“Elə ki, Tramp Rusiyaya ağıllı raket mesaj göndərdi, neftin qiyməti 70 dolları keçdi”
Suriyada ABŞ və müttəfiqlərinin müdaxiləsindən sonra genişlənən hərbi əməliyyatlar dünyada sülh və təhlükəsizliklə yanaşı, iqtisadi sabitlik baxımından da ciddi suallar doğurmaqdadır. Maraqlıdır, Suriyada genişlənməkdə olan hərbi əməliyyatlar dünya bazarında neftin qiymətinə hər hansı formada təsir göstərə bilərmi? Yaxın Şərqdəki bu münaqişə neft bazarına necə təsir göstərəcək?
Moderator.az-a
açıqalama verən enerji məsələləri üzrə ekspert İlham Şaban müharibə faktorunun
neftin qiymətinə artıq təsir göstərməkdə olduğunu qeyd edib:
“Müharibə
amili neftin qiymətinə artıq təsir edib, özü də indi yox...Elə ki, cənab Tramp
Twitter-də Suriya ilə bağlı bir cümlə yazdı və Rusiyaya da mesaj göndərdi ki,
ağıllı raketlərlə gəlirik, qarşılayın. O saat dünya birjaları buna reaksiya
verdilər və neftin qiyməti 70-i keçdi. Sonrakı günlərdə Böyük Britaniya və
Fransanın da Suriyaya qarşı ABŞ-a dəstək olması xəbərləri özünü doğruldanda və
artıq Kiprdəki hərbi bazalarda hücuma hazırlıqla bağlı məlumatlar təsdiqini
tapanda, Brent markalı neftin qiyməti London birjasında 2014-cü ilin
dekabrından bu yana ən yüksək qiymətinə - 72.99-a qədər yüksəldi. Cümə günü
birjalar bağlananda qiymət bir qədər enərək 72.64 qiymətində stabilləşmişdi. Təbii
ki, əgər aviazərbələrin endirildiyi an birjalar işləsəydi, o zaman bəlkə yeni
maksimumlar qeydə alınardı.
Bazar
ertəsi hər halda neftin qiymətinin azalmasına ümid etmirəm. Çünki Suriya böhranı aviazərbələrlə çözülmədi, daha da mürəkkəbləşdi, hazırda
bazar iştirakçıları onun sonunda işıq yox, duman görürlər. Bu isə qiymətlərin
yaxın günlərdə müəyyən diapazonda azalıb-artma ehtimalını
gücləndirəcək. Çünki hər hansı bir mülayim bəyanat təbii ki, münaqişənin sülhə
yönümündə ümidlər yaradacaq və bu da qiymətlərin aşağıya doğru istiqamət götürməsini sürətləndirəcək.
Yox əgər bundan sonra hansısa terror aktı və ya yeni bir toqquşma olacaqsa,
onda əks-proses bazarda öz sözünü deyəcək. Nəticədə neftin qiymətinin stabilliyi
qısa müddət üçün olsa da pozulacaq. Bu isə bazar iştirakçıları üçün heç də arzu
olunan məsələ deyil, ancaq bazardakı möhtəkirlər üçün böyük vəsaitlər əldə etmək
yaxşı bir şansdır”.
Seymur
Əliyev






