Ermənistanda bir qrup hərbçinin etirazçılar tərəfinə keçməsi proseslərin rəsmi İrəvanın maraqları baxımından daha arzuedilməz məcraya yön alacağı ilə bağlı ehtimallara yol açmaqdadır. Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev Ermənistandakı vəziyyətin kifayət qədər mütrəkkəb olduğunu, ancaq bəzi məqamların bu mürəkkəblikdə xüsusi diqqət çəkdiyini vurğuladı:
“Hərbçilər sülhməqamlı qüvvələrin təmsilçiləridir və onların etirazçıların tərəfinə keçməsi haqqında Ermənistanın Müdafiə Nazirliyi, hüquq-mühafizə orqanları çıxış edib. Onlar qeyd etdilər ki, həmin hərbçilərin cəzalandırılması istiqamətində bir sıra addımlar atılacaq. Ermənistan rəhbərliyi baş verənləri bu şəkildə təqdim edir. Reallıq isə bundan ibarətdir ki, Ermənistanın 16%-dən çox əhalisi yoxsulluq hədində yaşayır. Bu, təxminən 1 milyon nəfərə yaxın əhali deməkdir. Hərbçilərin etirazçılara qoşulması da göstərir ki, hüquq-mühafizə orqanları da Sərkisyanın rəhbərliyi altında çalışmaq istəmirlər. Bəzi müxalifətçilərin həbsi isə onu göstərir ki, Sərkisyan istefa verənə bənzəmir.
Bu, xaotik mitinq yox, idarəolunan aksiyadır. Bu, müxalifət tərəfindən idarə oluna bilməz. Çünki müxalifət çox zəifdir. Proseslər sadəcə Dağlıq Qarabağ klanına qarşıdırsa, bu, artıq bir siqnaldır.
Prezident Armen Sarkisyanın, baş nazir Serj Sərkisyanın və digər nazirlərin yığıncağı başlayıb ki, burada da müəyyən qərarların qəbul ediləcəyi gözlənilir. Putinin məhz belə bir vəziyyətdə Sərkisyana zəng edib onu dəstəkləməsi artıq bir sıra məsələlərdən xəbər verir. Düşünürəm ki, proseslərin sonu görünməkdədir”.
Seymur Əliyev