Xəbər lenti
15/08/2018 [23:37]:
Amerikada qadın-gey qubernator ola bilər
15/08/2018 [23:22]:
ABŞ-dan Şimali Koreyada işləyən şirkətlərə sanksiya
15/08/2018 [23:06]:
Alimlərdən xəbərdarlıq: 5 ildən sonra Yer kürəsində çox isti olacaq
15/08/2018 [23:06]:
“Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq” - Elmar Məmmədyarov
15/08/2018 [22:50]:
Üç ayda 205 nəfər dövlət qulluğunda işə başladı
15/08/2018 [22:48]:
Britaniya qırıcıları Rusiya bombardmançılarını geri döndərdi
15/08/2018 [22:40]:
Aldadıldığını öyrənən gənc qız özünü bu hala saldı - DƏHŞƏT...
15/08/2018 [22:19]:
Millət vəkilindən gözlənilməz hərəkət: Telefonunu ayaqlayaraq sındırdı - VİDEO
15/08/2018 [21:59]:
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
15/08/2018 [21:53]:
Tank və piyadaların “cangüdənləri” nəyə qadirdir? - “Terminator” və T-15 (FOTOLAR)
15/08/2018 [21:42]:
Nüvə müharibəsi başlaya bilər, təsadüfən...
15/08/2018 [21:41]:
Rusiyada deputat azərbaycanlıları sahibsiz evdə qeydiyyata aldı
15/08/2018 [21:35]:
Kürəyində bitki yetişən canlı görənləri heyrətə gətirdi - VİDEO
15/08/2018 [20:40]:
"Mədəniyyət TV"nin erməni təbliğatı aparan rejissoru cəzalandırılıb? - VİDEO
15/08/2018 [20:32]:
Ordumuzun snayperi düşmən snayperini gözündən vurdu - Əməliyyatın detalları + FOTO
15/08/2018 [20:26]:
Bakının Hitler kəşfiyyatçıları tərəfindən çəkilmiş fotoları üzə çıxdı
15/08/2018 [20:11]:
5-dən çox uşağı olan analara 9 min manata yaxın müavinət verildi
15/08/2018 [19:57]:
Qətərdən Türkiyəyə böyük dəstək - 15 milyardlıq sərmayə qoyur
15/08/2018 [19:56]:
“Evim təzə deyil...”- Xatirə İslam təzə evinə köçməsinin yalan olduğunu dedi...
15/08/2018 [19:46]:
Ən keyfiyyətli display bu smartfondadır
15/08/2018 [19:25]:
“Nəinki porno-saytlar, fahişəliyi təbliğ edən telekanallar, sənətçilər, ailələr də “bloklanmalıdır””
15/08/2018 [19:13]:
Putin avstriyalı nazirin toyuna hazırlaşır
15/08/2018 [18:58]:
Azərbaycanda mağazalardan rüşvət yığanlar həbs olundu
15/08/2018 [18:35]:
Ermənistanda yüksək rütbəli hərbçi işdən qovuldu
15/08/2018 [18:29]:
Babək prospektinin yenidən qurulmasına 20,1 milyon manat ayrılıb
15/08/2018 [18:14]:
Lirənin ucuzlaşmasını dayandıran səbəblər - ANALİTİKA
15/08/2018 [18:03]:
Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub
15/08/2018 [17:56]:
Qəbul imtahanlarının cavabları açıqlandı
15/08/2018 [17:54]:
“Xəzərlə bağlı razılaşma ABŞ-ın planlarını pozdu” - Ruhani
15/08/2018 [17:29]:
Məhbusların qaçmasında günahlandırılan qarovul rəisi: "Fədayə Laçın qatarda "Qoca" ilə görüşdü"
15/08/2018 [17:12]:
Milyonçu Tağıyevin unudulmuş “buz fədakarlığı” – Xeyli insanlar bu cür xilas olunub
15/08/2018 [17:07]:
Hər gün yediyimiz meyvələrin sirli tərkibi və möcüzəli müalicəvi faydaları – Mütləq oxuyun
15/08/2018 [16:55]:
İxtisas seçiminin nəticələri elan olundu - Buradan öyrənin
15/08/2018 [16:43]:
KİV: Trans-Xəzər qaz kəmərinə daha qadağa qoyula bilməz
15/08/2018 [16:43]:
Ucqar kənd müəllimindən direktorlara üsyan: ““Övladım nə yeyəcək?”deyənləri fikirləşmədiniz?!”
15/08/2018 [16:31]:
Balakişi Qasımov onu da işdən çıxardı
15/08/2018 [16:20]:
Azərbaycan üçün “Şeyx Nəsrullahlar” belə yetişdirilir – ARAŞDIRMA
15/08/2018 [16:17]:
Dünyanın ən yaxşı ali məktəblərinin reytinqi dərc olundu
15/08/2018 [16:12]:
Qarabağ Komitəsi Şəhidlər Xiyabanını ziyarət edəcək
15/08/2018 [16:11]:
ABŞ sanksiyalarına Türkiyə yarım milyard dollar vergi ilə qarşılıq verdi
15/08/2018 [16:02]:
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
15/08/2018 [16:00]:
Ucqar dağ kəndində 40 ildən sonra inqilab edən müəllim: “Hər sinifdə cəmi 1-2 qız var, bu, bədbəxtlikdir”
15/08/2018 [15:58]:
“Rusiya tərəfindən devrilmək ehtimalı Paşinyanı narahat edir”
15/08/2018 [15:57]:
Müəllimlər ikinci turda müddətsiz müqavilə ilə işə qəbul olunacaqlar -RƏSMİ
15/08/2018 [15:48]:
Porno saytları Elektron Təhlükəsizlik Xidməti bloklayıb – RƏSMİ
15/08/2018 [15:44]:
Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb
15/08/2018 [15:43]:
Murat Boz 4 ay öncə ayrıldığı sevgilisinə EVLİLİK TƏKLİF ETDİ
15/08/2018 [15:40]:
Elçin Quliyev yeni zastavanın açılışında -FOTOLAR
15/08/2018 [15:33]:
Qənirə Paşayeva Turan qurultayında Azərbaycandan DANIŞDI
15/08/2018 [15:21]:
Zəvvarlarımızın yeni qrupu yola düşdü - FOTOLAR
15/08/2018 [15:15]:
Mövlud Mövluda həsr edilən qısa film - VİDEO
15/08/2018 [15:10]:
Bu yolla bağlı sürücülərə xəbərdarlıq
15/08/2018 [15:08]:
Türkiyənin dollar üzərində qələbəsi dünyanı dəyişəcək - RƏY
15/08/2018 [14:57]:
Erməni “Cermuk” mineral suyu içə-içə Həkəridən Laçına qalxır... - VİDEO
15/08/2018 [14:50]:
“Arzumuz da, duamız da vətənimizi bütöv görməkdir”
15/08/2018 [14:46]:
Azərbaycan ABŞ məhsullarını boykot edə bilərmi?
15/08/2018 [14:38]:
Sumqayıtda fahişələrə qarşı əməliyyat: Çəkmə məni - VİDEO
15/08/2018 [14:34]:
185 məzun məktəbi qızıl medalla bitirib - SİYAHI
15/08/2018 [14:26]:
Türkiyədə ABŞ siqaretlərinə boykot çağırışı
15/08/2018 [14:20]:
Ölkə üzrə fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlandı
15/08/2018 [14:19]:
Ərdoğan Makron və Merkel ilə görüşəcək
15/08/2018 [14:03]:
Taekvondoçu Fəridə Əzizovanın mənzilindən oğurluq edənlər MƏHKƏMƏDƏ: "Tək boynuna alma"
15/08/2018 [14:00]:
Ceyhun Bayramov əmr imzaladı: Bu şəxslər təltif ediləcək
15/08/2018 [13:43]:
Bu ixtisaslar üzrə yerlərin 40 faizi boş qalıb
15/08/2018 [13:25]:
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
15/08/2018 [13:22]:
Sabah hava yağmursuz, küləkli olacaq
15/08/2018 [13:08]:
“Türk xalqı hədələrə boyun əyən deyil” - MÜSAHİBƏ
15/08/2018 [12:59]:
Qorxmuram ey, sadəcə, darıxıram... – Mövlud Mövlud
15/08/2018 [12:52]:
QMİ Qurban bayraml ilə bağlı tövsiyələrini açıqladı
15/08/2018 [12:39]:
"Az qala Türkiyənin böyür-başında Bərzaniyə dövlət qurdurmaq istəyən ABŞ deyildimi?"
15/08/2018 [12:34]:
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
15/08/2018 [12:34]:
Özəlləşmə nəticəsində daha bir müəssisə yenidən qurulur
15/08/2018 [12:33]:
Tullantı atan şəxs cərimələnib
15/08/2018 [12:32]:
Azercell-dən bölgələr üçün günlük limitsiz danışıq və internet bir təklifdə...
15/08/2018 [12:30]:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərdən üzr istəyir...
15/08/2018 [12:27]:
"Hədəfimiz Xəzəri ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevirməkdir"
15/08/2018 [12:26]:
Azərbaycan manatının ilk eskizini HAZIRLAYAN: “Bu, dünyaya mesaj idi”
15/08/2018 [12:08]:
Türk lirəsinin zəifləməsi SOCAR-a yeni imkanlar açır - "İnterfax-Energy"
15/08/2018 [12:07]:
Azərbaycanda bəzi əxlaqsız saytlara giriş məhdudlaşdırılıb - FOTO
15/08/2018 [12:04]:
"Hər gün Şəhidlər Xiyabanına gedib onu ziyarət edirəm, elə düşünürəm ki, orda oğlumun evi var"
Bütün arxiv bir sırada
25/05/2018 [12:11] - Cəmiyyət - ( 1319 dəfə baxılıb)

