povestlərində və bütün hekayələrində obrazlılığın bütün səviyyələrindən: fonetik, qrammatik, xüsusilə leksik səviyyədə obrazlılıqdan məharətlə istifadə edərək təhkiyəyə olduqca rəvanlıq, ahəngdarlıq və rəngarənglik qatmışdır. 
Tənqidçi Nadir Cabbarlı yazır ki: “Seyran Səxavət olmasaydı, Azərbaycan ədəbiyyatı kəskin sujetli mövzular, koloritli epik qəhrəmanlarını itirərdi. Seyran Səxavət olmasaydı, ədəbiyyatımız həyata, insan münasibətlərinə, müasirlərimizə təkrarsız, orijinal və həssas yazıçı baxışından məhrum olardı”. Bütün bunlar ədibin yaradıcılığının, dil-üslub özünəməxsusluğunun təkcə oxucular deyil, ədəbi-elmi ictimaiyyət tərəfindən də diqqətlə və yüksək maraqla qarşılandığından xəbər verir. 
“Boynu əyri kişi” (1997) hekayəsində, “Nekroloq” (2002)  və “Yəhudi əlifbası” (2009) romanlarında yazıçı uşaq qəbirlərini olduqca təsirli şəkildə obrazlaşdırır. Məsələn: “Nekroloq” romanında “Uşaq qəbirləri valideynlərinin arxasınca dikəlib baxırdılar” – deyən yazıçı mahiyyətində dərin məna yükü olan bu metaforik ifadə ilə böyük mətləbləri oxucuya çatdırmış olur. Axı o uşaqların gözü təkcə qəbiristanlığı tərk etməkdə olan valideynlərinin arxasında qalmamışdı, uşaqların gözü bu dünyada doymadıqları uşaq ömründə qalmışdı. Və bəlkə də, “o uşaqların sinələrinə çökən ağır sinə daşlarını qaldırmağa gücləri çatsaydı, onlar, şübhəsiz ki, bu dünyanın üzünə tüpürərdilər”.  Bu ifadələri işlətməklə Seyran Səxavət böyük ehtimalla daxilində onu için-için yandıran, ruhunu darmadağın edən aqressiyanı üzə çıxarmağa çalışır. Əgər bu dünya əl boyda yavruları öz qoynunda bəsləyə bilmirsə, kimə lazımdır ki?!
Qeyd edək ki, “uşaq məzarları”, “uşaqların yaşanmamış ömrü” ifadələrinə Seyran Səxavətin müasiri Ramiz Rövşənin poeziya yaradıcılığında da rast gəlirik:

Mənim balam, səbəb budu, bəlkə də,
Uşaqların tabutu daş kimidi...
Bəlkə elə o tabuta yüklənən
Uşaqların yaşanmamış ömrüdü... (105, 137)

Ramiz Rövşənin nəzmə çəkdiyi, ruhundan misralara tökülən bu ağır möhnət yükü Seyran Səxavətin “Nekroloq” romanında ürək sızladan detallarla nəsrlə ifadə olunur. Əsərdə təsvir olunan çadır şəhərciyində ilk qaldırılan cənazə masum bir yavrunun – beş yaşlı körpə qızcığazın cənazəsi idi. Yazıçını yandıran, ruhunu darmadağın edən də məhz bu acınacaqlı hadisə idi. 
“Burda məskunlaşanlar bir kəndin, bir şəhərin də bünövrəsinə daş qoya bilərdilər, - lakin onlar qəbiristanlıq bünövrəsi qoyurdular və bu bünövrəyə qoyulacaq ilk daş – körpə cənazəsi onların çiynində idi, özü də bu körpə nə ağırlığındaymış, ilahi – düz deyirlər ki, körpə cənazəsi yüz yaşlı kişinin cənazəsindən ağır olur (131, 35).
Faktlar dəhşətli, hadisələr tükürpədici olduğu qədər onu təsirli edən həm də yazıçının nəsrdə detallarla görümlülük yarada bilməsidir. Şəhər bünövrəsi qoya biləcək adamların qəbiristanlıq bünövrəsi qoyması və beş yaşlı körpə tabutunun yüz yaşlı kişinin cənazəsindən ağır olması və s. bu kimi bədii təzadlar əsərin konfliktini daha da dərinləşdirir. Süjet şaxələnir, bu məchulluğa heç kim cavab tapa bilmir və ən yaxşı çıxış yolu elə hər şeyi –bütün günahları dünyanın çiyninə yıxmaq olur. Bəli, bu dünyanın çarxını elə tərsinə fırladıblar ki, gələnlə gedənin, bələklə kəfənin, beşiklə tabutun, doğulanla ölənin fərqinə varmadan “bir azğın canavar sürüsü” dünyanı öz arxalarınca aparmağa çalışır. Bu məqamda yenə ustad Ramiz Rövşənin misraları yada düşür: 

Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi...
Yağış yuyur, gün qurudur... (105,68).

Və yaxud:

Mənim balam, bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadı.
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən biçən dünyadı (105, 34).

Bilirik ki, Seyran Səxavət də ədəbiyyata şeirlə gəlib. Biz bəzi məqamlarda ədibin roman boyunca qaldırdığı problemləri Ramiz Rövşən şeiri ilə müqayisə etməklə yazıçının nəsrindəki şeir görümlülüyünü, daha dəqiq desək, nəsrin şeiriyyətini diqqətə çatdırmaq istəyirik.
