Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti arasında görüşün keçirilməsi gözlənilir. Xatırladaq ki, bundan öncə də tərəflər Azərbaycan paytaxtında iki dəfə bir araya gəlib, təhlükəsizliklə bağlı müxtəlif problemləri müzakirə edib.
Moderator.az-a açıqlama verən millət vəkili Elman Nəsirov hesab edir ki, belə bir mötəbər görüşün növbəti dəfə Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı nüfuzu ilə bağlıdır:
“Bu cür görüşlərin Azərbaycan paytaxtında keçirilməsi bir ənənəyə çevrilib. Bundan öncə də Bakıda iki analoji görüş keçirilib. Bu görüşlər zamanı isə dünyamızı narahat edən ən müxtəlif poblemlər iki böyük güc mərkəzi arasında müzakirə edilib. Bu görüşlərin məhz Azərbaycanda keçirilməsi isə təsadüfi deyil. Burada ən mühüm amil onunla bağlıdır ki, Azərbaycan sabit ölkədir. Azərbaycan regionda sabitlik adası hesab olunur. Ölkəmiz dünyanın ən təhlükəsiz dövlətlərindən biridir. Həmçinin, Bakı dünyanın ən gözəl şəhərlərindən biri olduğundan burada belə bir tədbirin keçirilməsi xüsusi məna və əhəmiyyət kəsb edir.
Bu görüş NATO-Rusiya münasibətlərinin kifayət qədər gərgin olduğu dövrə təsadüf edir. Hansı ki, bəzi ekspertlər son vaxtlar üçüncü dünya müharibəsinin başlaya biləcəyi ilə bağl proqnozlarla çıxış etməkdədir. Onlar hesab edir ki, ABŞ-ın Suriyaya endirdiyi zərbələr onun Rusiya ilə qarşıdurmasını şərtləndirən amillərdən biri ola bilər.
Görüş yeri kimi Azərbaycanın seçilməsi ölkəmizə olan böyük etimadın, dövlətimizin artan nüfuzunun göstəricisidir. Ölkə başçısı andiçmə məraisimində də Azərbaycanın dünyadakı yeri və roluna toxunarkən qeyd etdi ki, bu gün ölkəmiz dünyada çox böyük hörmət və nüfuza malikdir. Bu görüşün Azərbaycanda keçirilməsi ölkə başçısının səsləndirdiyi fikirlərin nə dərəcədə doğru, dürüst olduğunu əks etdirir”.
Seymur Əliyev