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil etmiş ŞƏXSLƏR




1918-ci il may ayının 28-də təsis edilmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi. O zaman ölkənin düşdüyü mürəkkəb daxili və xarici vəziyyəti diqqətə alan Milli Şura 1918-ci il 17 iyul tarixli qərarı ilə bütün hakimiyyəti Fətəli xan Xöyskinin rəhbərlik etdiyi hökümətə dövr etdiyini bəyan etdi. Eyni zamanda Milli Şura həmin qərarı ilə hökümət qarşısında hakimiyyəti qısa zaman ərzində çağırlması nəzərdə tutulan Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməmək vəzifəsini qoyurdu. Azərbaycan Cümhuriyyəti Milli Şurasının elə həmin tarixdə verdiyi “Müvəqqəti hökumətin hüquq və öhdəlikləri” haqqındakı qərarında Müvəqqəti hökumətin dövlət müstəqilliyini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar sahədə və bu qəbildən olan digər əhəmiyyətli məsələləri əhatə edən inqilabi məzmun kəsb edən qərarları istisna etməklə digər bütün məsələlər üzrə isə qərar vermək səlahiyyətinin olduğu təsbit olunur, hökumət üzərinə 6 ayı əhatə edən zaman ərzində Müəsisslər Məclisini çağırmaq öhdəliyi qoyulurdu [11.s.76-77; 7 s.11-12] . Lakin istiqlaliyyət elan edildikdən sonra baş verən fövqəladə hadisələr, xüsusən də ölkə ərazisinin düşmənlərdən təmizlənilməsi, torpaq bütünlüyünün bərpası istiqamətində son dərəcə vacib və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti Müəsisslər Məclisinə seçkilərin nəzərdə tutulan müddətdə həyata keçirilməsini mümkünsüz edirdi. Müəsisslər Məclisinə seçkilərin vaxtında keçirilməsinə mane olan amillərdən biri də seçki qanununun olmaması və bu səbəbdən də seçkilərin hansı prinsip və formatlar əsasında keçirmək məsələlərinə aydınlıq gətirilməməsi ilə əlaqədar idi. Bununla belə, Cümhuriyyətin fəaliyyətinin təşkili və onun dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq üçün paramentin fəaliyyətə başlaması günün tələbindən doğan zərurət idi. Azərbaycan Cümhuriyyəti hökuməti bu zərurəti nəzərə alaraq, Müəsisslər Məclisinə seçkilərəqədərki dönəm üçün qanunvericilik fəaliyyətini həyata keçirmək məqsədilə 1918-ci ilin noyabr ayının 20-də “Azərbaycan Məclisi-Məbusanının Təsisi” haqqında qanun qəbul edir [1 s.14-15; 11 s. 81-83;7 s. 13]. Azərbaycanın ilk parlamentinin tarixi ilə bağlı nəşr edimiş bir sıra əsərlərdə sözügedən qanunun noyabr ayının 19-da qəbul edildiyi göstərilir [3 s. 36; 8 s.10]. Lakin problemə aid nəşr edilmiş tarixi qaynaqlarda “Azərbaycan Məclisi-Məbusanının Təsisi” haqqındakı qanunun qəbul edildiyi tarix kimi 1918-ci ilin noyabr ayının 20-i qeyd olunur [1 s.14-15; 11 s.81-83; 7 s. 13]. Sözügedən qanun 1918-ci lin dekabr ayının 7-dən 1920-ci il aprel ayının 27-dək olan müddət ərzində Azərbaycan Cümhuriyyətində qanunverici hakimiyyəti həyata keçirən orqanın formalaşmasının əsaslarını özündə əks etdirirdi. Həmin qanunda Azərbaycan parlamentinin (Məclisi-Məbusanının) 120 üzvdən (əzadan) ibarət tərkibdə təsis ediləcəyi və onun Azərbaycan Müəsisslər Məclisi çağrılanadək fəaliyyət göstərəcəyi qeyd edilirdi. Məclisi-Məbusanın say tərkibinin məyyən edilməsi zamanı əvvəllər Cənubi Qafqazın müsəlman əhalisi tərəfindən dörd müxtəlif siyasi firqə tərəfindən Rusiya Müəsisslər Məclisinə seçilmiş 14 nəfər saxlanılmaqla genişləndirilmiş siyahı üzrə sayı 44 nəfərədək artırılmış və Cənubi Qafqaz Seymində təmsil olunaraq Azərbaycan Milli Şurasını təşkil etmiş üzvlərindən, eləcə də Azərbaycanın əyalətlərində əvvəldən fəaliyyət göstərən müsəlman komitələri tərəfindən, azlıq təşkil edən millətlərin öz aralarından və nəhayət, Bakı Həmkarlar Şurası ilə ticarət, sənaye sovetləri ittifaqından seçilmiş təmsilçilərdən ibarət heyətdə formalaşdırılması nəzərdə tutulmuşdu [1 s.14-15; 5 s.36-38; 11 s. 82; 7 s. 13-14]. Həmin qanuna əsasən, əvvəlcədən müəyyənləşdirilmiş 44 nəfərdən əlavə daha 76 nəfər parlament üzvünün müəyyənləşdirilməsi lazım idi ki, bu zaman ölkənin demoqrafik vəziyyəti, əhalinin milli və dini mənsubiyyəti məsələləri əsas götürülərək, hər 24.000 nəfər əhali üçün təmsilçi

olaraq bir məbusun (parlament üzvünun) seçilməsi nəzərdə tutulurdu. Həmin dövrdə Qafqaz təqviminə (“Кавказский календарь”- 1845-ci ildən 1916-cı ilədək olan dövr ərzində Rusiya İmperiyasında çap edilən Qafqaz haqqında illik məlumat-sorğu nəşri ) əsasən, Azərbaycan Xalq Cümhuruyyətinin ərazisində 2.750.000 nəfər əhali yaşayırdı və elə həmin qaynaqda yer alan statistik məlumatlara əsasən, onlardan 1.900.000 nəfəri müsəlmanlardan, 500.000 nəfəri ermənilərdən, 230.000 nəfəri ruslardan ibarət idi. Bu statistik göstəricilərə və “Azərbaycan Məclisi-Məbusanının Təsisi” haqqındakı qanunun tələblərinə əsasən, hər məbusun 24.000 nəfər əhalini təmsil etməli olduğu nəzərə alınaraq, ölkənin müsəlman əhalisinin 80, ermənilərin 21, rusların 10, almanların 1, yəhudilərin 1 məbusu Məclisi-Məbusana göndərmək hüquqlarının olduğu təsbit edilirdi. Qanunda ölkə ərazisində yaşayan, azlıqda olan “digər xırda millətlər”in isə sayca miqyas təşkil edəcək dərəcədə olmadıqları qeyd olunmuşdur. Bununla belə, gürcü və polyakların digər azlıq təşkil edən millətlərə nisbətən sayca üstunluk təşkil etmələri nəzərə alınaraq, istisna kimi onların (gürcü və polyakların) hər birinin məclisə bir nümayəndə göndərmələri mümkün hesab edilirdi [1 s.14; 3 s.35-36 ;5 s. 36-38; 11 s.82; 7 s.13-14]. Bu qaydaya müvafiq olaraq, azlıq təşkil edən xalqlar onları təmsil edəcək bütün nümayəndələri, müsəlman əhalisi isə onları təmsil edəcək 36 nəfəri seçərək Məclisi-Məbusana göndərməli idilər. Çünki artıq yuxarıda da qeyd etdiyimiz kimi, sözügedən qanunla müsəlman əhalini təmsil etməli olan 80 nəfər nümayəndədən 44 nəfəri, hansılar ki, əvvəllər Cənubi Qafqaz Seymində təmsil olunmuşdular, onlar Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına birbaşa mandat əldə etmiş hesab olunurdular. Milli Şuranın əsaslı üzvlərini təşkil edən və Məclisi-Məbusana birbaşa mandat əldə etmiş həmin 44 üzvdən birinin istefa verməsi, vəfat etməsi və yaxud da başqa səbəbdən dolayı məclisi tərk etməsi halında onun yerinə siyahısına daxil olduğu firqə tərəfindən başqa birisi təyin edilməli idi. Sözügedən qanuna əsasən, müsəlman əhalini təmsil etməli olan nümayəndələrin gizli səsvermə yolu ilə seçilmələrinə qərar verilirdi. Bu zaman Bakı şəhərindən seçiləcək 5 nəfər Bakı bələdiyyəsinin müsəlman üzvü, digər şəhərlərdən seçiləcək nümayəndələr, müsəlman milli komitələri, uyezdləri (mahalları) təmsil edəcək şəxslər isə uyezd (mahal) milli komitələri tərəfindən seçiləcəkdilər. Bələdiyyə təşkilatı və milli komitələri olmayan qəzaları təmsil etməli olan nümayəndələrin hər icmadan bir nümayəndə göndərilmək yolu ilə formalaşırılacaq icma nümayəndələrinin heyətləri sırasından təyin edilmələri mümkün hesab edilirdi. Qanunda fövqəladə hal vəziyyəti tətbiq edilən yerləri təmsil etməli olan nümayəndələrin Milli Şura tərəfindən təyin edilməsi nəzərdə tutulurdu. Seçki prosesinin təşkili və keçirilməsinə nəzarət şəhərlərdə bələdiyyə sədrlərinə, uyezdlərdə (mahallarda) mirovoylara və ya onların müavinlərinə, azlıq təşkil edən millətlərin isə milli şura sədrlərinə həvalə edilir və onlardan nümayəndə sifətilə təqdim etdikləri şəxslərə şəxsi imzaları ilə təsdiq edilmiş təqdimat və etimadnamələr vermələri istənilirdi [1 s.15; 11 s.82; 7 s.13-14]. Qanunda Məclisi-Məbusanda ölkənin müsəlman əhalisini təmsil edəcək 80 nümayəndədən 36 nəfərinin ölkənin paytaxtı Bakı şəhərindən, İrəvan və Tiflis vilayətlərinin Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə aid hissələrindən və o cümlədən ölkənin ərazi-inzibati sturukturuna daxil olan digər ərazi-inzibati vahidlərindən seçilməsi nəzərdə tutulurdu [1 s.15; 11 s.82; 7 s.13-14]. Bu bölgüyə müvafiq olaraq, Nuxa (Şəki) qəzasından 2 nəfər (biri şəhərdən, digəri isə mahaldan olmaqla) nümayəndənin seçilərək, Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına göndərilməsi nəzərdə tutulurdu[1 s.15; 11 s.14; 7 s.13-14]. Yeri gəlmişkən qeyd etmək məqsədəuyğun olardı ki, Nuxa qəzası inzibati-ərazi vahidi kimi 1840-cı ildə təsis edilmişdir və mərkəzi Nuxa şəhəri idi. Bu qəza inzibati-ərazi vahidi kimi 1929-cu ilədək mövcud olmuşdur. Qəza rəsmi sənədlərdə bəzi dönəmlərdə Nuxa, bəzi dövrlərdə isə Şəki qəzası adlandırılmışdır. Məsələn, qəza 1840-1846-cı illərdə “Şəki qəzası”, 1846-1918-ci illərdə isə “Nuxa qəzası” adlanmışdır. 1918-1929-cu illərə aid tarixi qaynaqlarda qəzanın həm “Nuxa qəzası” və həm də “Şəki qəzası” şəklində adının keçdiyini görürük. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid rəsmi sənədlərdə həmin qəzanın adının hər iki formada, daha çox isə “Şəki qəzası” formasında əks olunduğunu müşahidə edirik ki, bu səbəbdən də təqdim olunan məqalədə hər iki istilahdan istifadə edilmişdir [1;2;7] .