Təhlilə cəlb etdiyimiz “Nekroloq” romanında zamanın ziddiyyətlərini özündə əks etdirən bədii təzadlar olduğu qədər, həm də son dərəcə təsirli və sərrast işlədilmiş metaforalar da vardır. Məsələn: yazıçı çadır şəhərcəyində yaşayan kişilərin hamısının Qarabağ müharibəsi qazisi olduğunu vurğulamaq üçün onları qoltuq ağaclarına, çəliklərə bənzədir: “Xalq qoltuq ağaclarına – çəliklərə çevrilmişdi, gedirdi – gedirdi qəbiristanlıq bünövrəsi qoymağa” (131, 35).
Elə həmin səhnəni təsvir edə-edə müəllif, əslində, dünyanın əzablarının körpə çiyinlərə necə ağır yük olduğunu cəmi bircə kəlmə ilə ustalıqla qələmə alır: Tabut da dincəlirdi– körpə də yorulmuşdu” (131, 35).
Ənənəvi olaraq gördüyümüz, iştirak etdiyimiz bütün yas mərasimlərində ağılar deyilər, bayatılar oxunar, insanlar dərdini, nisgilini bu cür təsəlli etməyə çalışarlar. Amma “Nekroloq” romanında qarşılaşdığımız mənzərə - beş yaşlı körpə qızın yas mərasimi tamamilə fərqlidir. Övladını – ciyərparəsini itirmiş, dərddən bükülən beli “liliput ağaca bənzəyən” Gənc Ana körpə qızının yasında ağı deməklə, ürəyi soyumur, iki əllərini göyə qaldırıb onları bu vəziyyətə, bu miskin duruma – bir tikə çörəyə və şam işığına möhtac qoyan kəslərin ünvanına qarğışlar yağdırır:
“Gənc Ana qoynundan körpəsinin ovcunda qalmış bir tikə yavan çörəyi çıxarıb hamıya göstərdi, - bu, lap göz dağıdı, balamın yadigarıdı, ölənəcən bunu saxlayajam. Mənim balamı bir tikə çörəyə və şam umuduna qoyana Allah balalarından çəkdirsin!” (131, 36)
Gənc Ana qarğadıqca yas mərasimində onu sakitləşdirməyə çalışan qadınlar yerbəyerdən – “Amin!” deyirdilər. Dəhşət burası idi ki, kişilər də onlara qoşulub “Amin! deyirdilər. Sanki “Xalq qarğıyırdı...”
Övladını itirən gənc Ana obrazı yazıçının hələ 1987-ci ildə qələmə aldığı “Qızıl teşt” povestində də var və o qadının da fəryadı, naləsi əsər boyu oxucunun qulaqlarından getmir. “Qızıl teşt” əsərindəki o körpələr niyə vaxtsız dünyadan gedirlər? Əsərin yazıldığı dövrdə - yəni hadisələrin cərəyan etdiyi 80-ci illərdə pambıq birinciliyini qazanmaq üçün pambıq sahələrinə vertolyotla normadan hədsiz dərəcədə artıq dərmanlar səpirdilər. Dərmanlanmış sahələr hər kəsi – xüsusilə də hamilə qadınları elə zəhərləyirdi ki, onlar dünyaya xəstə uşaqlar gətirirdilər. Uşaqlar kimi, insanlar kimi təbiət  də reanimasiya vəziyyətində idi. Təbiətin də bətnindən doğulan ağaclar – meyvələr şikəst olmuşdular. Əsərdə təsvir olunan, budaqlarından badımcana bənzəyən meyvələr sallanan nar ağacı da buna misal ola bilər. “Qızı teşt” povestində Seyran Səxavət on aylıq körpənin ölüm səhnəsini təsvir edir. Ölüm körpənin gözünün içində elə şəkillənir ki, bu mənzərə oxucunu heyrətə gətirir, vahiməyə salır: 
“Körpə on aylıq idi. Körpənin ağ və təmiz üzündə ölüm yavaş-yavaş öz şəklini çəkirdi. Hələ təzə başlamışdı. Hazır olan kimi yəqin bu şəkli körpənin anasının gözlərinə bağışlayacaqdı. Ölüm şəkil çəkdikcə ananın bətni ağrıyırdı – elə bil ölüm öz şəklinin körpənin üzünə yox, ananın varlığına döyürdü.
Doğrudan da, dəhşətli səhnələrdir. Və bu epizodları sakit tonla, astadan oxumaq olmur. Bu sətirlər sanki o körpələrin gözündə öləziyən işıq kimi adamın düz ürəyinə batır. Biz uşaqlara “gələcəyimiz”-deyirik, “uşaqlar dünyanın sabahı!” – deyirik. Əcəba, bu cür dəhşətlərin baş verdiyi, bu səfalətlərin yaşandığı, idbarlığın hökm sürdüyü dünyada sabahımızı – uşaqlarımızın taleyini qaranlığa qərq etmirikmi?!
“Körpənin gözlərinin işığı azaldıqca Yer kürəsinin də işığı azalırdı...” – deyir Seyran Səxavət.
Əslində, göz görə-görə o balaca işıqların sönməyinə - dünyamızın qaranlığa qərq olmasına səbəb elə bizlər özümüz deyilmiyik?! Əlbəttə ki, bu acı nəticələrin kökündə dayanan böyük səbəb bizim susqunluğumuz, millət olaraq öz taleyimizə biganəliyimiz, laqeydliyimizdir. Əgər 1987-ci ildə yazılan “Qızıl teşt”də fələyin qızıl teştinə qan qusan körpələrin ölümünə səbəb pambıq sahələrinin normadan artıq dərmanlanması idisə, üstündən iyirmi il keçəndən sonra yazılan “Nekroloq” romanında taleyi qələmə alınan körpələrin ölümünə səbəb aclıq və səfalət idi. Bu dünyada yaşamağa, sevinməyə hamıdan çox haqqı çatan o körpələr əzab içində ölürlərsə və bu ölümün baiskarları – onların körpə ömürlərinin qatilləri cəzalanmırsa, günahı kimin üstünə yıxasan?! Torpaq qan qoxuyan  yer yox, uşaqların üstündə top-top oynadığı məkan olmalıdır. Hovard Zinnin məşhur bir fikrində deyildiyi kimi: Bu dünyada  masum insanların ölümünə səbəb olmanın utancını örtə biləcək böyüklükdə bayraq yoxdur”. Bəli, Seyran da öz əsərində yana-yana, göz yaşlarına boğula-boğula bu dəhşətlərin obrazlı dillə tablosunu canlandırır.
