Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vəfatı günüdür.
Moderator.az xəbər verir ki, araşdırmaçı alim Baba Allahnəzərov ADR banisi Məhəmməd Əmin Rəsulzadənin Nizami fəlsəfəsinin dərinliyindən bəhs edən fikirlərini geniş təhlil edib:
“Məncə, Azərbaycanda intibah dövrü Elə Nizaminin yaşadığı dövrdən -Nizamidən Avropada isə 18-19 əsrdən başlayıb
Böyük M.Ə.Rəsulzadə şair haqqında yazırdı ki, Firdovsi İran millətçiliyinin ideoloqu, fars oğlu fars olduğu kimi, N.Gəncəvi də türk oğlu türk kimi bir Azərbaycan şairidir. M.Ə.Rəsulzadəyə görə, Nizaminin iranlılıqdan, farspərəstlikdən uzaq olmasına nümunə "Xosrov və Şirin" poemasında Sasani hökmdarı Pərvizin Məhəmməd peyğəmbərin məktubunu cırmasını quduzluq adlandırması, atəşpərəst hökmdarın yalnız maddi fəlakət və süqutunu şərh etməklə kifayətlənməyib, eyni zamanda İran imperiyasının mənəvi tənəzzülünün tarixçəsini də əsərinə daxil etməsidir. Onun fikrincə, Nizaminin bir o qədər də ehtiyac olmadan peyğəmbərin Xosrovun yuxusuna girməsi, əlindəki qırmancla onu vurması, vəziri Büzürgümidin ona ərəb peyğəmbəri haqqındakı söhbəti, Məhəmmədin doğulduğu gün Kəsra tacının çökməsi və atəşkədələrin (atəşgahların) sönməsi kimi əhvalatları "Xosrov və Şirin" poemasına əlavə etməsi, türk ziyalısının farslıq təəssübündən, fars düşüncəsindən uzaq olmasıyla bağlı olmuşdu. M.Ə.Rəsulzadə yazır ki, Nizaminin farspərəstlikdən uzaq olmasını göstərən kəskin dəlillərdən biri də atəşpərəstliyə düşmən olması idi. Onun fikrincə, farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştilik və atəşpərəstlik olduğu halda, fars şeirinin Firdovsidən sonra ikinci dirəyi olan Nizaminin həmin təlimə bu qədər düşmənçiliyi, mənfi münasibət bəsləməsi onda farslıq duyğusunun olmaması idi. M.Ə.Rəsulzadəyə görə, Nizami bütün duyğu və şüuru ilə müsəlmandır, tək Allaha inanır: "Təkallahlıq mövqeyindən də o hər cür ikilik və çoxluğu rədd edən bir "vəhdaniyyətçidir". Zərdüştiliyin xeyrin ayrı, şərin də ayrı mövcud olub öz araların-da vuruşan ikiallahlılıq sisteminə onun nə sufiliklə yetişdiyi Allah məfhumu, nə də daşıdığı xalis müsəlman əqidəsi uyğun gəlir". M.Ə.Rəsulzadə yazır ki, hətta Nizami üçün «qədim farslığın islama qarşı müxalifətinin bir ifadəsi» olan ismaililik «iranlı» məzhəb kimi onun dilində bir söyüşdür: «Dediyim kimi deyilsə, ismaili olum». Deməli, N.Gəncəvi qədim türklərin tanrıçılıq dini-fəlsəfi təlimində olduğu kimi təkallahlılıq dünyagörüşünə sahib olmuş və bütün hallarda dualist, politeist sistemləri inkar etmişdi. Bu da, bir daha göstərir ki, N.Gəncəvi XII əsrdə dualist fars düşüncəsinin, atəşpərəst fars ehkamçılığının, yaxud da islama qarşı yönəlmiş «Firdovsi kini»nin yox, qədim dövrdən etibarən türk düşüncəsinə hakim olan monoteizmin, türk dini etiqadının daşıycısı olub».