Nəhayət, bütün bu hazırlıqlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin təsisindən təxminən 6 ay sonra 1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Cümhuriyyəti Məclisi- Məbusanının (parlamentinin) ilk yığıncağı keçirildi. Fəaliyyətdə olduğu 7 dekabr 1918-ci il

tarixindən 27 aprel 1920-ci il tarixədək olan 16 ay 20 günlük müddət ərzində Məclisi-Məbusanın ümumilikdə 145 iclası çağırılmışdır. Həmin iclaslardan dördü təntənəli, ikisi tarixi, ikisi fövqəladə, 122-si isə işgüzar iclaslar olmuşdur. Qalan 15 iclas yetərsay olmadığından baş tutmamışdır. Məclisi-Məbusanın fəaliyyəti dövründə sosial-iqtisadi problemlərin həllinə yönəlik və dövlət quruculuğunun bütün sahələrini əhatə edən ümumilikdə 127 qanun qəbul edilmişdir [7 s.15-186] .

Yuxarıda haqqında söhbət açdığımız “Azərbaycan Cumhuriyyəti Məclisi-Məbusanının Təsisi” haqqındakı 1918-ci il 20 noyabr tarixli qanunun tələblərinə uyğun olaraq Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına Şəki şəhər idarəsi tərəfindən namizədliyi irəli sürülmüş – Abdulla bəy Əfəndizadənin və qəza tərəfindən namizədliyi irəli sürülmüş Qərib Kərimoğlu Kərimovun etibarnamələri Məclisi-Məbusanın 1918-ci ilin dekabr ayının 15-də keçirilmiş 3-cü iclasında təsdiq edilmişdir [1 s.34].

Azərbaycan dövlətçiliyinin qalalarından biri olan Şəki əhalisi Azərbaycan Cümhuriyyətinin təsisi ilə milli dövlətçilik ənənələrimizin bərpasını, tarixdə ilk parlamentimizin fəaliyyətə başlamasını böyük ruh yüksəkliyi ilə qarşılamış, cümhuriyyətimizin inkişafı üçün fəal vətəndaş mövqeyindən çıxış etmişlər. Azərbayan Cümhuriyyəti Məclisi-Məbusanının açılışı ilə əlaqədar Nuxa (Şəki) qəzası qaimməqamı Rəfibəyovun təbrik məktubundan bir iqtibasa diqqət yetirək: “Azərbaycan parlamanının tarixi güşadı gününü Şəki əhalisi təbrik etməklə gələcəkdə xəlq hüququ yolundakı fəaliyyətində müvəffəqiyyət diliyor. Şəki əhalisi sevgili Azərbaycanın istiqlaliyyəti və hüququ yolunda heç bir müavinətdən çəkinməyəcəkdir”[5 s.64]. Cümhuriyyətin ilk parlamentinin fəaliyyətə başlamasını böyük tarixi addım kimi dəyərləndirən Şəki bələdiyyə rəisi Yeluseyski, istiqlalımızın qısa zaman ərzində Avropa dövlətləri tərəfindən tanınmasını arzu edir. “Yeni dünyaya gəlmiş Azərbaycan Cumhuriyyətinin parlaman güşadı kibi tarixi bu addımını təbrik ediyorum. İşbu addım sevgili vətənimiz və əzmi-islam millətinin istiqbalı rəhnidir, qoy müəzzəm Avtopanın fulad (polad) qələmi istiqlalımızı təsdiq etsin” [ 5 s.64].

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən nümayəndə, milli azadlıq hərəkatının fəallarından olan Qərib Kərimoğlu Kərimov [4 s.87] 1870-ci ildə indiki Oguz rayonunun Xaçmaz kəndində anadan olmuş və 1926-cı ilin oktyabr ayının 10-da həmin rayonun Padar kəndində vəfat etmişdir. Çox təəssüf ki, təqdim edilən məqalə üzərində tədqiqatlar aparılan zaman çoxsaylı axtarışlarımıza baxmayaraq, Qərib Kərimoğlu Kərimovun həyatı və siyasi fəaliyyətinə dair geniş bilgi əldə edə bilmədik. Belə ki, Azərbaycan Məclisi-Məbusanının fəaliyyətinin tədqiqi üçün əsas tarixi qaynaq olan Cümhuriyyət Parlamentinin iclas protokolları və stenoqrafik hesabatlarında Qərib Kərimoğlu Kərimovun bir məbus (parlament üzvü) kimi fəaliyyətinə dair hər hansı bir məlumata rast gəlmirik. Yalnız Məclisi-Məbusanın 1920-ci ilin mart ayının 11-də keçirilmiş 133-cü iclasının stenoqramı ilə tanış olan zaman iclasa sədirlik edən Məhəmməd Yusif Səfərovun məbus Kərimovun xəstəlik səbəbli məclis sıralarından istefa verməsinə dair teleqramını parlament üzvlərinin nəzərinə çatdırması haqqındakı qeydlə rastlaşırıq [2 s.640] . Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın üzvü olmuş şəxslər sırasında Qərib Kərim oğlu Kərimovdan başqa digər Kərimov soyadını daşıyan şəxs olmadığından güman edə bilərik ki, məclis sıralarından səhhəti səbəbli istefa vermiş şəxs məhz o olmuşdur. Qeyd edilmişlərlə yanaşı, ümid edirik ki, gələcəkdə bu gün toxunduğumuz məsələ ilə əlaqədar davam etdirməyi düşündüyümüz daha geniş və əhatəli axtarışlarımız nəticəsində Qərib Kərimoğlu Kərimovun fəaliyyətinə dair yeni məlumatlar əldə etməyə müvəffəq olacağıq.

Tədqiqi olunan dövrə aid tarixi qaynaqlarda Azərbaycan Məclisi-Məbusanına Şəki şəhərindən seçilmiş Abdulla bəy Əfəndizadənin həyatı, onun görkəmli maarifçi və ictimai-siyasi xadim kimi fəaliyyətinə dair olduqca zəngin məlumatlar yer almaqdadır. Abdulla bəy Əfəndizadə 1873-cü ilin mart ayının 3-də Şəki şəhərində anadan olmuşdur. Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil aldıqdan sonra təhsilini Gəncə Mixaylov Sənət məktəbində davam etdirmiş, burada bağçılıq və ipəkçilik peşəsinə yiyələnmişdir. İlk əmək fəaliyyətinə Şəkidə müəllim kimi başlamışdır. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər İnstitutuna daxil olmuş və 1899-cu ildə bu təhsil müəsissəsində təhsilini tamamladıqdan sonra elə həmin ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə təsis edilmiş və Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi

məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. O, 1906-cı ildə Şəkidə əhaliyə savadvermə kurslarının açılmasının əsas təşəbbüskarlarından biri olmuşdur. Dövrünün görkəmli pedaqoqlarından və ictimai fəallarından olan Abdulla bəy Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I (1906) və II (1907) qurultaylarında iştirak etmişdir. Həmin qurultayın qərarına əsasən, ana dilində tədrisin təşkilinə dəstək vermək məqsədilə Krıma getmişdir. Krımdan döndükdən sonra Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birgə tərtib etdikləri yeni əlifba layihəsini müzakirəyə çıxarmış, onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında 1908-ci ildə “İkinci il” dərsliyini yazıb nəşr etdirmişdir.

O, pedaqoji fəaliyyətlə yanaşı ədəbi yaradıcılıqla da məşğul olmuş, “Rüstəmin yuxusu” (1906), “Şagirdlərə hədiyyə” (1914) kitablarını nəşr etdirmişdir. Onun 1906-cı ildə əvvəl “Dəbistan” jurnalında, daha sonra isə ayrıca kitabça şəklində nəşr edilmiş “Rüstəmin yuxusu,” adlı əsərinə XX əsrin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi hərəkatın görkəmli nümayəndəsi, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M.Ə.Rəsulzadə resenziya (elmi və ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy) yazmışdır [10 s.75-76] ki, bu da Abdulla bəy Əfəndizadənin ədəbi yaradıcılığına verilmiş böyük dəyərin təzahürü kimi qiymətləndirilə bilər: “Bu mənzumə biz müsəlmanların məişətimizdə ən nazik və ən ağrılı dərdimiz olan dəstəbazlıq və qoçubazlığın bina və əslini və millətimiz arasında cəhl və nadanlıq ucundan cüzi bir şeyin üstə (ki, özgələri o barədə biri-birilərinə söyüş belə deməzlər) özlərini həlakət və fəlakətə sövüq edib böylə bir hərəkəti-dənaətkaranənin adını namus və qeyrət qoyanların biləsəf iştimallarını (əhatə etmək) gözəl bir tərzdə tənqid ediyor. Bu əsər qayət asan bir dil ilə yazılıb “mütəzad” surəti şeriyyəsi ilə tənzim edilmişdir”. Sözügedən resenziyadan “Rüstəmin yuxusu” adlı əsərin çap edildiyi kitabda müəllifin başqa bir neçə məqaləsinin də nəşr olunduğu aydın olur və Məhəmməd Əmin bəy Abdulla bəy Əfəndizadənin yaradıcılığına yüksək dəyər verərək “bunların mütaliəsi müsənnif cənablarının gözəl bir hekayənəvis ola biləcəyini aşkara göstəriyor” tərzində münasibət bildirir [10 s.75-76]. 1919-cu ildə Şəkinin “Mədəniyyət” mətbəəsində onun siyasi lirika janrında qələmə aldığı “Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!” adlı kitabçası nəşr edilmişdir. Həmin kitabçada müəllifin qələmə aldığı “Növhə”, “Ümid”, “Acı həqiqətlər qarşısında böyük ümidvarlılıq” və “Qafqaza dəvət” şerlərləri yer alır [9 s.126] .

