“Hələ də müqəssirlərin adını çəkməkdən çəkinirik”
Bir neçə gündən sonra ölkəmizdə 1990-cı ilin 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd olunacaq. Maraqlıdır, 20 Yanvar, Xocalı soyqırımı kimi faciələr teatr və kinomuza yetərincə yol tapıbmı? Bu faciələr və onların gerçək mahiyyəti ilə bağlı yeni teatr və kino əsərlərinin hazırlanmasına, bu əsərlərin səhnələrə, ekranlara daşınmasına ehtiyac varmı?
Moderator.az bu və bu kimi məsələlərə xalq artisti, Azərbaycan Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı ilə söhbətində aydınlıq gətirməyə çalışıb:
-Nurəddin bəy, qarşıdan 20 Yanvar olaylarının növbəti ildönümü gəlir. Sizcə istər 20 Yanvar, istərsə də Xocalı faciəsi kimi olaylar Azərbaycan səhnəsinə yetərincə yol tapıbmı? Bu hadisələrədn bəhs edən yeni tamaşa və filmlərin hazırlanmasına ehtiyac varmı?
-Təbii ki, bu cür tamaşalara, filmlərə ehtiyac çoxdur. İllər boyu da buna ehtiyac olub. Lakin təəssüflər olsun ki, bu mövzulara az müraciət ediblər. Doğrudur, yazılar yazılıb. Şeirlər, povestlər, hekayələr və s. qələmə alınıb. Lakin bu hadisələr teatrdə, kinoda lazımınca yer almayıb.
Doğrudur, bəzi teatrların repertuarında belə tamaşalar var. Yaxud 20 Yanvar və ya Xocalı faciəsinin ildönümü olandan-olana ədəbi kompozisiya şəklində tamaşaçılara müəyyən səhnələr təqdim edirlər. Lakin bu olayların ildə bir dəfə xatırlanması düzgün deyil.
-Sizcə bu olaylardan bəhs edən tamaşa və filmlərdə həmin hadisələrin mahiyyəti və miqyası öz əksini lazımınca tapıbmı? Söyləmək olarmı ki, bu tamaşa və filmlərə baxmaqla həmin hadisələrin mahiyyəti, çalarları haqqında dolğun məlumat əldə etmək mümkündür?
-Hesab edirəm ki, bəzən bu hadisələr elə formada yada salınır ki, bu faciələri bu cür xatırlamaqdansa, xatırlamamaq daha yaxşıdır. Bu işə ciddi şəkildə yanaşmaq lazımdır. Elə əsərlər ortaya qoymaq lazımdır ki, bu əsərlər o faciələrin miqyasını özündə əks etdirə bilsin. Bu əsərlərə baxmaqla həmin dövrü, o dövrdə baş verən faciənin miqyasını, dərəcəsini aydın görmək mümkün olsun. Bu cür əsərlərin yaranması daha məqsədəuyğun və faydalıdır.
-Sizcə 20 Yanvar, Xocalı soyqırımı kimi olayların tamaşa və film şəklində dünya səhnələrinə də yol tapmasına ehtiyac varmı?
-Təbii ki, buna çox ciddi ehtiyac var. Biz xalqımızın başına gətirilən bu faciələri bütün dünyaya çıxartmalı, beynəlxalq ictimaiyyətə tanıtmalıyıq. Yalnız özümüz-öz aramızda təbliğat aparmaqla iş bitmir. İldə bir dəfə, hesabat xatirinə keçirilən tədbirlərə ehtiyac yoxdur. “Tədbir keçirildi” deyilsin deyə tədbir keçirmək lazım deyil. İşin formal tərəfinə deyil, mahiyyətinə diqqət yetirməyimiz lazımdır.
-Nurəddin bəy, Akademik Milli Dram Teatrında Qarabağ olayları, Azərbaycan xalqının başına gətirilən müsibətlərlə bağlı hansısa tamaşa göstərilirmi?
-Bizim Akademik Milli Dram Teatrının səhnəsində “Xəcalət” tamaşası təqdim edilir. Bir ildir ki, bu tamaşa izləyicilərə göstərilir. Bu, Qarabağ hadisələri ilə bağlı bir tamaşadır. Burada Qarabağ olayları fonunda insan taleləri öz əksini tapır. Biz bu tamaşa ilə xarici ölkələrə getmişik, beynəlxalq festivallarda iştirak etmişik, mükafatlar almışıq və s. Lakin bir güllə bahar olmur. Doğrudur, bəzi teatrlarda da bu qəbildən olan tamaşalar var. Lakin onların sayı çox azdır. Xalqımızın üzləşdiyi faciələrin, vəhşiliklərin miqyası ilə müqayisədə teatr və kino sahəsində görlən işlər olduqca azdır və əsla qənaətbəxş hesab edilə bilməz.
-Sizcə milli faciələrimizə bu müstəvidə marağın azlığı nə ilə bağlıdır?
-Məsələ ondadır ki, 20 Yanvar faciəsini, onun əsl mahiyyətini, gerçək üzünü bütün dolğunluğu ilə təqdim etməkdən belə çəkinirik. Niyə çəkinirik, düzü bunu anlamıram. Bu gün biz müstəqil bir dövlətik. Rusiya da ayrıca bir müstəqil dövlətdir. 20 Yanvar faciəsi isə sovet rejimi vaxtı törədilib. Biz sovet rejiminin bizə qarşı həyata keçirdiyi cinayətin günahkarlarının adını söyləməyə ehtiyat edirik. Hesab edirəm ki, məsələyə belə yanaşmaq özümüzün-özümüzə hörmətsizliyindən başqa bir şey deyil.
-Demək hesab edirsiniz ki, həqiqəti deməkdən çəkinməməli, bu faciələrin törədilməsində əli olan heç kim diqqətdən kənarda qalmamlıdır?
-Bəli. Hər şey adı ilə deyilməlidir. Dost da, düşmən də adı ilə çağırılmalıdır. Bu günə qədər məlum faciələrlə bağlı onlarla bədii filmlər çəkilməli idi. Biz bu filmləri, həmin filmlər vasitəsi ilə başımıza gətirilən faciələri dünyaya çatdırmalı idik. Bu gün Xocalı faciəsi ilə bağlı onlarla film, onlarla tamaşa olmalı idi ki, biz ancaq öz qazanımızda qaynamayaq. Həm də dünyaya çıxaq, dünyaya göstərək ki, bzim başımıza hansı fəlakətlər gəlib. Bunun özü Qarabağ probleminin həllinə də ciddi bir kömək olardı. Hər bir millətin ən böyük faciəsi onda başlayır ki, onun yaddaş problemi meydana gəlir.
-Sizcə bizim də yaddaş problemimiz varmı?
-Nə qədər acı da olsa mənə belə gəlir ki, bizim yaddaş problemimiz var. Biz bəzən başımıza gələn bir hadisəni üzərindən 3-5 gün, yaxud bir ay, bir il keçəndən sonra unduruq. Sonradan başımıza gələn fəlakətlərin də, faciələrin də səbəbi elə budur. Bunlar unudulası hadisələr deyil. Başımıza gətirilən bu faciələr unudulası faciələr deyil. Mən demirəm ki, ağlayaq, göz yaşı tökək. Qətiyyən! Bu bitib. Biz ağlamışıq da, göz yaşı da tökmüşük. Indi məsələyə başqa cür yanaşmalıyıq.
-Nurəddin bəy, milli-tarixi faciələrimizlə bağlı hazırlanan teatr və kinoların ana xəttini nə təşkil etməlidir? Bu əsərlər sadəcə həmin faciələrin teatr və kino vasitəsi ilə işıqlandırılmasına xidmət etməlidir, yoxsa həm də xalqımıza qarşı ağır cinayətlər törədənlərin ifşa edilməsi, onların məsuliyyətə cəlb olunması diqqət mərkəzində saxlanılmalıdır?
-Biz bu hadisələri törədənləri dünya qarşısında cavabdehliyə səsləməliyik. Görəcəyimiz bütün işlər buna hesablanmalıdır. Təkcə 20 Yanvar və ya Xocalı faciəsi ərəfəsində deyil, hər gün bu istiqamətdə iş aparmalıyıq. Hər gün Azərbaycanda Qarabağ Günü, 20 Yanvar Günü, Xocalı Günü olmalıdır. Bizim hər günümüz belə keçməldiir. Biz bunu bütün dünyaya təqdim etməli, bütün dünyada təbliğ etməliyik. Mən belə düşünürəm.
Seymur Əliyev