Avropa Parlamentinin Afrinlə bağlı qərarından sonra Türk Dövlətləri Birliyinin yaradılması məsələsi yenidən aktuallaşıb. Maraqlıdır, belə bir birliyin yaradılması Qərb təşkilatlarına, Avropa koalisiyalarına alternativ ola bilərmi? Türk birliyinin Qərb dünyasına duyulan ehtiyacı kompensasiya etməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Türk Dövlətləri Birliyinin yaradılması istiqamətində addımlar atılmışdır və atılmaqda davam edir. Amma bu Birliyin möhkəm bir Birliyə çevrilməsi üçün hələ çox zaman vardır. Bu Birliyin indi vahid mexanizmə keçmə ehtimalı inandırıcı deyildir. Bu da Türk dövlətlərində olan ciddi problemlərlə bağlıdır. Bu gün Türkiyə ilə Azərbaycan arasında yaxınlaşma getdikcə sıxlaşır. Qazaxıstan-Türkiyə münasibətləi də siyası müstəviyə keçməkdədir. Amma o biri Türk dövlətləri ilə Türkiyə arasında siyasi münasibətlər ürəkaçan deyildir. Bu mənada bu gün belə bir Birliyin yaranıb Avropa koalisiyasına alternativ olacağı inandırıcı deyildir.
Hesab edirəm ki, Türk dövlətləri Avropa Birliyi ilə münasibətlərini normal səviyyədə davam etdirməlidir. Bundan əlavə, Türk dövlətlərində demokratik institutların fəaliyyətinə geniş imkan yaradılmalıdır. Çünki demokratik proses də Türk Birliyinin yaranmasında əsas amillərdən biridir. Türk Birliyinin yaranması üçün ilkin olaraq vahid valyutaya, vahid orduya, vahid iqtisadi mexanizmə keçirilməlidir. Sizcə, bu indi mümkündürmü? Göründüyü kimi, çox işlər görməliyik! Bunların həyata keçməsi uğrunda gücümüzü ortaya qoymalıyıq ki, yaxın gələcəkdə alınsın!"
Seymur Əliyev