Abdulla bəy Əfəndizadə eyni zamanda tərcümə işi ilə də məşğul olmuş, rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini türkçəmizə tərcümə etmişdir. Geniş fəaliyyət, hərtərəfli yaradıcılıq dairəsinə və qabiliyyətinə malik olan Abdulla bəy Şəki folklorunun toplanılması, araşdırılması və təbliği istiqamətində də mühüm işlər görmüşdür. O, topladığı folklor nümunələrini 1894-cü ildə “Сборник материалов для описания местностей и племен Кавказа (СМОПК)” məcmuəsində çap etdirmişdir. Qeyd edilənlərdən göründüyü kimi, Abdulla bəy Əfəndizadə zəngin tərcümeyi-hala malik olmaqla, demək olar ki, bütün sahələrdə öz bilik və bacarıqlarını xalqının maariflənməsi, onun rifah halının yüksəldilməsinə xidmətə həsr etməyə səy göstərmişdir.

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının iclas protokolları və stenoqrafik hesabatları ilə tanışlıq zamanı Abdulla bəy Əfəndizadənin parlamentin fəal üzvlərindən biri kimi onun müxtəlif komissiyalarının işində iştirak etməsinin, əksər plenar iclaslarda beynəlxalq siyasi məsələlərdən tutmuş dövlət quruculuğu, təhsil, səhiyyə, büdcə və s. problemlərə dair məruzə və çıxışlar etməsinin, çoxsaylı təkliflər irəli sürməsinin şahidi oluruq. Abdulla bəy, eyni zamanda Məclisi-Məbusanın bir neçə - “Məclisi-Müəssisan”, “Ləvazim”, “Maliyyə-Büdcə” komissiyalarının üzvü idi [2 s.543]. Məclisi-Məbusanın stenoqrafik məlumatları ilə tanış olarkən onun “Maliyyə-Büdcə” komissiyasının işində daha fəal iştirak etdiyini, komissiyanın icraatında olan və müzakirə üçün məclisə təqdim olunan layihələrin əksəriyyətinin məruzəçisi olduğunu görürük [2 s.572, 580, 582, 644, 662, 735] .

Fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında 11 fraksiya fəaliiyət göstərmişdir ki, həmin fraksiyalardan biri də Abdulla bəy Əfəndizadənin tərkibində 1918-ci ilin dekabr ayının 7-dən 1919-cu ilin noyabr ayının 1-dək olan müddət ərzində fəal fəaliyyət göstərdiyi “Əhrar” fraksiyası idi. Məclisi-Məbusanın 1919-cu ilin noyabr ayının 1-də

təşkil edilmiş 91-ci iclasında Abdulla bəy Əfəndizadənin “Əhrar” fraksiyasıyasını tərk etməsinin bəyan edildiyi ərizəsi məbusların nəzərinə çatdırılır. Həmin ərizəsində Abdulla bəy ərizəni təqdim etdiyi bu gündən etibarən “Əhrar” fraksiyasını tərk etdiyini, hələlik hər hansı bir parlament fraksiyasına qoşulmadığını və siyasi fəaliyyətini sol bitərəf kimi davam etdirəcəyini bildirir. O, 1 noyabr 1919-cu il tarixdən 27 aprel 1920-ci ilədək davam edən zaman ərzində parlamentdə müstəqil solçu kimi fəaliyyət göstərir. Burada diqqət çəkən məqamlardan biri də Abdulla bəyin “Əhrar” fraksiyasını tərk etdiyinə dair ərizəsini məclis üzvlərinin nəzərinə çatdıran parlamentin 1 noyabr 1919-cu il tarixli 91-ci iclasına sədrlik etmiş Həsən bəy Ağayevin onu (Abdulla bəy Əfəndizadəni) "Əhrar" fraksiyasının “sabiq sədri” kimi təqdim etməsidir [2 s. 284]. Bununla belə, o dövrə aid bir sıra tarixi qaynaqlarda "Əhrar" fraksiyasının sədri kimi Aslan bəy Qardaşovun adı çəkilir [1 s. 62-63]. Belə ki, Məclisi-Məbusanın 1918-ci ilin dekabr ayının 30-da təşkil edilmiş altıncı iclasına “Əhrar” fraksiyası tərəfindən göndərilmiş təklifi fraksiyanın sədri sifətilə Aslan bəy Qardaşov imzalamışdır [1 s. 62-63]. Qeyd edilən hər iki məqam bizə güman etməyə əsas verir ki, fraksiyaya ilk əvvəl Aslan bəy Qardaşov, sonra isə müəyyən müddət ərzində Abdulla bəy Əfəndizadə rəhbərlik etmişlər və ola bilər ki, faraksiyaya rəhbərlik rotasiya qaydasında həyata keçirilmişdir. Məclisi-Məbusanın 22 yanvar 1920-ci ildə keçirilmiş 120-ci iclasında “Əhrar” fraksiyası tərəfindən məclisə daxil olmuş müraciət müzakirəyə çıxarılır. Həmin ərizədə Abdulla bəy Əfəndizadənin fraksiya sıralarından istefa verməsi ilə əlaqədar olaraq onun eyni zamanda üzvü olduğu komissiyaların sıralarından da xaric edilərək, fraksiyanın digər üzvləri – “Məclisi-Müəssisan”və “Maliyyə-Büdcə” komissiyalarında Aslan bəy Qardaşovla, “Ləvazim” komissiyasında isə Hacı Hüseyn Əfəndizdə ilə əvəz edilməsi xahiş edilirdi [2 s.543]. Lakin məclisdə bu məsələ ilə bağlı aparılan müzakirələrin nəticəsi olaraq “Əhrar” fraksiyasının müraciətində qaldırdığı məsələ qəbul edilmir. Bu zaman Abdulla bəyin fraksiyanın tərkibindən istefa etdiyi, məclisdən və onun komissiyalarından istefa vermədiyi, komissiyaların tərkibinin fraksiyalar tərəfindən deyil, məclis tərəfindən təsdiq edilməsi əsas olaraq qeyd edilir [2 s.543].

Aslan bəy Qardaşovun imzası ilə 1918-ci ilin dekabr ayının 25-də Məclisi-Məbusana göndərilmiş və parlamentin 1918-ci ilin dekabr ayının 30-da təşkil edilmiş altıncı iclasında müzakirəyə çıxarılmış təklifə gəlincə isə sözügedən təklifdə məclisdə nümayəndə kvotasının müəyyənləşdirilməsi zamanı Nuxa qəzası üçün ayrılmış 2 nəfərlik yerin qəzanın mövcud demoqrafik-statistik durumu ilə uyğun gəlmədiyi və Nuxa qəzası üçün daha bir yerin ayrılmasının zəruriliyi qeyd edilir. Həmin təklifin əsaslandırıcı hissəsində 1917-ci il üçün tərtib edilmiş Qafqaz kalendarında əksini tapmış məlumatlara istinad edilərək, Nuxa şəhərində 52.343 nəfər, bütövlükdə qəza ərazisində isə 133.505 nəfər (cəmi 185.748 nəfər) əhalinin yaşadığı qeyd olunur. Əhalinin 145.209 nəfərinin müsəlman olduğu göstərilir. Eyni zamanda, sonuncu ərzaq siyahısına əsasən, qəza üzrə bütün əhalinin 200 min nəfərə yaxın olduğu qeyd edilir. Müraciətdə əvvəlki seçkilərdə də bu məqamların nəzərə alınmadığı, Məclisi-Məbusana Nuxa qəzasının müsəlman əhalisindən üç nümayəndə əvəzinə iki nümayəndənin dəvət edildiyi bildirilir və təklif olunur ki, qəzadan “təcili surətdə” daha bir vəkil dəvət edilsin [1 s.62-63]. Məclisi-Məbusana təqdim edilmiş bu təklif müzakirə edilmək üçün Rəyasət heyətinin təklifi ilə “etibarnamə komissiyası”na göndərilir. Bu təklif Məclisi-Məbusanın 1919-cu ilin yanvar ayının 28-də keçirilmiş iclasında yenidən müzakirəyə çıxarılır. Müzakirələr zamanı çıxış edən Abdulla bəy Əfəndizadə yer haqqındakı maddənin (Məclisi-Məbusanda müxtəlif qəzalar üçün müəyyənləşdirilmiş say kvotasına dair) əhəmiyyətindən bəhs edərək bu maddənin Şəki şəhəri və qəzası üzrə düzgün tətbiq edilmədiyini əsaslandırmış, ölkənin şəhərlərində yaşayan müsəlman əhalinin sayına görə Bakı şəhərinin birinci, Nuxa şəhərinin ikinci, Gəncə şəhərinin isə üçüncü yeri tutduğunu qeyd etmişdir. Fikrini davam etdirən Abdulla bəy, Bakı şəhərinin həm də Cümhuriyyətin paytaxtı statusuna malik olduğuna görə istisna hal hesab ediləcəyi təqdirdə ölkə ərazisində ən çox müsəlman əhalinin yaşadığı şəhərin Nuxa olduğunu vurğulayır və cümhuriyyət ərazisinə daxil olan şəhərlərdə yaşayan müsəlman əhalisinin sayı barədəki aşağıdakı statistik rəqəmləri məbusların diqqətinə çatdırır:

“Bu şəhərdə ( yəni Nuxa şəhərində -V.B.)- 52 min 243 candan 43 635-i islamdır.

