Son vaxtlar Ermənistanda baş verən proseslər Azərbaycanda da diqqətlə izlənilməkdədir. Bəzi siyasilər iddia edir ki, Ermənistanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi bu ölkənin Rusiyanın nəzarətindən çıxmasına, Qarabağ probleminin həllinə səbəb ola bilər.
Ermənistanda hakimiyyətdə təmsil olunacaq hər hansı qüvvənin Rusiyadan imtina etməsi mümkündürmü? Doğrudanmı yeni siyasi qüvvənin hakimiyyətə gəlməsi Qarabağ probleminin həllinə də yeni yanaşmanı ortaya qoya bilər?
Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy Rusiyanın Ermənistandan imtina etməyəcəyini vurğuladı:
“Rusiyanın Ermənistanı əldən verəcəyini düşünənlər yanılır. Təbii ki, Qərb buna cəhd edəcək, ABŞ və Avropadakı erməni lobbisi Ermənistanın Qərbə yaxınlaşmasına çalışacaq, amma, Kreml asanlıqla forpostunu təhvil verməz.
Ciddi müqavimət olsa belə Kreml dirəniş göstərəcək. Uzaq Suriyanı əldə saxlayan Moskva yaxın Ermənistdandan əl çəkərmi? Digər tərəfdən, ermənilər Rusiyadan ayrılmaq barədə düşünmür. Əgər Rusiyadan qopmaq məsələsi gündəmə gəlsə, Azərbaycan iqtidarı bu prosesdən faydalana bilər.İrəvan-Moskva münasibətlərinin gərginləşəcəyi zaman Azərbaycan Qarabağ problemini birdəfəlik bitirə bilər.
Yaxın günlərdə İrəvanda baş verən proseslər Qarabağın taleyinə də ciddi təsir edəcək. Əminəm ki, Azərbaycan iqtidarı İrəvanda baş verənləri ciddi şəkildə izləyir və zamanında ən düzgün qərar veriləcək”.
Seymur Əliyev