Son vaxtlar intihar edən şəxslərin arasında 2-3 övladı olan insanların olması faktı müşahidə edilir.
Maraqlıdır, övlad sevgisi, övlad qarşısındakı məsuliyyət hissi intihar istəyinə niyə qalib gələ bilmir? İntiharı övlad məhəbbətindən, onun bu günü və gələcəyi ilə bağlı məsuliyyət hissindən daha üstün edən nədir?
Moderator.az-a açıqlama verən psixoloq Vəfa Əkbər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Keçən açıqlamamda vurğulamışdım ki, intihar üçün ən məhsuldar ay yanvar ayıdır. Bu aydan insanlar çox şey gzləyir. Yeni ümid, yeni motivasiya və s. Bu olmayanda isə növbəti ayları yaşamağa səbr çatmır.
Valideynlərin intiharına gəlincə, burada məsələ kifayət qədər mürəkkəbdir. Bir insanın özünə xeyri, özünə faydası yoxdursa, bir insan kim olduğunu, nə üçün yaşadığını, necə yaşaya biləcəyini bilmirsə, o, kimi yaşada bilər ki? Bax bu düşüncə o insanı daim narahat edir. Bu qəbildən olan şəxslər düşünür ki, onsuz da mənim varlığımla yoxluğum bilinmir. Onsuz da yaşaya bilmirəm. Odur ki, ən yaxşısı elə intihardır. Lakin onlar düşünmürlər ki, övlad üçün önəmli olan valideynin maddi durumu deyil. Övlad üçün önəmli olan valdieynlərinin yanında, onların əhatəsində olmasıdır.
Intiharların bir səbəbi də qınaqlardır. Bəzən bu qınaqları nəzərə alan insanlar atılması gərəkən addımı atmaqdan çəkinirlər. “O nə deyər”, “bu nə deyər” düşüncəsi onlara mane olur. Əgər bir qadın həyat yoldaşı ilə yola gedə bilmirsə, heç cür anlaşa bilmirsə, bəzən “el qınayar” düşəncəsi ilə boşana da bilmir. Nəticədə depressiyaya düşür. Özünə qapanır. O, övladlarına da vaxt ayıra bilmir. Bu vəziyyətə düşən insan hər şeyə nifrət etməyə başlayır. Bilirik ki, insan depressiv halda olanda onda yuxu və iştah pozuntusu baş verir. Əvvəlki maraqlar itir. Sosial mühitdən izolyasiya olunur. Bu, nəticədə ona gətirib çıxardır ki, insan apatiya yaşayır. Apatiya isə vecsizlikdir. Həyat insana o qədər mənasız gəlir ki, bu, sui-qəsdə gətirib çıxardır. Əgər bu gün hər hansı bir şəxs ətrafında bu qəbildən olan, depressiyadan əziyyət çəkən birisini görürsə, özü kömək ola bilməsə də, onu psixoloqa yönləndirməlidir. Ona bu vəziyətdən çıxmağa kömək etmək lazımdır”.
Seymur Əliyev