Gəncədə - 38 331 ;

Şamaxıda - 21 172;

Şuşada – 19 136 ;

Lənkəranda - 15 329 ;

Qubada - 11 465”.

Daha sonra o, yerdə qalan şəhərlərin əhalisinin 5-6 min nəfərdən ibarət olduğunu qeyd edir. Bu kimi az əhalisi olan şəhərlər üçün yalnız şəhər olduqlarına görə məclisə bir nümayəndənin göndərilməsinin nəzərdə tutulmasını böyük bir ədalətsizlik olduğunu vurğulayır. Məsələyə belə yanaşılma nəticəsində 5 min nəfər əhalisi olan şəhərlərlə, əhalisi 50 min nəfərdən çox olan şəhərlərin parlamentdə eyni sayda nümayəndə ilə təmsil olunmasına gətirib çıxardığını bildirərək bunu doğru hesab etmədiyini qeyd edir. O, digər ölkələrin heç birində 5 min nəfər əhalisi olan şəhərlərin qanunverici orqana nümayəndə göndərmək təcrübəsinin olmadığını məbusların diqqətinə çatdırır. Əgər məsələyə bu nöqteyi-nəzərdən yanaşılarsa, onda Şəkinin təkbaşına parlamentdə 10-12 nəfər müsəlman nümayəndə ilə təmsil olunmalı olduğunu ifadə edir. Çıxışinı davam etdirən Abdulla bəy Şəki şəhərinin müsəlman əhalisini Məclisi-Məbusana 2 nəfər nümayəndə göndərmiş digər qəzalarla müqayisə edərək Şəkinin müsəlman əhalisinin bu şəhərlərin ən böyüyündən 30 min nəfər, ən kiçiyindən isə 80 min nəfər çox olduğunun konkret statistik rəqəmlər əsasında təhlili- müqayisəsini verir. Şəkinin “xətm olunmuş haqqı özünə qaytarılmaqla, ədaləti bərpa etmək təklifini veririz. Əks surətdə dəfəat ilə rəva görülmüş ədalətsizliyi bir dəxi parlament təsdiq etmiş olacaqdır” şəklində fikrini əsaslandırır. O, əlavə olaraq, firqə seçkisi prinsipinə əsasən, Şəkidə mövcud olan 12 min nəfərdən ibarət fəhlə sinfinin də məclisə bir nümayəndə göndərməsinin məqsədəuyğun olacağını vurğulayır. Mandat komissiyasının bu zaman parlament üzvlərinin sayının 120-dən artıq olmalıdır iddiasını bir daha edəcəyi təqdirdə, ona cavab olaraq, seçki məcəlləsinin tək bir məhəl üçün tətbiq olunmamasını böyük ədalətsizlik hesab etdiyini, 120 ədədini 121 ilə əvəz etməyin mümkün olduğunu və bunun ədalətsizliyə yol açmayacağını ifadə edir [1 s.62-63].

Bu dövrdə Məclisi-Məbusanın təşkili və onun işində iştirak etməli olan şəxslərin kateqoriyasının seçilməsində bir sıra mübahisəli məqamlar var idi. Həmin məqamlardan biri də dövlət qulluqçusu kateqoriyasına aid edilmiş müəllimlərin parlamentə buraxılması məsələsinə münasibətlə əlaqədar idi. Bu məsələyə münasibəti özündə əks etdirən və "Müsavat" fraksiyası tərəfindən hazırlanaraq parlamentin müzakirəsinə təqdim edilən “Məbusluq və məmurluq haqqında”kı qanun layihəsinə əsasən, Məclisi-Məbusan üzvlərinin heç birinin hökumət qulluğunda olmalarına yol verilmirdi. Bu qanunvericilik təşəbbüsünün müzakirəyə çıxarıldığı Məclisi-Məbusanın 1919-cu ilin yanvar ayının 18-də keçirilmiş səkkizinci iclasında məsələyə münasibət bildirən Abdulla bəy Əfəndizadə, belə bir qanunun tətbiq edilməsi nəticəsində “30 il xalq içində qulluq edib və etibar qazanmış müəllimlərin” məbus kimi parlamentdə fəaliyyət göstərə bilməyəcəklərindən narahatlığını ifadə edir, qanunu hazırlayan komissiyaların bəzi istisnalar etməli olduğunu düşündüyünü ifadə edirdi [1 s.77].

Həmin dövrdə ölkədə və bütövlükdə bölgə ətrafında cərəyan edən geosiyasi proseslərlə bağlı Abdulla bəy Əfəndizadənin mövqeyi və siyasi münasibəti kifayət qədər peşakar hesab edilə bilər. Bu mənada onun Cənubi Qafqazda baş verən siyasi proseslərlə bağlı Məclisi-Məbusanın 20 dekabr 1918-ci il tarixdə keçirilmiş dördüncü iclasındakı çıxışı dövrümüzdə də davam edən Azərbaycan-Ermənistan arasındakı müharibə və həmin problemin dinc-danışıqlar yolu ilə həllinə ermənilərin mane olmaq səylərinin davam etdiyi bir zamanda aktual olmaqla, günümüzün reallıqları ilə səsləşir. Həmin çıxışında Abdulla bəy I Dünya savaşının Azərbaycan üçün də olduqca acınacaqlı nəticələr verdiyini və vətənimizin uzun zaman ərzində müharibə ağırlığında inildədiyini qeyd edir. Müharibənin sonunda əldə edilmiş barış şərtlərinin bizim milli maraqlarımıza uyğun olmayıb, işğal edilmiş torpaqlarımızın azad edilməsi ilə nəticələnməməsinə baxmayaraq, millətimizin heç bir ədavət hərəkətləri nümayiş etdirmədiyini, qonşularımızla (ermənilər nəzərdə tutulur) aramızda olan ixtilafları dinc, danışıqlar yolu ilə həll etməyə ümid etdiyini, ermənilərin isə qeyd olunanların tam əksinə olan davranış nümayiş etdirərək danışıqlardan hər vəchlə boyun qaçırmaq yolunu tutduqlarını qeyd edir. Gürcüstanın təşəbbüsü ilə çağırılmış Tiflis konfransının baş tutmamasının da başlıca səbəbkarının erməni höküməti olduğunu bildirir. Fikrini davam etdirən Abdulla bəy, Ararat Respublikasının ümumsülh konfransına rəsmi dəvət almasına rəğmən nümayəndə göndərməməsi səbəbindən konfransın baş tutmamasını erməni hökümətinin razılaşma axtarmaq, mübahisəli

məsələləri sülh yolu ilə həll etmək istəyindən uzaq olmasının təcəssümu olduğunu ifadə edir. Abdulla bəy hazırda cərəyan edən hadisələrin ermənilərin təqdim etməyə çalışdıqları kimi bir quldur işi olmayıb, əslində əsgəri plan üzrə icra edilən müəyyən məqsədlərin reallaşdırılmasına xidmət edən bir savaş olduğunu vurğulayır. O, baş verən hadisələrə rəsmi etiraz bildirilməyin vacibliyini, hökümətin isə öz növbəsində lazımi tədbirləri görməklə yanaşı, mümkün qədər məsələnin sülh yollu ilə həllinə səy göstərilməli olduğunu qeyd edir. Məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkün olmadığı təqdirdə isə digər vasitələrə müraciət etməyin vacibliyini vurğulayır, hazırda “bizim qüvvəmiz yoxdur” deyən kəslərlə razılaşmadığını, millətin böyük qüvvə olduğunu bildirir. Fikrini davam etdirən Abdulla bəy, nitqini bu cümlələrlə tamamlayır: “Millət görsə ki, vətən və istiqlalın müdafiəsinə durmaq lazımdır, dərhal çeteçilərin müqabilinə cümhuriyyətimizi müdafiə və mühafizə etməyə hazırdır. Hökumətimiz millətin belə hazırlığına istinad edərək məsələni sülh ilə həll etmək mümkün olmasa, qüvvə müqabilinə qüvvə çıxara bilər [1 s.34] .”

