Bu günlərdə jurnalist və siyasi yazar Seymur Əliyev “Şərq” qəzetinə açıqlamasında 20 Yanvar olaylarında ermənilərin məsuliyyət payının müəyyən edilməsi təklifi ilə çıxış edib. Seymur Əliyevin sözlərinə görə, bu, həm tarixi həqiqətlərin aşkar edilməsi, həm də erməni vəhşiliyinin ifşası baxımından əhəmiyyətlidir:
“Sabah 1990-cı ilin 20 yanvar tarixində baş verən, Azərbaycan tarixində həm böyük faciə, həm də qeyri-adi qəhrəmanlıq salnaməsi kimi yer alan olayların 28-ci ildönümüdür. Bu olaylarda sovet ordusu tərkibindəki erməni dəstələrinin aktiv iştirak etdiyi, Azərbaycan xalqına qarşı xüsusi qəddarlıq sərgilədiyi ilə bağlı zaman-zaman müxtəlif fikirlər səslənməkdədir. Hansı ki, bu vaxta qədər məlum məsələ ilə bağlı rəsmi, hüquqi araşdırmanın aparılıb-aparılmadığı bəlli deyil. Hesab edirəm ki, Azərbaycan tarixində ən dəhşətli qətliamlardan biri olan 20 Yanvar olaylarında erməni hərbçilərinin iştirakı ilə bağlı səslənən informasiyalar araşdırılmalı, onların törədilən cinayətdəki məsuliyyət payı müəyyən edilməlidir. Bu, həm tarixi həqiqətin aşkara çıxarılması, həm də erməni vəhşiliyinin beynəlxalq aləmdə növbəti dəfə ifşası baxımından əhəmiyyətli olar. Bu, 20 Yanvar şəhidləri qarşısındakı mənəvi borcumuzun yerinə yetirilməsi baxımından da mühüm önəm kəsb edən bir məsələdir və inanıram ki, yaxın gələcəkdə dövlət səviyyəsində bu istiqamətdə ciddi, sistemli addımların atılmasına şahid olacayıq”.
Xatırladaq ki, 20 Yanvar hadisələri fonunda Bakıya daxil olan sovet ordusunun içərisində ermənilərdən ibarət xüsusi dəstələrin mövcud olduğu, onların bir qisminin milli ədavət konteksində məxsusi olaraq sovet qoşunlarının tərkibinə daxil edildiyi ilə bağlı qeyri-rəsmi informasiyalar səslənməkdədir. Bəzi ictimai-siyasi xadimlər hesab edir ki, proseslərin qanlı məcrada cərəyan etməsində bu amil əhəmiyyətli rol oynayıb.