Türkiyədə AXC-nin 100-cü ildönümü ilə əlaqədar olaraq xatirə gümüş pullar buraxılıb.
Rəsmi Ankaranın məlum addımı onun ölkəmizə, Cümhuriyyətimizə, Azərbaycanın dövlətçilik tarixinə olan xüsusi ehtiramın göstəricisi hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli Türkiyənin Azərbaycana böyük dəyər verdiyini vurğuladı:
“Türkiyə üçün Azərbaycan həm qardaş, həm dost, gəm də yaxın qonşudur. Bunlardan əlavə, Azərbaycan Türkiyə üçün həm də təhlükəsizlik baxımından vacibdir. Birinci Pyotrun vəsiyyətinə əsasən ruslar dünya dövləti qurmaq üçün İstanbulu ələ keçirməli idilər. Azərbaycana olan hücumlar da bu bu vəsiyyətdən sonra başlayıb. Azərbaycan nə qədər güclü olarsa, bu bölgədən Türkiyəyə gələn təhlükə də o nisbətdə azalmış olar. Bu, eyni qaydada Azərbaycan üçün də keçərlidir. Türkiyə nə qədər güclü olarsa, bizim problemlərimiz də o qədər rahat həll olar. Türkiyə Azərbaycanın varlığı üçün, güclənməsi üçün gücü çatdığı qədər çalışır. Bir də nəzərə almaq lazımdır ki, Türkiyənin yükü həddindən artıq çoxdur. Bütün türk və islam dünyası Türkiyədən kömək gözləyir. Türkiyənin də gücü sonsuz deyil. Ancaq bu məhdud imkanlarla bərabər hər kəsə əl uzatmağa çalışır. Nəzərə alsaq ki, Cümhuriyyətimizin qurucu lideri M.Ə.Rəsulzadə Ankarada əbədi istirahətdədir, bu zaman Türkiyə və Azərbaycan əlaqələri daha yaxşı anlaşılar. M.Ə.Rəsulzadə və silahdaşlarını, Nuri Killigil Paşa və silahdaşlarını hörmətlə anıram. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir”.
Seymur Əliyev