Məclisi-Məbusanın 1918-ci ilin dekabr ayının 26-da keçirilmiş beşinci iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yeni təşkil ediləcək hökümətinə “Əhrar” fraksiyasının münasibəti barədə çıxış edən Abdulla bəy, millətin, vətənin mənafeyinə xidmət etməyin quru sözlərdən və boş vədlərdən ibarət olmadığını qeyd edərək, yeni hökumətin ciddi fəaliyyət göstərməyə və fədakarlıq etməyə doğrudan-doğruya hazır olduğunu nümayiş etdirəcəyi təqdirdə, arxasında “Əhrar” fraksiyasını görəcəyini və onun dəstəyini qazanacağını bildirir, zamanın əhəmiyyətini, siyasətin həssaslığını nəzərə alaraq təmsil etdiyi fraksiyanın yeni hökumətə etimad göstərdiyini bəyan edir [1s.57-59]. Daha sonra yenidən təşkil ediləcək hökümət kabinetinə “Əhrar” fraksiyasının münasibəti barədə geniş və əhatəli çıxış edən Abdulla bəy, dünya savaşının bəşəriyyət tarixində misli görünməyən, ölçü və çəkiyə gəlməyən can, mal və pul itkisinə səbəb olmaqla yanaşı, istibdadın və qaniçən millitarizmin əsaslarını dağıtdığını, üsul-idarələrin mahiyyətini dəyişdiyini, yüz illər boyu demokratiyanın bərqərar olmasından qorxan və həmişə onun əleyhinə çıxan sosial sinifləri bu gün istər-istəməz demokratiya tərəfdarı etdiyini, "hər millət öz müqəddəratını təmin etməyə haqlıdır" kimi müqəddəs və ali fikirləri doğurub meydana gətirdiyini qeyd edir. Bu gündən etibarən millətlərin təkamülünün onların diriliyindən və fədakarlıqlarından asılı olduğunu vurğulayır və təmsil etdiyi fraksiyaya “"Haqq alınar, verilməz!" Hüquqi-bəşəriyyəyi ancaq ləyaqəti olan, onun yolunda qurbanlar verən və hava su kimi onun qədr və qiymətini bilən millətlər malik olacaqlar” gerçəyinin məlum olduğunu, azadlıq yolunda heç bir fədakarlıq göstərməyən millətlərin yenidən müstəmləkə əsarətində yaşamağa məcbur qalacaqlarını və keçmişdən daha dəhşətli bir əsarətə məhkum olacaqlarını ifadə edir. Çıxışını davam etdirən Abdulla bəy, bəşər tarixində parlaq ad qazanmış türk millətinin bir hissəsini təşkil edən Azərbaycan türklərinin baş verən son hadisələr nəticəsində öz diriliyini və bu diriliyi sayəsində hər hüquqa malik ola biləcəyini isbat etdiyini, bu millətin (Azərbaycan türklərinin) hər cəhətdən müstəqil yaşamağa layiq millətlərdən olmasını və mədəni millətlər sırasında məqam tutmağa haqlarının olduğunu dilə gətirir. Abdulla bəy hökumətin istiqlalın elanından keçən altı-yeddi aylıq dövr ərzindəki fəaliyyətinə qiymət verərək, “Təəssüflər olsun ki, millətimizdə gördüyümüz diriliyi, fədakarlığı bu ana kimi hökumətimizdə görmədik. Fəqət, nə etməli keçən keçibdir. Hal-hazırımızın siyasəti böyük əhəmiyyət kəsb etməklə bərabər öylə nazik, öylə incə məqamlara varıb ki, həm parlament və həm hökumət tərəfindən böyük çalışqanlıq və həkimanə bir taktika istər” şəklində münasibət bildirir. Məclisi-Məbusan qarşısında duran başlıca vəzifənin ədalətli seçki qanunu hazırlayaraq, həmin qanun əsasında Müəsisslər Məclisini çağırmaq olduğunu bildirən Abdulla bəy, ancaq bu yolla toplanılmış məclisin vətənin ağır vəzifələrini daşımaqda haqqı olduğunu ifadə edir. Yeni təşkil ediləcək hökümətin qarşısında duran vəzifələr barədə danışan Abdulla bəy, onun parlament qarşısında hesabatlı olmalı olduğunu və parlamentin göstərdiyi yollar ilə getməli olsa da, müstəqil, möhkəm, müttəhid, mötəbər və mükəmməl icra hakimiyyəti orqanı funksiyasını icra etməli olduğunu qeyd edir. Daha sonra o, fikrini obrazlı ifadə edərək cümhuriyyəti bir bədən kimi təsəvvür etdikdə həmin vücudun başının Məclisi-Məbusan, digər mühüm üzvünün isə hökumət olduğunu söyləyir. Gözün görmək, qulağın eşitmək, əlin işləmək, dilin danışmaq üçün olduğunu, bu üzvlərdən hər birinin öz funksiyaları ilə yanaşı, əsas məqsədlərinin bir ruha, bir

bədənə xidmət etmək olmasını qeyd edir. Bədən üzvlərindən birinin öz funksiyasını yerinə yetirə bilməməsinin bədənin məhvinə səbəb olduğu kimi, hökumət üzvlərinin də vəzifələrini icra edə bilməmələrinin vətəni və milləti böyük fəlakətlərə düçar edə biləcəyini bildirir. Nazirlərdən hər birinin onlara həvalə edilmiş sahənin mütəxəssisi olmasının və fəaliyyətlərini ölkənin mövcud durumuna müvafiq şəkildə qurmalarının vacibliyini dilə gətirərək “Daxili işlərlə məşğul olmayan nazirin daxili naziri namini daşımağa həqqi yoxdur. Maarif işləri ilə məşğul olmayan nazir maarif naziri namini daşıyamaz və həkəza bunlar sabiq hökumət tərəfindən bizə verilən bəyənatın ziddinə olaraq hərəkət etməlidir. Yəni siyasət incəliyinə hər nazir ixtisas dairəsində fəaliyyətini çoxaltmalıdır. Rabiən ayrı-ayrı nazirlərin yürütdüyü siyasət ümumi vətən siyasətinə zidd olmamaq şərti ilə onların bütün heyəti yəni heyəti-vükəla ümumi işlərdə bir vücud kimi hərəkət etməlidirlər. Belə olmaz isə övzayi-vətən şimdiki halından dəxi fəna hallara düşəcəkdir” söyləyir. Daha sonra çıxışını davam etdirərən Abdulla bəy ölkədəki mövcud sosial problemlər haqqında ətraflı tənqidi fikirlərini məclis üzvlərinin nəzərinə çatdırır. Yaranmış bu vəziyyətdən çıxmaq, siyasi, sosial-iqtisadi problemlərin həlli yollarını tapmaq və onları həll etmək üçün təmsil etdiyi fraksiyanın mükəmməl bir hökumətin formalaşmasına yardım edəcəyini bildirir, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların bərabərhüquqluluq və bütün azadlıqların təmin edilməli olması prinsipinə riayət edilməsinin vacibliyini vurğulayır. Bu çıxışında Abdulla bəy, ölkədəki ağır iqtisadi vəziyyətə toxunaraq əkinçi və fəhlələrin vəziyyətlərinin əsaslı şəkildə yüngülləşdirilməli olduğunu dilə gətirir, aqrar məsələnin həlli yollarına təmsil etdiyi fraksiyanın baxışını ortaya qoyaraq, əvvəllər iri mülkədarlara və dövlət adamlarına məxsus olmuş torpaq sahələrini xəzinəyə təslim edərək, əkinçi ailələrinin say tərkibi nəzərə alınmaqla onlar arasında paylaşılmasının, xəzinəyə cəlb edilmiş xüsusi torpaqların əvəzinin ödənilməsi məsələsinin Müəsisslər Məclisinə həvalə edilməsinin vacibliyini qeyd edir. Kəndlilərə paylanılmış torpaqların sonrakı dövr ərzində yenidən varlı şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə pay torpaqlarının alqı-satqı yolu ilə özgəninkiləşdirilməsinin qadağan edilməsini təklif edir. Sənaye sahəsində çalışan fəhlələr üçün günlük 8 saatlıq iş rejiminin tətbiq olunmasının, onların rifah halının yaxşılaşdırılması istiqamətində qanunvericilik səviyyəsində ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, kasıb təbəqələrin vergi yükünün azaldılması məqsədilə onlardan alınan bütün vergiləri ləğv edərək, yalnız gəlir vergisinin tutulmasını təklif edir. Təhsil siyasətinə münasibətdə təmsil etdiyi fraksiyanın mövqeyini məclis üzvlərinin nəzərinə çatdıran Abdulla bəy, Cümhuriyyətin maarifə olan ehtiyacının digər bütün ehtiyacların fövqündə dayandığını, bütün fəlakətin əsas səbəbinin maarifin yoxluğundan qaynaqlandığını vurğulayaraq, hər kəsin məcburi qaydada pulsuz ibtidai və ümumi təhsil almaq hüququnun reallaşdıra bilməsinə şərait yaradılmasının, məktəblərin mümkün qədər tez milliləşdirilməsinin, ölkədə ümumi məktəblərdən başqa, müəllimlər institutlarının, hərbi, sənaye, ticarət, əkinçilik sahələri üzrə ixtisaslı kadrlar hazırlayan məktəblərin açılmasının, müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində təsirli tədbirlərin görülməsinin zəruriliyini ifadə edir. Abdulla bəy təhsil sahəsi üzrə görülməli olan işlər sırasında cari ildən (yəni 1919-cu ildən) etibarən universitetin təsis edilməli olduğunu, bundan əlavə sadə camaatın anlaya biləcəyi üslubda qələmə alınmış siyasi, elmi qəzet və jurnalların, təlim-tərbiyəyə dair əsərlərin çoxtirajlı nəşrinin və yayılmasının təşkilinin vacibliyini qeyd edir. Çıxışında dövlət idarəçiliyinin səmərəli təşkili məsələlərinə toxunan Abdulla bəy, hökumət idarələrinin ixtisaslı kadrlara olan ehtiyaclarını qarşılamaq məqsədilə xüsusi kurslar açılmasını və həmin idarələrin (hökumət idarələrinin) qısa zaman ərzində milliləşdirilməsini, bütün rəsmi yazışmaların türk dilində aparılmasının təmin edilməsini təklif edir. Məhkəmə-ədiliyyə sistemi sahəsində həyata keçirilməli olan islahatlardan bəhs edərək məhkəmələrin demokratik üsul üzrə təsis edilməli olduğunu, fərdlərin dini inanc və milli mənsubiyyətlərinə fərq qoyulmadan yalnız cümhuriyyət qanunları əsasında mühakimə edilmələrinin, təcili surətdə yerlərə təftiş komissiyaları göndərərək, “rüşvətxor və xain xidmətçilər”in vəzifələrindən uzaqlaşdırılaraq ədalət divanına təslim edilməsinin zəruriliyini vurğulayır. Ölkədə müşahidə edilən ərzaq qıtlığını aradan qaldırmaqdan ötrü bu sahənin “möhtəkirlər və müstəbidlər əlindən xilas edilməli olduğunu söyləyən Abdulla bəy taxıl, çit, yağ, qənd, çay, sabun və başqa ləvazimatların təmini qayğısına indidən qalınmalı olduğunu bildirir. Yol infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində əsaslı işlərin görülməli olduğunu

