ABŞ cərrahlarını heyran qoyan, “Nobel”ə layiq görülən azərbaycanlı həkim
7690
05 Jun 2018 | 02:00

ABŞ cərrahlarını heyran qoyan, “Nobel”ə layiq görülən azərbaycanlı həkim

Moderator.az dünyanın bir neçə ölkəsində yaxşı tanınan, öz sahəsinin böyük mütəxəssisi hesab edilən həkim- professor Hüseynəli İsmayılov haqqında yazını təqdim edir:

DOSYE: İsmayılov Hüseynəli 1961-ci il may ayının 8-də Borçalı mahalının Qızılkilsə kəndində dünyaya göz açıb. 1986-cı ildə Azərbaycan Tibb İnstitutunun (indiki ADTU) cərrahiyyə fakültəsini bitirib. Əmək fəaliyyətinə Rusiyanın Kurqan şəhərində, əslən Azərbaycanın Qusar rayonundan olan akademik Q.İlizarovun "Bərpa travmatologiyası və ortopediyası” elmi mərkəzində başlayıb. 1992-ci ildə artıq kifayət qədər məşhurlaşan Hüseynəli İsmayılov “Baldır və pəncənin deformasiyasının qaydaya salınması" mövzusunda məruzə etmək üçün ABŞ-a dəvət edilir. Onun məruzəsini diqqətlə dinləyib, çəkilmiş videoyazıları dönə-dönə nəzərdən keçirən amerikalı cərrahlar başlarını yelləyərək pəncə, baldır, barmaq və düz sümüklərdə iltihab prosesinin qarşısının bu qədər asanlıqla alınmasının, sümüklərin uzadılmasının və sümük əyriliklərinin düzəldilməsinin qeyri-mümkün olduğunu, bunların sadəcə kompyuterdə hazırlandığını bildirirlər. Lakin amerikalı cərrahlar Kurqan şəhərinə dəvət edildikdən və orada İlizarov metodu ilə həyata keçirilən cərrahi əməliyyatları öz gözləri ilə gördükdən sonra heyrətlərini gizlədə bilmir, bu istedadlı Azərbaycan oğlunun "möcüzəni gerçəkliyə çevirən bir cərrah" olduğunu yekdilliklə etiraf edirlər.

Çox keçmir ki, Rusiyanın görkəmli cərrahlarından ibarət böyük bir nümayəndə heyəti İngiltərəyə dəvət olunur. Hüseynəli İsmayılovun da daxil olduğu həkimlər qrupunun məqsədi həmin ölkə xəstəxanalarında travmatoloji şöbələrin fəaliyyəti ilə tanış olub, onlarla təcrübə mübadiləsi aparmaq idi.xa0

O vaxt “Medisinskaya qazeta" yazırdı: “...Böyük Britaniyanın tibb mərkəzlərinin travmatoloji şöbələrdə gördükləri lövhəciklər, bolt və şruplar hələ də tətbiqi həkimlərimizi heyrətə gətirdi. Sən demə, o vaxtadək nə İngiltərənin, nə də digər Qərb ölkələri həkimlərinin İlizarov cihazının mövcudluğu barədə məlumat yox idi”.xa0

Hüseynəli İsmayılovun müasir travmatologiya və ortopediya haqqındakı məruzəsi ingilis cərrahları tərəfindən böyük maraqla qarşılandı və doktor İsmayılov tərəfindən təkmilləşdirilmiş bu cihaz onları heyrətdə qoydu. İstedadlı cərrah 2001-ci ildə Böyük Britaniya Səhiyyə Təşkilatının dəvəti ilə bir ay London, Oberqin, Şeffild və Birminqem şəhərlərində, iki ay isə Şotlandiyada qalaraq, bir sıra uğurlu cərrahi əməliyyatlar aparıb.xa0

1993-cü ildə namizədlik, 2000-ci ildə doktorluq dissertasiyalarını müdafiə edən İsmayılov İlizarovun davamçıları arasında digər əcnəbi ölkələrlə müstəqil şəkildə əlaqə yaradan ilk görkəmli travmatoloq-ortopeddir. 2002-ci ildə uzun müddətli müqavilə əsasında işləmək üçün İrana dəvət olunur.xa0

Hüseynəli .İsmayılov travmatologiya və ortopediya sahəsində 50-dən çox yeni texniki model işləyib hazırlayıb. O, ilk fəaliyyət meydanı olan Rusiyanın Kurqan şəhərində 2000-dən, İngiltərədə 30-dan, İranda isə 6000 nəfərdən artıq xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatları aparıb.

Görkəmli alim anadangəlmə və sonradan yaranmış ortopedik və travmatoloji xəstəliklərin müalicəsinə həsr olunmuş yüzlərlə elmi məqalənin, 3 monoqrafiyanın, 16 dərsliyin, praktikada geniş tətbiq olunan 200-dən artıq ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun bütün elmi ixtiraları və səmərələşdirici təklifləri dünyanın əksər ölkələrində travmatoloq-ortopedlər və plastik cərrahlar tərəfindən uğurla tətbiq olunmaqdadır. Alimin əl və ayaq xəstəliklərinin, sınıqlarının müalicəsində və bərpasında uğurla tətbiq olunan son elmi ixtirası Yaponiyada patent alıb. Azərbaycanlı alim-cərrah həmçinin Rusiyanın "Alfred Nobel" və "Vernadski" qızıl medallarına layiq görülüb. Saysız-hesabsız mükafat və təltifləri vardır. Dünyanın bir neçə məşhur akademiya və tibb cəmiyyətlərinin üzvüdür.



Link kopyalandı!
Son xəbərlər