Povestin əvvəlində müəllif maraqlı ifadələr işlədir və bununla da əsərdə haqqında bəhs olunacaq obrazlarla bağlı oxucuda təsəvvür yaradır: ölümünü gözünün qabağına gətirə bilməyən adam – bu raykom katibi yoldaş Hüseynovdur, dünyanın səkkizinci möcüzəsi –bu qotur tutmuş nar ağacıdır. Namusuna toxulmuş torpaq, ulağı yandırılan Qəbil kişi, bostanı yolunan Göygöz kişi, başı qırxılmış Güləndam nənə “Qızıl teşt”də əsas obrazlardır. Xalq dilində  işlənən “Cəhənnəmə gedən özünə yoldaş axtarar”, “Neynirəm qızıl teşti ki, içinə qan qusacam”, “Qırxında öyrənən gorunda çalar”, “Adam su içdiyi bulağın gözünə tüpürməz”, “Ustadına kəm baxanın gözlərinə ağ damar” və s. deyimlər əsərə bir rəngarəglik qatır ki, burada həm də yazıçının improvizələri də maraq doğurur:
“Adam su içdiyi bulağın gözünə tüpürməz – Vətən də bulaq kimi şeydi.
Ustadına kəm baxanın gözlərinə ağ damar, Vətən də bir ustaddı.
Göz insana ona görə verilir ki, xalq üçün ağlasın, daha xalqına yuxarıdan aşağı baxmasın.
Yalan ayaq tutar, on-on beş il sürünər, ancaq yeriməz, ay kişilər.
Oğru bağırıb doğrunun bağrını çatlatmaq istəyəndə bilmədi ki, camaatı ayıldacaq, bilsəydi, səsini içinə salardı.
Xalqın səbir kasası daşanda rüşvətxorları sel aparır”.
Bir məqamı qeyd etmək istərdik ki, Seyran Səxavətin əsərlərində bir sıra ifadələr kodlar, elementlər, ştrix və detallar şəklində özünü göstərir. Məsələn: “Qızıl teşt”də “Xalqın səbir kasası daşanda rüşvətxorları sel aparır” ifadəsi işlənib ki, biz “Nekroloq” romanında sanki bu kodun açılışını görmüş oluruq. Şəhərə gələn dəhşətli sel barlarda, restoranlarda, yeraltı gecə klublarında əylənən, ciblərində dollarlar qalaqlanmış, qollarında, boyunlarında zəncir kimi qızıllar asılmış rüşvətxorların hamısını sürüyüb şəhərin küçələrinə çıxarır və “ölüsoyan” adı ilə tanıdığımız məşhur qəhrəman isə onların ağzından dişini, ciblərindən pulunu, boyun-boğazlarından qızılını sökür.
“Ocaq daşı” povestinin (1980) sonunda Abdulla kişinin son nəfəsini təsvir edən yazıçı belə bir ifadə işlədir: “Ölüm təyyarə kimi Abdullanın başının üstə fırlanırdı”. Bu əsərdə ölümü bu cür obrazlaşdıran, şəkilləndirən müəllif “Dar köynək” (1984) povestində bu detalı davam etdirir: “Ölüm pasport şəkli kimi qadının gözlərinin içinə baxırdı”. 
Seyran Səxavətin yaradıcılığında belə məqamlar xüsusilə diqqəti çəkir. Məsələn: “Ağdamda Qədir Rüstəmovla “atüstü” söhbət” (1988) sənədli hekayəsində yazıçının müsahibinə verdiyi suallara “Yəhudi əlifbası” (2009) romanında “özünü axtaran adamla” müsahibinin söhbətində də qarşılaşırsan. Bəzən ədibin işlətdiyi ifadələr də yaratdığı obrazlar kimi bir silsilə, bədii sistem təşkil edir. 
“Ocaq daşı” povestində elə ilk baxışdan obrazların adına nəzər salanda Seyran Səxavətin az sözlə fikri mənalandıra bilmək bacarığının şahidi oluruq. “Daş evlər” (1985) romanında qarşılaşacağımız “xizəksürmə üzrə Bakı çempionu” olan Şükufənin bu povestdə “alverçi Maya” kimi “xələfi” var idi: 
“Alverçi Mayanı Ağtəpə rayonunda tanımayan yox idi, məşhur idi. Alverçi Maya o vaxt Ağtəpədə bəlkə də, imanım Allah amanatı, yeganə ayağı sürüşkən qadın idi; dünyanın yaxşı vaxtları idi...
