Rusiyanın baş nazirinin sabiq müavini, keçmiş dövlət katibi Gennadi Burbulis bu günlərdə sosial media ilə bağlı maraqlı fikirlər səsləndirib. G.Burbulis qeyd edib ki, bu gün dünyada iki böyük güc mərkəzi var ki, bunlardan biri facebook, digəri isə google-dur.
Maraqlıdır, sosial şəbəkələr, sosial media güc mərkəzi hesab edilə bilərmi? Əgər sosial media gerçəkdən də qlobal güc və təzyiq vasitəsi hesab edilirsə, o zaman sosial şəbəkələrin imkanlarından istifadə etməklə milli maraqlarımızın qorunması və müdafiəsi məsələsinə daha böyük diqqət yetirilməlidirmi?
Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli sosial medianın güc mərkəzi olduğunu təsdiqləsə də, burada yalnız pozitiv deyil, həm də neqativ gücün ehtiva edildiyini vurğuladı:
“Bu gün sosial paylaşım platformaları informasiyanın yayılması, habelə ünsiyyətin qurulması üçün çox mühüm rola malikdir. Son statistikaya görə Azərbaycanda 2,5 milyon insanın, yəni əhalinin təxminən 30%-nin sosial şəbəkələrdə hesabı var, sosial şəbəkələrin imkanlarından istifadə edir. Dünya təcrübəsi də göstərir ki, sosialı şəbəkə istifadəçilərinin sayı sürətlə artmaqdadır.
Ictimai rəyə təsir imkanları baxımından sosial şəbəkələrin böyük güc olduğu birmənalıdır. Yəni sosial şəbəkələrin güc mərkəzi olması ideyasının mübahisə ediləcək tərəfi yoxdur. Burada mübahisə doğuracaq bir məqam var. Sosial şəbəkələrdəki bu güc neqativə, yoxsa pozitivə işləyir?
Sosial şəbəkələrin imkanlarından istifadə edən insanların bir çoxu qanunvericiliyin tələblərindən kifayət qədər məlumatlı deyillər. Bu şəbəkələrdən hər kəs öz ağlına, məəniyyətinə uyğun şəkildə istifadə edir. Bu isə çox zaman ciddi problemlərə səbəb olur.
Yaxın Şərq ölkələrində, eləcə də Türkiyədə baş verən hadisələr fonunda məlum oldu ki, bəzi siyasi güc mərkəzləri sosial şəbəkələrdən öz maraqları üçün ciddi istifadə edir. Onlar bundan ayrı-ayrı ölkələrə, şəxslərə qarşı faydalanır, mədəni dillə desək, “yumşaq terror” həyata keçirirlər. Azərbaycana qarşı da sosial şəbəkələr vasitəsi ilə anti-təbliğat işlərinə cəhd edilir. Yəni sosial şəbəkələr sərbəst fikir paylaşımına imkan verən və bu baxımdan müsbət dəyərləndirilən platformadırsa, qərəzli qüvvələrin asan istifadəsi baxımından neqativ nəticələrə səbəb olan bir müstəvidir.
Sosial şəbəkələrdən neqativ məqsədlərlə istifadənin qarşısının necə, hansı şəkildə alınması ilə bağlı konkret bir model yoxdur. Hər ölkə bu problemə qarşı müxtəlif cür, müxtəlif səpgidə mübarizə aparır. Azərbaycan qanunvericiliyində də bu məsələ ilə bağlı müəyyən dəyişiklik edildi. 2017-ci ildə “İnformasiya, informasiyalaşıdırma və informasiya təhlükəsizliyi haqqında qanun” qəbul edildi ki, orada da müəyyən qurumlara neqativ yöndə fəaliyyət göstərən mərkəzləri bloklamaq səlahiyyəti verildi. Bu istiqamətdə işlər bu gün də davam edir”.
Seymur Əliyev