Azərbaycanda dünya miqyaslı yazıçıların olduğu, sadəcə olaraq onların əsərlərinin tərcümə olunub digər ölkələrə yayılmadığı üçün bu şəxslərin lazımınca tanınmadığı, dünya şöhrəti qazana bilmədiyi ilə bağlı fikirlərə zaman-zaman rast gəlmək mümkündür .
Doğrudanmı, ölkəmizdə dünya miqyaslı elə nəhənglər var ki, onların şöhrətə gedən yolunu sadəcə tərcümə problemi bağlayır?
Moderator.az-a açıqlama verən Ayna.az saytının baş redaktoru, tanınmş tərcüməçi Elçin Şıxlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu suala birmənalı cavab vermək çətindir. Söhbət ondan gedir ki, V.Skot, C.London, E.Heminquey, Şekspir və s. kimi adamlar var ki, onlar ingilis dilində yazmasaydılar, dünya onları tanımayacaqdı. Yəqin ki, ölkəmizdə onlar səviyyəsində yazıçı və şairlər var. Sadəcə olaraq, Azərbaycan dilini heç kim bilmir. İngilis dilini isə demək olar ki, hamı bilir. Bu məsələdə dövlətin nə dərəcədə tanınması amili mühüm rol oynayır. Ingilis dili BMT-nin 7 işlək dilindən biridir. Azərbaycan dili isə bu siyahıda yoxdur. Millət və dövlət nə dərəcədə böyükdürsə, onun yazıçısını da bir o qədər böyük sayırlar. Problem ancaq bundadır”.
Seymur Əliyev