Bu yaxınlarda mərhum yazıçı-publisist Tofiq Abdinin jurnalistlərdən biri ilə müsahibəsini oxudum. Deyir ki, İsmayıl Şıxlının “Ayrılan yollar” romanında kiçik bir epizod var: “İmran qızı qucaqlayıb çəmənliyə yıxdı, qız dillənmədi və …” Burada müəllif üç nöqtə qoymaqla öz fikrini oxucusuna çatdırır. Amma bəla burasındadır ki, indiki dövrdə yaranan əsərlərdə yazarlar “qızı çəmənliyə yıxandan sonra üç səhifə də sonrakı prosesdən yazırlar”. Əslində bu nə ədəbiyyat, nə də yenilik deyil.  Əslində, bu kimi kiçik hallar bəzən o qədər çoxalır ki, bütünlüklə bu bədii ədəbiyyatın tərbiyəvi və estetik mahiyyətinə müəyyən mənada kölgə salmış olur. Bax bu zaman ədəbiyyatımızın sabahı ilə bağlı həyəcan təbili çalmağın məqamı yetişdiyini anlayırsan. Seyran Səxavətin əsərlərində belə məqamlarda müəllifin üstüörtülü, yeri gəldikcə, ironik yanaşması diqqəti cəlb edir. Məsələn: “Daş evlər” romanının əvvəlində obrazların kiçicik xarakteristikasını verərkən yazıçı birbaşa demir ki, əsərdəki qəhrəmanlardan biri – Salmanın arvadı Şükufə əxlaqsızdı. Müəllif bunu elə tərzdə çatdırır ki, həm obraz haqqında informasiya almış olursan, həm də onun əxlaqca yüngüllüyünə, düz yolun yolçusu olmadığına tənqidi yanaşa bilirsən: “ “Məhəllədə Şükufəyə “çempion” deyirlər, xizək sürmək üzrə Bakı çempionu. Bəzən ona ”xizəkli” də deyirlər. O geyinib-gecinib evdən çıxanda deyirlər ki, getdi sürüşməyə”. Və bütün bu sözləri onun ancaq dalınca deyə bilirlər... 
“Ocaq daşı” povestində iştirak edən ocaqçı Abdulla, pəhləvan Səlim, məhsul Əli, hamamçı Xanış, kababçı Mirik, alverçi Maya, aptek Diliş, alver İsgəndər, kontujnı Balaəmi, Əliş Rahimov, Zina Dadaş, şofer Quduş, Xanov, Qulamov və başqaları əsərə elə adları kimi rəngarənglik gətirir. 
Bədii əsərlərin dili haqqında dilçi alimlər iki maraqlı fikir irəli sürürlər:
Birinci fikrə görə,  “bədii əsərin dili diqqətlə düşünülmüş, həm də olduqca sadə olmalıdır. Diqqətlə düşünülmüşlük təhkiyənin tam təbiiliyinə qətiyyən mane olmamalıdır.” 
Dilçi alimlərin irəli sürdüyü ikinci fikrə görə, “bədii nəsr elə yazılmalıdır ki, o, xüsusi quruluşla, xüsusi nizamla və xüsusi intonasiya ilə seçilsin”. Bu mənada, Seyran Səxavətin nəsr dili diqqətlə düşünülmüş dildir. Lakin bu düşünülmüşlük hiss olunmur, çünki müəllifin dili həm də təbii, canlı, axıcı, ahəngdar və koloritlidir. 
Bədii əsərin dili adi gündəlik məişət üslubundan fərqli olaraq, bədii və obrazlı, müəyyən qədər də koloritli olmalıdır. Yəni söz adamı, istər şair, yazıçı, dramaturq, publisist, esseist adi adamların danışığında olduğu kimi əhvalat söyləməklə, təsvirçiliklə öz yaradıcılıq vəzifəsini, məramını yekunlaşmış hesab etməməlidir. Xalq yazıçısı Mirzə İbrahimovun qeyd etdiyi kimi: “Bədii dilin özünün loqarifması vardır və onu öyrənmək bütün ömrü boyu yazıçının vəzifəsidir”.
Sənətkar – yazıçı ya şair satirik olmaya bilər, amma onun qələmə aldığı həyat həqiqətlərində komizm, sarkazm, istehza, satira, yumor hissi olmalıdır və o fikri üstüörtülü ifadə etmək məqsədilə bunlardan yerli-yerində istifadə etməyi bacarmalıdır. Seyran Səxavət satirik yazıçı deyildir, lakin onun əsərlərinin demək olar ki, böyük əksəriyyətində satirik detalların rolu böyükdür. “Yalan yaltaqlığın lirikasıdı”, “Kənardan baxanda Yer kürəsi çürük toxuma oxşayır, yaxından baxanda isə görürsən ki, oxşamır, elə çürükdü” və s. kimi ifadələr, sarkazm elementləri həm bədii əsərdə əsas ideyanın açılmasına xidmət edir, həm də cəmiyyətdəki özbaşınalığa ayna tutan belə satirik detalları cəsarətlə işıqlandırması oxucu qəlbində sənətkara olduqca böyük rəğbət yaradır. 
Yazıçı  istehza-satira yolu ilə yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Buna görə də əsərlərində öldürücü satira vasitələrindən məharətlə istifadə edərək məhz bu yolla sosial-ictimai qüsurların qabardılmasına çalışır, tipi öz dili ilə ifşa etməklə diqqəti xarakterlərin təbiətindəki komizmə, gülünclüyə, naqisliyə yönəldir.  