dilə gətirən Abdulla bəy köhnə şose yollarının təmir edilməli olduğunu, eləcə də hər yerdə yeni yolların salınmasının, bir zamanlar mövcud olmuş Orta Qafqaz dəmir yolu layihəsinin reallaşdırılmasının vacibliyini vurğulayır. Abdulla bəy ölkədə səhiyyə xidmətinin təşkili vəziyyətinə toxunaraq yerlərdə pulsuz müalicəxanaların açılmalı olduğunu və həmin səhiyyə müəsissələrinin ucuz qiymətə əldə edilmiş dava-dərmanla təmin edilməsi məsələlərinə diqqətin ayrılmalı olduğunu bildirir. Çıxışında milli təhlükəsizliyin qarantı olan ordu quruculuğu prosesinin təşkili məsələsinə fraksiyasının münasibətini bildirən Abdulla bəy, milli istiqlalın əsas sütununun sağlam və güclü bir orduya malik olmaq olduğunu dilə gətirərək deyir: “...bizləri Azərbaycana sahib edəcək, qüvvə, bizə ordumuz olacaqdır. Ordu sağlam və mohkəm bir qüvvə təşkil edirsə hökumət də ona istinadən iş görə bilir, millət də onun sayəsində tərəqqiyə üz qoyub millətlər sırasına keçir”. Orduda sinfi ayrı-seçkiliyin yolverilməzliyini, əsgərlərin yeyəcəyinə, yatacağına, geyiminə, həkim və dərmanla təchizi məsələlərinə böyük diqqət göstərilməsinin təmin edilməsinin vacibliyini dilə gətirərək, mükəmməl bir əsgəri qanun əsasında yeni hərbi təşkilatın yaradılmasının zəruriliyini qeyd edir [1s.57-59].

Artıq yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Cümhuriyyəti hökuməti və Məclisi-Məbusanı qarşısına qoyulan başlıca vəzifələrdən biri də qısa müddət ərzində Müəssislər Məclisinə seçkilərin təşkili idi. Müəssislər Məclisinə seçkilərin keçirilməsi üçün demokratik seçkilərin keçirilməsinə imkan verən, özündə hüquqi normaları və şəffaf mexanizmləri əks etdirən seçki qanununun qəbulu günün tələbindən doğan zərurət idi və artıq parlamentin fəaliyyətə başladığı ilk aylardan etibarən seçki qanunvericiliyinin işlənərək hazırlanması istiqamətində fəal iş aparılırdı. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının iclas protokolları və stenoqrafik məlumatları ilə tanış olduqda sözügedən qanun layihəsi ətrafında olduqca gərgin müzakirələrin təşkil edildiyinin şahidi oluruq. Bu müzakirələrdə Abdulla bəy Əfəndizadə də fəal şəkildə iştirak edir, seçki qanunu layihəsinin olduqca mühüm maddələrinə dair hüquqi və məntiqi cəhətdən peşəkərcasına əsaslandırılmış təkliflərlə çıxış edirdi [1s.275-281,295]. Abdulla bəy Əfəndizadə “Məclisi-Müəssisan intixabatı” komissiyasının üzvü idi və Məclisi-Məbusanın 1920-ci ilin fevral ayının 12-də keçirilmiş iclasında “Məclisi-Müəssisan intixabatı komissiyonunun smetası” adlı geniş məruzə ilə çıxış etmişdir [2 s. 549-550]. Onun Məclisi-Məbusanın 1919-cu ilin may ayının 29-da keçirilmiş iclasında ikinci oxunuş üçün təqdim edilmiş “Məclisi-Müəssisan seçkiləri haqqında qanun” layihəsinin 2-ci maddəsi ilə əlaqədar olaraq etdiyi çıxışı məclisdə geniş müzakirələrə səbəb olmuşdur. Özündə parlament üzvülüyünə namizədlərin irəli sürülməsi və seçki formasının (majoritar və ya proporsional) müəyyənləşdirilməsi qaydalarını ehtiva edən həmin maddədə əksini tapan məqamlara münasibət bildirən Abdulla bəy, namizəd siyahiları tərtib edilən zaman partiyaların bütün ölkə üzrə vahid siyahı tərtib etməsinin əleyhinə olduğunu, hər partiyanın hər bir seçki ərazisi üzrə həmin məntəqənin ziyalılarının adlarının yer aldığı ayrıca bir siyahı tərtib etməsinin tərəfdarı olduğunu dilə gətirir. Fikrini əsaslandıran Abdulla bəy, məsələyə onun qeyd etdiyi format üzrə yanaşılacağı təqdirdə yerləri real təmsil edəcək şəxslərin məclisə düşmək hüququ qazanacaqlarını, bununla da yerlərdə müşahidə olunan spesifik problemləri daha yaxşı qabartmaq imkanlarının olacağını, bunun da öz növbəsində həmin problemlərin həlli yollarının tapılmasında daha səmərəli olacağını qeyd edir. Bu maddənin təklif olunan redaktədə və formada təsdiq ediləcəyi təqdirdə isə gələcək parlamentdə yalnız partiyaların yuxarı orqanlarında təmsil olunan və yerlərdəki durumdan az xəbərdar olan, əsasən Bakı şəhərində yaşayan şəxslərin təmsil olunacağını, yerlərin demək olar ki, real təmsilçilikdən kənarda qalacağını ifadə edərək, cümhuriyyətin siyasi-iqtisadi, mədəni tərəqqisi naminə yerlərə (əyalətlərə) daha çox diqqətin ayrılmalı olduğunu vurğulayır [1s. 275-281, 295].

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının fəal üzvlərindən biri olan Abdulla bəy, çıxışlarında ölkədə mövcud olan sosial-iqtisadi problemləri daim qabardaraq, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində əsaslandırılmış təkliflər irəli sürmüşdür [1s. 82, 223, 228-229, 238-239, 243-244, 247]. Bu baxımdan onun səhiyyə və təhsilin inkişafı, xüsusən də əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin artırılması və təhsil işçilərinin əmək haqlarının artırılaraq, mövcud bazar şərtlərinə uyğunlaşdırılması istiqamətindəki təklifləri aktuallığı ilə seçilir [1 s. 82, 228-229, 238-239, 243-244, 247]. O, çıxışlarında sosial problemlərin həlli zamanı ölkənin

Bakı və Gəncə şəhərləri ilə yanaşı, əyalətlərə, xüsusən də olduqca acınacaqlı sosial-məişət şəraitinin mövcud olduğu kəndlərə diqqətin ayrılmasının vacibliyini qeyd edərək, “...vətənin canı kəndistandır” və “...Millətin parası millətin özünə məsrəf olunmalı”dır söyləyirdi [1s.82]. Ölkədə sosial ədalətin bərqərar olmasının vacibliyini daim çıxışlarında dilə gətirən Abdulla bəy, “...Biz böylə fikir edirik ki, millət tacirindən, varlısından ibarət deyil. O füqərayi-kasibədən ibarətdir ki, o milyonları təşkil edir” şəklində fikrini ifadə edir, həm aşağı təbəqədən olan şəxslərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, həm də xalqın arasına getməklə onlar arasında əldə edilmiş istiqlalın tarixi əhəmiyyətinin anladılmasına xidmətə yönədilmiş maarifləndirilmə işinin təşkilinə ciddi ehtiyacın olduğunu [1 s.228-229] qeyd edirdi.

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının iclas protokolları və stenoqramları ilə tanış olan zaman onun bir maarifpərvər və təhsilə daha doğma olan şəxs kimi daim ölkə təhsilinin inkişafı, insanlar arasında savadsızlığın aradan qaldırılması, daha çox insanın təhsilə əlçatanlığını təmin etməyə xidmət edən əyalət mərkəzləri və kəndlərdə yeni məktəblərin açılması və mövcud məktəblərdə təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, həmçinin müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində daim təkliflərlə çıxış etdiyini görürük. Bu mənada Abdulla bəyin Məclisi-Məbusanın 1919-cu ilin avqust ayının 21-də təşkil edilmiş iclasından başlayaraq müzakirəyə çıxarılmış “Azərbaycan darülfünunun təşkili haqqında”kı (Azərbaycan Universitetinin-indiki Bakı Dövlət Universitetinin) müzakirələrdə [2s.4-22] ortaya qoyduğu mövqe maraqlı olmaqla, onun vətənsevərliyinin dəyərləndirilməsi baxımından önəmlidir. Belə ki, bildiyimiz kimi, ali təhsil müəssisəsində çalışmaq üçün yüksəkixtisaslı kadrların, xüsusən də türkdilli kadrların, demək olar ki, olmaması, eyni zamanda təsis ediləcək universitetin dövlət büdcəsi üçün əlavə yük ola biləcəyini düşünən ayrı-ayrı partiya, firqə mənsubları universitetin açılmasının əleyhinə çıxış edir, ən yaxşı halda bu prosesi bir qədər ertələməyi təklif edirdilər. Ölkədə fəaliyyət göstərən və universitetin təsisi ilə bağlı bu mövqedən çıxış edən siyasi qüvvələrdən biri də “Əhrar” partiyası idi. Artıq qeyd etdiyimiz kimi, bu partiyanın parlamentdə fəaliyyət göstərən eyni adlı fraksiyasını təmsil edən şəxslərdən biri də Abdulla bəy idi. Lakin fraksiya yoldaşlarından fərqli olaraq, Abdulla bəy universitet açılması ideyasını tam dəstəkləyir. O, bu məsələ ilə əlaqədar məclisin 1919-cu il 21 avqust tarixindəki iclasında çıxış edərək “Darülfünunun açılması məsələsinin "Əhrar" firqəsində iki tirəliyə səbəb oldğunu, fraksiya üzvlərinin bir neçəsinin bu ideyanın əleyhinə, bir neçəsinin isə lehinə olduğunu qeyd edərək, özünün bu təklifin lehinə olanlar sırasında olduğunu qeyd edir. O, universitetin hansı dildə fəaliyyət göstərməsindən asılı olmayaraq elm mənbəyi olduğunu, “vətən üçün yaxşı işçilər, siyasi adamlar, elmli adamlar hazırlayacağını və bu elm mənbəyini” indidən təsis edilməsinin lazım və vacib olduğunu söyləyir. Hazırkı imkanlarla universitetdə birbaşa türk dilində tədrisin təşkilinin mümkün olmadığını vurğulamaqla, sonrakı dövrdə tədricən türk dilinə keçməyin mümkünlüyünü ifadə edir. Gələcəkdə orta məktəblərin milliləşdirilmə prosesini başa çatdırmaq və tədrisin tam türk dilində aparılmasını təmin etməkdən ötrü universitetdə türk dilinin tədrisinə xüsusi diqqətin ayrılmalı olduğunu vurğulayan Abdulla bəy deyir: “Ona görə də lazımdır ki, darülfünuna öylə müəllimlər dəvət edək ki, türk dilini yaxşı bilsin. Türk ədəbiyyatına dara olsun. Böylə professoru çox aramalıdır. Hər şöbədə necə ki, qeyd olunubdur, türk dili məcburi olsun. Bir məcburi deməklə olmaz. Gərək bunun proqramı olsun. Bir şəxs ki, darülfünun icmal etdi, edadi də tədris edəndə darülfünundan özülə götürdüyü elmləri lazımdır ki, gözəl, ədəbi türk dilində tədrisə müqtədir olsun, islahatifənniyəyə aşina olsun.” Daha sonra çıxışını davam etdirən Abdulla bəy təsis ediləcək universitetdə ilkin olaraq müəllim hazırlayan şöbənin açılmasının vacibliyini vurğulayaraq, çıxış edənlərin əksəriyyətinin fiziologiya, riyaziyyat, filologiya ixtisalarının açılmasını təklif etsələr də, pedaqoji kadr hazırlayan ixtisasın açılması məsələsinə toxunmamalarından təəssüf duyduğunu qeyd edərək, millət üçün müəllim yetişdirəcəyini nəzərə alaraq bu ixtisasın açılmasının əslində ən vacib olduğunu bildirir [2 s.11-12]. Yeni təsis ediləcək və ölkənin ilk ali təhsil müəsissəsi olacaq universitetdə türk dilində tədrisin təşkilinin vacib və əsas şərt olmasını Abdulla bəy Məclisi-Məbusanın 1919-cu ilin avqust ayının 25-də keçirilmiş altmış səkkizinci iclasındakı çıxışında bir daha qeyd edərək, bunun həm də təmsil etdiyi fraksiyanın proqramı olduğunu ifadə edir:

fənnə o dərəcə dara olsun ki, darülfünunu bitirmiş kişilər edadilərdə tədris etdikləri zaman öz dilində ixtisası olduğu şeylərə asan vəchlə hər kəs keçə bilsin. Mətləb budur. Türk dili məcburi olmaqla o dərəcə oxunsun ki, fənn istilahlarını ixtisas olduğu dərsdən tədris edə bilsin”[2 s.22-23] .

Məclisi-Məbusanın iclas protokolları və stenoqramları ilə tanış olduğumuz zaman Abdulla bəyin məclisdəki çıxışlarında təkcə ümumölkə problemlərinə toxunmaqla kifayətlənmədiyini, paralel olaraq mütamadi şəkildə təmsil etdiyi Şəkidə mövcud olan sosial-iqtisadi problemlərlə bağlı qərar layihələrinin hazırlanaraq qəbul edilməsi təşəbbüsü ilə çıxış etdiyini, bu istiqamətdə bir növ lobbiçilik fəaliyətini qurduğunu görürük. "Əhrar" fraksiyası tərəfindən yollar nazirinə ünvanlanmış və 1919-cu ildə Məclisi-Məbusanın müzakirəsinə çıxarılmış Şəki-Zaqatala ətrafındakı yolların vəziyyətinə dair və 26 aprel 1920-cil tarixdə parlamentin 144-cü iclasında müzakirəyə çıxarılmış Şəki şəhərini sel təhlükəsindən qorumaq məqsədilə Kiş çayının qarşısına daşdan bənd qurulması üçün 40.460.000 manat vəsait buraxılmasını nəzərdə tutan qərarların qəbulu məhz bu fəaliyyətin nəticəsi idi [1 s.132]. Sözügedən sonuncu qanun layihəsi ilk dəfə Məclisi-Məbusanın 1920-ci ilin mart ayının 4-də keçirilən yüz otuzuncu iclasının gündəliyinə daxil edilmişdi [2 s. 587]. Haqqında söhbət açdığımız birinci məsələ ilə bağlı məclisdə ayrı-ayrılıqda çıxış edən Abudulla bəy Əfəndiyev və Kiçikxanov çıxışlarında hər bir dövlət üçün yol infrasturukturunun iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar. İstehsal olunan əmtəələrin həcminə görə “Azərbaycanın ikinci Bakısı hesab edilən” Şəki-Zaqatala bölgəsinin yollarının olduqca pis durumda olmasını qeyd edən natiqlər, yolların bu vəziyyətdə olmasının kəndlilərə böyük ziyan bahasına başa gəldiyini, milyonlarla pud meyvənin yolsuzluqdan xarab olduğunu bildirir, məsələdən çıxış yolu kimi Zaqataladan Gəncəyədək uzanan yolun təmir edilməsinin həmin əmtəələrin bazara çıxarmaq üçün şərait yarada biləcəyini vurğulamaqla, sözügedən yolun təmirinin xəzinəyə yük olmayacağını, bu planı reallaşdırmaq üçün maliyyə mənbəyi kimi Gürcüstana göndərilən meyvələrin müqabilində alınan 200 min manat məbləğindəki vəsaitdən istifadə edilməsinin mümkünlüyünü ifadə edirlər [1 s.132].

Beləliklə, təqdim etdiyimiz bu qısa araşdırmanın nəticəsi olaraq, Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən Abdulla bəy Əfəndizadənin parlamentin ən fəal üzvlərindən biri kimi daim vətəni və xalqının rifahı naminə çalışan, uzunsürən milli mücadilə nəticəsində əldə edilmiş istiqlalı qazanılmış ən böyük tarixi zəfər hesab edən, öz təbiri ilə desək, istiqlal uğrunda ölməyə, lazım gələcəyi təqdirdə bu yolda millətin önündə getməyə həmişə hazır olan [2 s.723] aydınlarımız və milli vətənpərvərləmizin ən parlaq nümayəndələrindən biri olduğunu görürük.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar). I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 1998.

2. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (II kitab Stenoqrafik hesabatlar). Bakı, "Azərbaycan" nəşriyyatı, 1998.

3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild, Bakı, “Lider” nəşriyyatı, 2004.

4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı, "Lider” nəşriyyatı, 2005.

5. “Azərbaycan”qəzetində parlament hesabatları və şərhləri (araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. I cild . Bakı: Qanun, 2016.

6. Azərbaycan”qəzetində parlament hesabatları və şərhləri (araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. II cild . Bakı: Qanun, 2016.

7. Азербайджанская Демократическая Республика (1918 1920 гг.). Законодательные акты (Сборник документов). Баку, издательство «Азербайджан», 1998.

8. Əsədov O, Cəbrayılov R. Azərbaycan Respublikasının Parlamenti. Bakı: Çaşoğlu, 2008.

9. Manafl H. Tariximiz poetik etüdlərdə; təhrifdən gerçəyə doğru. Bakı, Mütərcim, 2015.

10. Rəsulzadə M.Ə. Əsərləri I cild (1903-1909). İkinci nəşri. Bakı,Təhsil,2014.

11. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının və Azərbaycan Milli Şurası İclaslarının Protokolları 1918-ci il. Bakı, "Adiloğlu" nəşriyyatı, 2006.

P.S. Məqalə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 21-23 may 2018-ci il tarixlərində Bakı Dövlət Universitetində təşkil edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti – 100: Müsəlman Şərqində İlk Parlamentli Respublika adlı beynəlxalq elmi konfransda məruzə formasında təqdim edilmişdir.

Baxışov Vüsal Bünyamin oğlu, Azərbaycan Respublikası Milli Məclisinin Aparatında deputat köməkçisi, tarix üzrə fəlsəfə doktoru

"Hər gün restoranlarda arağa, çaxıra xərclənən pullarla yüz tələbəyə təqaüd vermək olar"
Qitədən qitəyə seks barədə MARAQLI FAKTLAR + FOTOLAR
Ərdoğan "şir ürəyi yeyib", ümid Allaha qalıb...
Tarix bizi min yol çəkdi sınağa,“hay”lar gəldi, döndük yurdda qonağa...
Ailəsi ilə dava edən pilot təyyarə ilə evinə hücum etdi - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Dünya
Kürəyində bitki yetişən canlı görənləri heyrətə gətirdi - VİDEO
Gündəm
“Nəinki porno-saytlar, fahişəliyi təbliğ edən telekanallar, sənətçilər, ailələr də “bloklanmalıdır””
Cəmiyyət
Milyonçu Tağıyevin unudulmuş “buz fədakarlığı” – Xeyli insanlar bu cür xilas olunub
Maraqlı
Hər gün yediyimiz meyvələrin sirli tərkibi və möcüzəli müalicəvi faydaları – Mütləq oxuyun
Cəmiyyət
"Hər gün Şəhidlər Xiyabanına gedib onu ziyarət edirəm, elə düşünürəm ki, orda oğlumun evi var"
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
Suya tullanan Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
“Hansısa ərəbin mənim şəhərimdə hoqqa çıxarmağa nə ixtiyarı var?!” - VİDEO
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
Gənc müəllim əlini qadınlara vurmadığına görə işsiz qaldı - Rəzalət - FOTO
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
İsmayıllıda baş verən müəmmalı hadisə ufoloji cəhətdən araşdırılmalıdır - MARAQLI...
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
İlham Əliyevin əsgərlik görüntüləri yayıldı - FOTO
Məleykə Əsədova Milli (!) dəyərlərimizin etibarlı qoruyucusudur...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə