ABŞ yeni ildən etibarən İrana qarşı sanksiyaları genişləndirməyə başlayıb. Maraqlıdır, ABŞ sanksiyaları nəticəsində İranın iqtisadi durumunun ağırlaşması, rəsmi Tehranı Ermənistanla birlikdə həyata keçirməyi planlaşdırdığı layihələrədn imtina etməyə vadar edə bilərmi?
Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bunun İranın iqtisadi durumundan asılı olduğunu vurğuladı:
“Düşünürəm ki, bu sanksiyaların ticarət əlaqələrinə ciddi təsiri olmayacaq. Ticarət əlaqələri Ermənistan üçün xüsusilə vacibdir. Ermənistanın quru sərhəddinə malik olduğu vacib ölkələrdən biri İrandır. İranın Ermənistanda ciddi geosiyasi maraqlarının olduğu məlumdur. Odur ki, bu ticarət əlaqələrinin kəsiləcəyini düşünmürəm. Ancaq elə layihələr var ki, bu layihələrin maliyyələşməsi bialavasitə İran büdcəsinə bağlıdır. Maliyyə məhdudiyyətlərinin yaranacağı təqdirdə, bu cür layihələrin təxirə salınması gözləniləndir.
ABŞ iqtisadi-maliyyə sanksiyalarını genişləndirməklə İran daxilində sosial etirazlar yaratmağı hədəfləyir. Bu baxımdan İranın özünün iqtisadi durumu ağırlaşdığı halda, təbii ki, İran o qədər də strateji anlam daşımayan bəzi layihələrin reallaşması üçün gərəkli olan vəsaitin ayrılmasını təxirə salacaq”.
Seymur Əliyev