Bu mənada, Seyran Səxavətin əsərlərində cəmiyyətdə hökm sürən sosial-siyasi və əxlaqi problemlərin qabarıq şəkildə ifadəsi xüsusilə diqqəti cəlb edir, müəllif toplumun mövcud olan qüsurlarını təhlil və tənqid etmək üçün kinayə, ironiya, sarkazm və s. kimi bədii ifadə vasitələrindən  geniş şəkildə istifadə edir.                                                                                                                                                 Seyran Səxavətin bəzi əsərlərində obrazların danışığı satirik, öldürücü, ifşaedici gülüşlə səciyyələnirsə, “Ocaq daşı” povestində isə yumoristik, islahedici gülüşlə yadda qalır. Əsərdə Səfər müəllim obrazı həm duzlu-məzəli zarafatları, baməzəliyi ilə seçilirsə də, o daha çox eybəcərliklərə, gördüyü nöqsanlara susmamasına, sərt, ifşaedici mövqeyinə görə yadda qalır. Əliş Rahimov Ağtəpə rayonunda bütün ticarət işlərini əlinə almışdı. Səfər müəllim Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında satirik bir mənzumə yazaraq Əliş Rahimovu və onun eybəcər əməllərini tənqid etmişdi.
 Əliş Rahimov:
Keçdi pəncəmizə gözəl ticarət,
Bu şeir ticarət, qəzəl ticarət.
Mən onluq qızılam, pullar şahıyam,
Mən də ticarətin bir allahıyam.
Alver İsgəndər (sədrin ara adamı, alıb-verəni):
Buyruq sizinkidir, əzizim sədir,
Çox şey görəcəyik, hələ bu nədir?
Sən Məcnun timsallı, stol sənə yar,
Sizdə ədalət də, xəcalət də var... 
Müəllif qeyd edir ki, Səfərin bu satirik mənzuməsi qısa müddət ərzində Ağtəpədə elə dillər əzbəri olur ki, Əliş Rahimov əməllərini düzəltməyə, özünə çəki-düzən verməyə başlayır. Səfər kəndli ilə, aşağı təbəqədən olan adamlardan heç biri ilə işi yox idi. O, ancaq xalqın malını basıb yeyən, harınlayan və xalqa yuxarıdan-aşağıya xor baxanları tənqid edirdi. Bir gün Səfər müəllimin latış dostu Valentinas Vilnüsdən Ağtəpə rayonuna qonaq gəlir. Səfər onu rayonun bütün görməli yerlərinə aparır. Yolda Valentinas Səfər müəllimdən xahiş edir ki, Şah Abbasın karvansarayına getsinlər, oranı görmək arzusundadır. Səfər Valentinasın arzusunu yerinə yetirir, onlar yaxın kənddə yerləşən Şah Abbas karvansarayına gedirlər. Amma orada gördükləri ürəkaçmayan mənzərə Səfər müəllimi bərk dilxor edir. Ordan qayıdıb Valentinası yola salan kimi Səfər dərhal evlərinə gedib rayon mədəniyyət şöbəsinin müdiri Valid müəllimin evinə zəng edir. Aralarındakı kiçicik dialoqda Səfər müəllim rayon mədəniyyət şöbəsinin müdiri Valid müəllimi utandırır.
   “ - Allo. Valid müəllim, axşamın xeyir. Bəri bax, Valid müəllim, inqilabdan qabaq sənin atan kim olub?
- Noolacaq, ay Səfər müəllim, muzdur olub.
- Hardaydı onun evi, dururmu?
- Yazığın evi olub ki, bir çovustanı var idi...
- Bax o çovustan harda olub, yeri-yurdu...
- O çovustanın yerində indi biz oluruq də...
- O ikimərtəbəli, qəşəng ev səninkidi?
- Bəli, Səfər müəllim. Qadan alım, niyə soruşursan ki?
- Valid, sən o çovustanın yerində birdən-birə o boyda ev tikdirdin?
- Ay Səfər müəllim, qadan alım, mənim heç ikimərtəbə tikdirmək fikrim-filanım yox idi. Bir gün, Allah cəmi ölənlərə rəhmət eləsin, rəhmətlik dədəm yuxuma girdi. Yazıq kişi maa dedi ki, bəs, ay Valid, həmişə arzulamışam ki, mənim də daş evim olsun, özü də ikimərtəbə.  Hə, rəhmətlik dedi ki, mənim imkanım olmayıb, ağalar, bəylər qoymuyub. İndi, ay oğul, şükür Allaha, Şura höküməti...
Səfər onun sözünü kəsdi:
- Valid müəllim, Şah Abbas yuxuna girməyib ki, heç?
- Şah Abbas? Şah Abbas yoox... Heç yuxuma girsə də, tanımaram. 
- Eşitmişəm ki, gecə yatanda bir adamı yuxuda gömək üçün onu ürəyində tutub yasdığı çevirirsən, o adam mütləq yuxuna girir... Bura bax, a kişi, yasdığı-zadı çevirmək lazım deyil. Niyə Şah Abbasın karvansarayına baxmırsan, bir əl gəzdirmirsən? Rəhmətlik dədən demiş, Şura hökümətinin hesabına ikimərtəbəli ev tikmisən, ay muzdur oğlu muzdur, ancaq Şura höküməti tarixi abidələr haqqında qərar verib, onu niyə eləmirsən?
- Allah səni bizim camaata çox görməsin, ay Səfər müəllim, gör heç bizim ağlımıza gəlir? Tarixi keçmişimizə hörmət hər birimizin...
- Uzatma, elə bilirsən bu mənim ağlıma gəlib... Vilnüsdən bir qonağım gəlib, getmişdik baxmağa, biabırçılıqdı...”
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Seyran Səxavətin əsərlərinin əlyazmalarının saxlandığı 705 nömrəli fondda tədqiqat işimlə bağlı araşdırma apararkən maraqlı məqamlarla qarşılaşdım. Belə ki, ədibin “Hamı elə bilirdi” adlı ilk nəsr kitabında işıq üzü görən, müharibə illərindən bəhs edən “Ağrı” povestinin ilk əlyazmasında əsərin adı “Başı kəsik arvadın oğlu” idi. Bu povestdə böyük vətən müharibəsinin vətənimizə, elimizə gətirdiyi bəlalı dəhşətlər, yüzlərlə uşağın atasız, gəlinlərin dul, anaların oğulsuz qaldığı illərin ağrıları təsvir olunur. “Ağrı” povestində əsas adı çəkilən Firəngiz xala isə əri müharibədən qayıtmadığına görə, el arasında “başı kəsik arvad” çağrılırmış, əsər də məhz onun adı ilə “Başı kəsik arvadın oğlu” adlandırılıb. Qərb qrupu dialektlərində, o cümlədən Seyranın mənsub olduğu Qarabağ dialektində kişi, ər baş hesab olunar, ərsiz qadın isə “başı kəsik” adlanardı. Bu kimi ifadələrdən istifadəsi həm də yazıçı Seyran Səxavətin xalq dilinə, həyat tərzinə son dərəcə bələdliyindən xəbər verir. 
Xalq şairi, professor Bəxtiyar Vahabzadə “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “Oxudum, heyran oldum” adlı məqaləsində Seyranın nəsr dilinin xəlqiliyini xüsusi qiymətləndirərək yazırdı: “Seyran kəndi, kənd mühitini, kənd məişətini, adət-ənənəni və ümumən xalqın inanclarını yaxşı bildiyini əsərlərinin hər səhifəsində göstərir. Buna görə də onun dili xalqın şəhdi-şirəli danışıq dilidir. Məsələn: “qırışığı açıldı”, “suyu süzülə-süzülə getdi”, “əlim aşağıdı”, “başına at təpib”, “cin atına mindi”, “qızın çiçəyi çırtladı”, “Hoydu-hoyduya götürdü”, “məni cin atına mindirdi” və s. ifadələri nümunə göstərə bilərik”.
Milli ədəbiyyatımızda tipi öz dili ilə danışdırma, tipin öz danışığı ilə özünü ifşası Mirzə Ələkbər Sabirin satiraları ilə başlayır. Böyük Sabirlə başlayan bu yazı üslubu Əbdürrəhim bəy Haqverdiyevin də yaradıcılığında – “Marallarım”, “Xortdanın cəhənnəm məktubları” və s. əsərlərdə müşahidə olunmaqdadır. Seyran Səxavət də Sabir ənənəsinə sadiq qalaraq sələflərinin bu yazı tərzini özünəməxsus şəkildə davam etdirmişdir. Belə ki, yazıçının “Dəyirmanın boğazında” (1976), “Paravozsürən (1976), “Qaçay müəllim” (1987) hekayələrinin qəhrəmanları öz danışıqları ilə oxucunu özünə güldürür. 
“Qaçay müəllim”i ədib özü hekayə adlandırsa da, biz bu əsəri gözlənilməz sonluqla bitdiyi üçün novella hesab edirik. Arxivdə tədqiqat apardığım zaman bu hekayənin ilk əlyazma nüsxəsinə rast gəlmişdim ki, həmin variantda əsər “Gimnastika dərsi” adlandırılmışdı. Görünür, sonradan müəllif əsəri hadisələri ətrafında cərəyan etdiyi əsas qəhrəmanın adı ilə “Qaçay müəllim” adlandırıb. Qaçay müəllim təkcə davranışları, düşüncə tərzi ilə deyil, hətta geyimi, libası, ailəsinə, həyat yoldaşına münasibəti baxımından da o zamankı Azərbaycan kəndi üçün yeni bir obrazdır. Qaçay müəllim kənddə ilk silindr papaq qoyan kişidir. Kənd camaatının hamısının buxara papaq qoyduğu bir vaxtda Qaçayın geyimi hər kəsdə maraq doğurur. Əsərdə obrazlar azdır, hadisələr bir kənddə və cəmisi iki ailənin məişəti fonunda baş verir. Şükür kişi ilə Güləndam arvadın evində onların arasında gedən dialoqlardan oxucuya aydın olur ki, onlar Qaçay müəllimi satqın, xəbər daşıyan casus zənn edirlər. Onların, ələlxüsus da Şükür kişinin bu cür düşünməyinə səbəb səhərlər o başdan, dan yeri sökülməmiş Qaçayın hardansa hövlnak gəlməyi olur. Şükür kişi fikirləşir ki, axı bu boyda adamı səhərin alaqaranlığında kəndin o başına piyada getməyə məcbur edən nə ola bilər. Şübhəsiz ki, o, ya oğurluq, ya da casusluqla məşğuldur.
Hekayədə Qaçayın öz arvadı Eyzangüllə və Şükür kişinin arvadı Güləndam qarı ilə söhbətlərində də maraqlı məqamlar diqqəti çəkir. “Pobeda”nı saxlayıb Güləndam arvadı maşına dəvət edəndə Qaçay “əyləş” deyir, bu sözü ilk dəfə eşidən biçarə Güləndam arvad gözlərini döyə-döyə qalır, “əyləş” sözünün nə demək olduğunu başa düşmür, sonra da tez-tez özünə deyir ki, Şükür kişi nobatdan gələndə ona otur yox, əyləş desin. Qaçayın arvadına adıyla deyil, “Eyzangül müəllim” deyə müraciət etməsi də Güləndamın xoşuna gəlmir, onlara arsız kimi baxır. Amma Qaçayın yolboyu qayğıyla, nəzakətlə rəftarı, evlərinə çatanda isə Şükür kişiyə aldığı gilasdan pay göndərməsi qadının ürəyini açır, düşünür ki, evə çatan kimi ərinə desin ki, bu cür yaxşı adamdan oğurluqda, satqınlıqda şübhələnmək günahdır. Evdəki söhbətlərində Şükür kişi Qaçaydan da, onun ailəsindən də uzaq durmağı möhkəmcə tövsiyə edir və bununla da ürəyi soyumayan Şükür kişi “Qaçay müəllim işpiondu” – deyir. Güləndam arvadın heç nə başa düşmədiyini, key kimi gözlərini döydüyünü görən Şükür kişi izah edir ki, “Ay arvad, yəni, Qaçay müəllim bizim adam dəyil, - Əmirkənin adamıdı”. Bu xəbəri arvadına verəndən sonra Şükür birbaşa sahə müvəkkilinin yanına gəlir, Qaçayla bağlı şübhələrini yerli-yataqlı sahə müvəkkilinə danışır və onun tutulmağının vacibliyini vurğulayır. Məsələni aydınlaşdırmaq məqsədilə onlar Qaçayın evinin həndəvərində dolanırlar, Şükür kişi bildirir ki, Qaçayın Əmirkəyə necə xəbər verdiyini bu saat öz gözlərinizlə görəcəksiniz. Bu zaman evin qapısı açılır və Qaçay bayıra çıxır.
“İkinci mərtəbədəki qapı cırıldadı və cırıltı kəsilən kimi addım səsləri eşidildi. Onlar əvvəlcə pilləkəndə Qaçayın ayağının birini, sonra ikincisini, sonra da onu başdan-ayağa gördülər. Qaçay çox qayğılı görünürdü. Əlini saçına çəkdi, şirin-şirin gərnəşdi, saatına baxdı, cəld yuxarı çıxdı. Sahə müvəkkili nəfəsini çəkmədən onun hərəkətlərinə fikir verirdi. Qaçay əlindəki balaca radionun antenasını çəkib çıxaranda Şükür kişi yanında uzanan sahə müvəkkilinə pıçıldadı: Qaçay işpiondu. 
Sahə müvəkkili bir anın içində hər şeyi başa düşdü. Gülmək onu tutmuşdu.
Qaçay isə radionu açıb səhər idmanını edirdi: - Sabahınız xeyir, yoldaşlar. Gimnastika dərsinə başlayırıq...”.
Hadisələrin bu cür gülməli, gözlənilməz sonluqla bitməsi bizə Əbdürrəhim bəy Haqverdiyevin “Bomba” hekayəsini xatırladır. Feyzulla kişinin evindən bomba axtaranların əli boşa çıxdığı, bomba kisələrinin əvəzinə qarpız tapıldığı kimi Şükür kişinin xəbərdarlığı ilə “kəşfiyyat gələn” sahə müvəkkili də Qaçay müəllimin yapon maqnitafonuna qulaq asa-asa səhər idmanı - gimnastika ilə məşğul olduğunu öyrənir. 
Bəxtiyar Vahabzadə Seyran Səxavətin əsərlərinin bədii sənətkarlıq və dil xüsusiyyətlərindən danışarkən maraqlı bir detalı xüsusilə qeyd edirdi: “Seyran Səxavətin əsərlərində təsvir, demək olar ki, yoxdur. Əvəzində canlı söhbət, dialoqlardan doğan vəziyyət və vəziyyətlərdən doğan hərəkət aparıcıdır. Buna görə də, təəccüb edirəm, nəyə görə Seyran yalnız bir əsərlə dramaturgiyadan əl çəkdi? Onun əsərlərində canlı söhbət təsviri əvəz edir. Yazıçı özü danışmır, obrazlarını danışdırır. Dialoqlar nəyisə sübut, nəyisə inkar etmək məqsədini güdmür, yalnız göstərir”.
Bununla bağlı bir məqamı qeyd etmək istərdik ki, doğrudur, Seyran Səxavətin çox az dram əsəri səhnələşdirilib və bu da belə ictimai fikrin yaranmasına əsas verir ki, o, dramaturgiyadan tez əl çəkdi. Amma arxivdə araşdırma apardığımız zaman biz tamam başqa reallıqla qarşılaşmış olduq. Seyran Səxavət dramaturq kimi də qələmini çoxlu sayda pyes üzərində sınayıb və bu addımlar olduqca uğurlu alınıb. Əlyazmalar əsasında həmin əldə etdiyimiz, hələlik işıq üzü görməyən əsərləri: “Dünya birinciliyi” (“Gün ağladılar”),  “Daş ürək”, “Tabut” (“Büst”), “Paravozsürən”, “Qapıların o üzündə qalan dünya”, “Qızıl teşt” pyeslərini nəşrə hazırladıq. 
 “Yazıçının vəzifəsi həqiqəti söyləməkdir. Və onu elə söyləməlidir ki, yadda qalsın, adamlar onu oxusun və başa düşsün”- bu fikirlər məşhur Amerika yazıçısı U.Folknerə məxsusdur. O, həqiqi nəsr nümunələrinin şair əməyinin məhsulu kimi meydana çıxdığını qeyd edərək: “Mənim nəsrim poeziyadır” deyirdi. Folknerin fikrincə, “hər bir romançı poetik düşüncələrini nəsrlə ifadə edə bilən şairdir. Daha doğrusu, adam əvvəlcə şeir yazır, bunun ardınca, öz formasının mürəkkəbliyinə görə poeziyadan sonra ikinci yerdə duran hekayə janrını təcrübədən keçirir, daha sonra roman yazmağa başlayır”.  
