Son aylar sürücülərin sərnişin zorakılığına məruz qalması halları artmaqdadır. Maraqlıdır, ictimai nəqliyyat vasitəsinin sürücülərinə qarşı sərgilənən aqressiv halların artmasının psixoloji səbəbi varmı? Bu, bütövlükdə cəmiyyətdə gərginliyin artmasının göstəricisi hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən psixoloq Vəfa Əkbər baş verənlərin sosial gərginlikdən qaynaqlandığını vurğuladı:
“Ictimai yerdə aqressiyanın nümayişi ictimai-sosial gərginliyin artmasının göstəricisidir. Müəyyən problemlər – ailə problemləri, maliyyə problemləri və s-ni aşa bilməyəndə insanlar, artıq ətrafdakılara qarşı daha aqressiv olur. Insanın isə gücü təbii ki, özündən zəifə çatır. Daxili aqressiya nəhayətdə fiziki aqressiyaya gətirib çıxardır. Bəzi hallarda ictimai nəqliyyatda sərnişinlərin sürücülərə, orta məktəblərdə müəllimlərin şagirdlərə, bağçada uşaqlara sərgilənən aqressiv münasibətin arxasında bu dayanır.
Əvvəllər də insanların həyatında problemlər olurdu. Lakin əvvəllər insanlar daha sakit, daha təmkinli idi.
Bu gün cəmiyyətdə müşahidə edilən sosial gərginliyin arxasında maddiyyat dayanır. Məlumdur ki, hər istəyi maddiyatla ödəmək mümkündür. Maddiyyat olmayanda isə yaranan aqressiya hansısa formada ortaya çıxır və zorakılıq yaşanır”.
Seymur Əliyev