Bu fikirlər, mahiyyət etibarilə, Seyran Səxavət yaradıcılığına tam aid edilə bilər. Nəsrin şeiriyyətini yarada bilmək Qoqola, Folknerə aid olduğu qədərYusif Səmədoğluna, Seyran Səxavətə də aid olmalıdı. Mərhum professor Mürşüd Məmmədli yazır ki: Seyranın nəsr dili o qədər axıcıdır ki, bəzən adama  elə gəlir ki, şeir oxuyursan. Seyran Səxavət nəsrə poeziyadan gəlmiş və nəsri poeziya səviyyəsinə qaldırmış qüdrətli yazıçılardandır.
Seyran Səxavətin nəsrində bir şeiriyyət, şeir duyumluluğu var. Yazıçı bəzən mürəkkəb, hətta mücərrəd görünən fikirləri, hissləri belə oxucuya son dərəcə təbii və doğma axarda təqdim edə bilir. Oxuduqca sanki rastlaşdığın hadisələr gözünün önündə kino lenti kimi canlanır, obrazların fikir, düşüncə, istək və əzab aləmləri oxucuya aydın şəkildə təqdim olunur. Bu mənada, biz Seyran Səxavətin bədii nəsrində qəhrəmanların mənəvi dünyasını, bu dünyanın içini, daxili gizlinlərini görür, obrazın ruhani varlığı ilə qarşılaşırıq. 
Əgər bədii əsəri oxuyan adam həm müəlliflə, həm də bu əsəri oxuyan başqa adamlarla eyni hissləri keçirib ruhən onlara qaynayıb qarışırsa, deməli, bu əsl sənət əsəridir. Belə əsəri oxuyan adama elə gəlir ki, burda yazılanların hamısı onun çoxdan demək istədikləridir. Əsl sənət əsəri həm oxucuyla müəllifin, həm də oxucuyla başqa oxucuların arasından bütün sədləri götürür. Əsl sənət əsərinin gücü məhz burda – insanı öz tənhalığından xilas eləyib başqalarına doğmalaş¬¬¬¬dır¬¬¬mağındadır. Bu mənada, adlar, titullar, hamısı yazıçı üçün önəmsiz şeylərdir. Önəmli olan oxucu qəlbinə gedən yolu tapmaq və oxucuya istədiyini verməyə çalışmaqdır. Əslində, böyük mükafatlar yazıçının dahiliyinə tam dəlalət edən amil deyil. Bu mənada, oxucu qəlbinə gedən yolu tapan və oxucusunu özü ilə bərabər Haqqa tapındıran Seyran Səxavət yazdığı əsərlər vasitəsilə insanlar arasında sədləri götürür, onları tənhalıqdan xilas edib bir-birinə doğmalaşdırır və oxucunu sözün həqiqi mənasında işığa, nura, daxili saflığa doğru yönəldir.
Yazıçı istər mövzu, problem, istərsə də bədii sənətkarlıq və dil cəhətdən Azərbaycan nəsrinin ən yaxşı ənənələrinə söykənir və onu inkişaf etdirir. Tənqidi-satirik, ironik ifadə tərzinin dərinliyi, dramatizmin qüvvətli yumorla birləşməsi, bədii formanın kamilliyi və zənginliyi Seyran Səxavətin nəsrinin əsas xüsusiyyətləridir. Onun təkcə nəsrinə deyil, ümumilikdə bütün yaradıcılığına xas olan humanizm oxucuda dərin mənəvi aləm formalaşdırır  və insanı əxlaqiyə bütövlüyə, kamilliyə, özünüdərkə yönləndirir.

Xəyalə Əfəndiyeva

...
"Niyə Dövlət Departameni bu cür ermənipərəst konqresmenləri başa salmır ki..."
Yaqub Mahmudov: "Universitetin adı mənim təklifimlə dəyişdirilib"
Dünyada ilk dəfə əməliyyatsız mədə kiçiltmə prosesi aparıldı
Ana ilə körpəsi ölümdən saniyələrlə xilas oldu - VİDEO
Metroda çətin anlar: Evə tələsən sərnişinlər yolda qaldı
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“20 yanvar günü Bakıda qırğın törədən ermənilər Qroznıda məhv edildi”
Hadisə
20 yanvar Şəhidləri İğdırda anıldı - FOTOLAR
Cəmiyyət
Tehran kitabxanasından türklərə aid nadir tarixi nüsxə əldə edilib
Cəmiyyət
“Onların arasında Saratovdan, Krosnadardan çağırılan ermənilər olub”
Mədəniyyət
Nizami Kino Mərkəzindən 20 Yanvarla bağlı jest- Yalnız bu film olacaq
Həftənin ən çox oxunanları
"Putini 48 ildir tanıyan bir insan kimi deyirəm" - "Qarabağ düyününü açmaq onun iradəsindən asılı olsaydı..."
Qız alt paltarında, "dini" verilişdə "ilahiyyatçı" üçün erotik rəqs etdi - VIDEO
“Dövlətim əmr versə ki, əmim Sərdar Cəlaloğlunun evini tankla yıx.." -Şəhid komandir Rasim Məmmədov
Təkər gətirənlər tələyə düşdü - Həyəcan təbili...
“Əbiyev gəlmirdi, Zakir Həsənov isə bir neçə dəfə bizi ziyarət edib” - Fəriköy məzarlığında...
Dünya Əzimovun hazırladığı tortdan danışır - VİDEO
Yol polisindən MMX-sı olan sürücülərə "qara" xəbər... - VİDEO
Ziya Məmmədov xüsusi təyinatlılarla biznesmenin oğlunu tutdu: "Atana de ki..."
Qarabağı azad etmək fürsəti - “Belə şans həmişə ələ düşmür...”
"Doğuşdan ölənə qədər rüşvət..." - Prezidentin köməkçilərinin gözləri Mübariz Qurbanlıda...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin